Norveç Ukrayna üçün böyük yardım paketi hazırlayır
Norveç Ukraynaya ümumi dəyəri 500 milyon avro olan yeni yardım paketi verməyə hazırlaşır. Paketə “F-16” döyüş təyyarələri və NASAMS hava hücumundan müdafiə sistemləri daxil ediləcək.
Reyting.az xəbər verir ki, bu barədə Kiyev Təhlükəsizlik Forumunda Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Gennadi Kovalenko Norveçin müdafiə naziri Byorn Arild Qramın Odessaya səfərindən danışarkən bildirib.
Ukraynalı müdafiəçilər əcnəbi qonağa hərbi qulluqçuların reabilitasiyası və sərhədin möhkəmləndirilməsi mərkəzini nümayiş etdiriblər. Bundan əlavə, onlar nazirə təhlükəsizlik vəziyyəti barədə məlumat veriblər.
“O, Norveçdən “F-16” və NASAMS sistemlərinin daxil olduğu 500 milyon avro məbləğində daha bir yardım paketini qeyd edib”, - deyə Kovalenko bildirib.
Eyni zamanda, Norveç Ukraynanın müdafiə sənayesinə sərmayə qoymağa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, yayda Norveçin Ukraynaya altı “F-16” qırıcısı təhvil verəcəyi məlum olub. Daha sonra çatdırılmaların bu il başlayacağı bildirilib. Eyni zamanda, Norveç Ukrayna səmasının mühafizəsini gücləndirmək üçün 1 milyard kron ayrılacağını açıqlayıb. Bundan əlavə, Norveç Ukraynaya 155 mm-lik “Nammo” artilleriya mərmilərinin istehsalı üçün lisenziya verib.
V. QULİYEV