Oktyabr ayının əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb. Oktyabrın 29-da daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib. İndiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, ötən gün Azərbaycanla Ermənistan arasında şərti sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.
Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Onların Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna edilmir.
Fransanın bu addımı nədən xəbər verir? Gələcəkdə bizi hansı təhlükələr gözləyir?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Ermənistanın qeyri konstruktiv mövqeyi sülhdən danışaraq digər sülhə xidmət etməyən siyasəti hazırki vəziyyətdə müsbət heç nə vəd etmir:
"Əvvəla qeyd etmək lazımdır ki, Azərbaycanla Ermənistan arasında kövrək sülh var və dövlətlərarası münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması üçün bir çox addımlar atılıb. Bir çox məslələrdə konsensus əldə olunub. Hazırda xaçalanan bəzi məsələlər də var. Onlardan biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı torpaq iddialarının ləğv edilməsi ilə bağlıdır. Minsk Qrupunun ləğv olunması üçün rəsmi sənədə imza atılmalıdır. Hazırda sülh danışıqları gedir və indiyə kimi bir sıra müsbət nəticələr əldə olunub. Sərhədlərin bir hissəsi delimitasiya edilib. Bütün bunların fonunda Ermənistanın sürətlə silahlanması və paralel olaraq Avropanın, Qərbin keçmiş kəşfiyyatçı və hərbçilərinin Ermənistana yerləşməsi, zaman-zaman "binokl"la Azərbaycanla sərhədə gəlib ərazilərimizi izləməsi həm təəccüb, həm də gülüş doğrur. Ermənistan təəssüflər olsun ki, hələ də özünü təklifetmə, bundan məmnun olma hissindən kənar dura bilmir. Ölkənin içərisində əks cəbhələrdə olan qüvvələr yerləşib. Bu hal non-sensdir. Burada Rusiyanın hərbi bazası, ABŞ-nin 2000-dən artıq əməkdaşı olan səfirliyi var. Ermənistan kimi ölkədə 5 nəfər də səfirlikdə olsa, bəs edərdi. Üstəgəl zaman-zaman İranın da orada hərbi emissarlarının olması və hərbi təlim keçməsi haqqında məlumatlar sızır. Son zamanlar isə "binokl diplomatiyası"nın üzvləri olan keçmiş və indiki kəşfiyyatçılar, jandarmlar, polislər bu kəşfiyyat sahəsi ilə əməkdaşlıq edən insanlar Ermənistanda qalmağa davam edirlər. Hesab edirik ki, missiyasnın müddəti artırılarsa bir daha Ermənistanın hazırda sülh müqaviləsindən danımasına baxmayaraq, real addımlarında rasional siyasətini bir daha görəcəyik. Bu günlərdə sərhədimizə gələn həmin missiyanın nümayəndələrinin birinin avtomobilində Fransa bayrağının dalğalanması, Fransa səfirliyinin iştirak etməsi çox ciddi suallar yaradır. Fransa səfiri Azərbaycanla olan sərhədyanı kənddə nə axtarır, nəyi izləyir, nə görmək istəyir? Adətən, ABŞ nümayəndələri, Böyük Britaniya, İtaliya sülhdən danışır. Həmin ölkələrin tərəfdaşı, Avropa İttifaqının əsas aparıcı qüvvəsi olan Fransanın bütün bu siyasətlərə yad, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzanmasına mane olan cəhətləri onu deməyə əsas verir ki, Makron hakimiyyəti əslinə qalsa, özü də hansı siyasətlə məşğul olduğunu bilmir".
V.İskəndərov vurğulayıb ki, Fransa artıq dənizaşırı bölgələrdə bu nüfuzunu itirməkdədir:
"Təbii ki, Fransa burada nüfuz savaşı apara bilməz. Onun gücü yalnız Ermənistana göndərdiyi təxribatçı qüvvələrin əllərində pinoklla həsədlə Azərbaycana baxmaqla kifayətlənir. Ona görə də bu, sadəcə olaraq təxribatçılıqdır. Azərbaycan dəfələrlə rəsmi İrəvanı da, rəsmi Parisi də bu əməllərdən çəkinməyə çağırıb. Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə indiyə kimi yaxşı nümunə göstəriblər. Bunun davamı kimi artıq yerdə qalan bəndlərin də müzakirəsini bitirə bilərik. Beləliklə də, sülh imzalana bilər. Burada Fransa və başqa üçüncü tərəflərin müdaxiləsi kövrək sülh münasibətlərinə xələl gətirir. Fransa və digər dövlətlər, marginal qüvvələr bu fəaliyyətdən çəkinsələr, daha yaxşı olar".