Azərbaycan millisinin sabiq üzvü Qara Qarayevin yeni klubu dünən rəsmən bəlli oldu.
32 yaşlı yarımmüdafiəçi "Araz-Naxçıvan"a keçib. Muxtar respublika təmsilçisi Qara ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb.
O, bu müddətdə 80 min manat qazanacaq. Əgər «Araz» mövsümün sonunda avrokuboklara vəsiqə əldə edərsə, əlavə bonus alacaq.
Sentyabrdan bəri azad agent statusu daşıımış Qaraya başqakomandalar da dəvət göndərib. Sadəcə, tərəflər maliyyə şərtlərində ortaq məxrəcə gələ bilməyib.
Dayaq yarımmüdafiəçisi xidmətində maraqlı olanlardan ən azı 10 min manat maaş istəyib. Həmçinin Naxçıvan təmsilçisinin özündən.
Yekunda Zaur Axundov amili rol oynayıb. Naxçıvan Futbol Federasiyasının prezidenti şəxsən futbolçunun özüylə görüşüb, onu güzəştli şərtlərlə müqavilə imzalamağa razı salıb.
Müxtəlif illərdə 17, 19, 21 yaşadək yığmalarda forma geyinmiş, eləcə də əsas millidə 76 oyun keçirmiş Qarayev "Qarabağ"ın yetirməsidir.
15 il (2008-2023) Ağdam klubunda çıxış edib. “Köhlən atlar”ın heyətində 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.
2023-cü ilin iyulunda "Qarabağ"dan "Neftçi"yə keçən zaman 2+1 il müddətinə müqavilə imzalanıb. Lakin bu ilin avqustunda baş məşqçi Roman Qriqorçuk onu əsas komandadan kənarlaşdırıb.
Ukraynalı mütəxəssisin əvəzedici heyətə göndərdiyi orta sahə oyunçusu sentyabrın əvvəlində sözləşməsini fəsh edib. Qarşılıqlı razılaşma əsasında xitam verilən müqaviləyə görə ona 6 aylıq maaşı həcmində təzminat ödənilib.
Qaranın əvvəlki klubunda aylıq əməkhaqqısının 35 min manat olmasını bir daha xatırladaq.
SPORTİNFO.AZ