AZ

Binaların tikintisi sürüşməyə səbəb olur — Ekoloqdan uçqunla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində uçqun riski olan qaya parçaları ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb və avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti bərpa olunub.

Ekoloq Ənvər Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, yeni binaların tikintisi sürüşmə zonalarında aktivliyə səbəb olur:

“Binaların inşası zamanı iri daşlar, qaya parçaları çıxarılır torpaqdan. Yağış yağan zaman da torpaq yuyulur, aşağıya doğru sürüşür. Torpağa müdaxilə olunmasa, sürüşmə ola bilməz, çünki iri daşların olduğu yerdə torpağın sürüşməsi çətindir. Ola bilər ki, həmin ərazilərə müdaxilə olunub, sonra da yağış yağıb torpağı yuyub və sürüşmə baş verib. 

Ümumiyyətlə, sürüşmə zonalarında vaxtilə min illər əvvəl palçıq vulkanları olub və püskürüb. Zamanla üzərini torpaq örtüyü örtüb. Torpağın qatlarında palçıq vulkanlarının qalıntıları varsa, sürüşmə ehtimalı yaranır. Çünki bu cür torpaqlar gilli olur və suyu hopdurmur”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
66
demokrat.az

1Mənbələr