30 oktyabr 2024-cü il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) təşəbbüsü ilə Türkiyənin Eğitim-Bir-Sen təhsil işçiləri həmkarlar ittifaqının nümayəndə heyəti ilə onlayn görüş keçirilmişdir. Görüş Zoom platforması üzərindən təşkil olunmuş və hər iki tərəfin rəhbər şəxslərinin iştirakı ilə baş tutmuşdur. ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Eğitim-Bir-Sen və Memur-Sen Konfederasiyasının sədri Ali Yalçın və digər nümayəndələr bu görüşdə iştirak ediblər.
“İki sahil” xəbər verir ki, görüşün əsas məqsədi ATİAHİ Respublika Komitəsi ilə Eğitim-Bir-Sen arasında əməkdaşlığın möhkəmləndirilməsi, təhsil işçilərinin hüquqlarının qorunması sahəsində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və əməkdaşlıq imkanlarının genişləndirilməsi olub.
Çıxışında Araz Paşayev, təhsil işçilərinin beynəlxalq əmək standartlarına uyğun olaraq hüquqlarının təmin edilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb və tərəflər arasında təcrübə mübadiləsinin faydalı ola biləcəyini qeyd edib. Ali Yalçın da çıxışında, iki qardaş təşkilat arasında əməkdaşlığın genişləndirilməsinin, birgə təlimlər, seminarlar və peşəkar inkişaf proqramlarının həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüşün sonunda, ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Ali Yalçını dekabr ayında Azərbaycana səfərə dəvət edib və bu səfərin Azərbaycan və Türkiyə təhsil işçiləri həmkarlar ittifaqları arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini bildirib.
Qeyd edək ki, 450 minə yaxın üzvü ilə Eğitim-Bir-Sen Türkiyənin ən böyük təhsil işçiləri həmkarlar ittifaqıdır və Memur-Sen Konfederasiyasına daxildir. Memur-Sen Konfederasiyası isə 11 sahə həmkarlar ittifaqlarını və 1.1 milyon üzvü əhatə edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta