AZ

"Ermənistan təxribatçı niyyətə düşərsə, adekvat cavab tədbirləri həyata keçiriləcək" - AÇIQLAMA

"Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsindən sonra sülhlə bağlı səsləndirdiyi fikirlərin artıq söz yığınından ibarət olduğunu müşahidə edirik. Əlbəttə, bu istiqamətdə məhz ona havadarları da ciddi şəkildə dəstək verir. Hansı ki, Azərbaycanla şərti həmsərhəd bölgəyə Fransa başda olmaqla bir çox Qərb ölkələri "sülh missiyası" adı altında keçmiş hərbçiləri, polisləri və Fransanın jandarması kimi qrupları gətirib"

Bu sözləri Redaktor.az-a hərbi ekspert Azər Bayramov Ermənistan ərazisindəki Avropa İttifaqının “müşahidəçiləri”nin Azərbaycanla sərhədə gəlməsini şərh edərkən dedi. Onun sözlərinə görə, Ermənistanın bu hərəkətləri sülh müqaviləsi ilə bağlı dediklərinə tam ziddir.

""Müşahidəçilər" iki ay müddətində qalmalı idilər. Ancaq bu iki ilə çatıb. "Missiya"nın şəxsiyyətinin sayının artırılması əlbəttə ki, Ermənistan və onun havadarlarının sülhlə bağlı niyyətinin olmadığını, tam əksinə olaraq mövcud vəziyyəti belə qıcıqlandırıcı və təxribatçı fəaliyyətləri ilə daha da gərginləşdirməyə çalışmalarının göstəricisidir. Xüsusilə burada Azərbaycanla şərti həmsərhəd əraziyə gələrək Azərbaycan tərəfinin ərazilərini binoklla müşahidə etmələri əlbəttə ki, qəbuledilməzdir. Burada son olaraq Fransa bayrağı altında həmin o təxribatçı qruplaşmaların missiya adı altında gəlib oradakı fəaliyyəti bunların niyyətinin bir daha ortaya qoydu. Orada olanlar guya Fransa jandarmasının ehtiyatda olan hərbçiləridir. Əlbəttə, bu da inandırıcı görsənmir və həmin onların özünün ştat strukturuna baxdığımız zaman görərik ki, Fransa Milli Jandarması Müdafiə Nazirliyinə tabedir. Həmin o jandarmanın tabeçiliyində də üç qurum var. Bunlar dəniz jandarması, hərbi polis və GIGN kimi bildiyimiz jandarma müdaxilə qrupudur. Onların funksiyası kəşfiyyat aparmaq, diversiya fəaliyyəti həyata keçirmək, guya ki, antiterror tədbirləri görməkdir. Amma biz burada hər hansısa bir mülki missiyaya aid əlamət görmürük".

Hərbi ekspert qeyd etdi ki, bu cür hərəkətlər Ermənistanın təxribatlara hazırlaşdığını göstərir.

"Azərbaycan sərhədində məlumatların əldə edilməsi, onların emal olunması, gələcəkdə planlaşdırılan təxribatların birgə hazırlanmasını aydın şəkildə göstərir. Ancaq məhz o missiya ora gəlməmişdən öncə fikirləşməlidir ki, onların harada olmasından asılı olmayaraq, məhz Azərbaycan tərəfi onların bütün hərəkət fəaliyyətini ciddi şəkildə nəzarətdə saxlayır. Bununla bağlı əgər Ermənistan hər hansı bir təxribatçı niyyətə düşərsə, mütləq şəkildə adekvat cavab tədbirləri həyata keçiriləcək. Xüsusilə də Azərbaycanda keçirilən COP29 ərəfəsində belə təxribatçı fəaliyyətlərin aparılması, əlbəttə, onların əsl xislətini ortaya qoyur. Hələ ki, Azərbaycan hər zaman olduğu kimi prosesə humanist prinsiplərlə yanaşır və hesab edirəm ki, Ermənistan və onun havadarları da məhz belə yanaşmadan sui-istifadə etməməlidir. Belə təxribatçı fəaliyyətlərdən qaçınmalıdır. Çünki bu günə qədər təxribatçı fəaliyyətlər onun özünə ciddi təsir edib. Bundan sonra da belə bir hadisə baş verərsə, bütün bunların məsuliyyəti Ermənistan və onun Fransa kimi havadarlarının hərbi siyasi rəhbərliyinin üzərinə düşəcək", - deyə Azər Bayramov vurğuladı.

Türkan İSGƏNDƏRLİ

Seçilən
60
50
redaktor.az

10Mənbələr