AZ

Azərbaycanla Rusiyanın İmişli-Parsabad dəmiryol layihəsi– 40 min adam işləyəcək...

Image

Fuad İbrahimov: “Azərbaycan tranzit ərazi kimi  bundan kifayət qədər gəlir götürəcək”

Rusiya Azərbaycandan İrana yeni dəmir yolu çəkməyi təklif edib. Bu barədə mətbuatda məlumat gedib. Payızda Rusiyada “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun (“Şimal-Cənub” İTC) inkişafı layihəsinin təqdimatı keçirilib.

Layihə müəllifləri Rusiyanı İranın Fars körfəzinin  limanları ilə birləşdirəcək 1520 mm tək kalibrli yeni dəmir yolunun tikintisini təklif ediblər. Bu layihə beynəlxalq investisiya konsorsiumunun nəzarəti altında bir çox şirkətlərin iştirak etdiyi ən böyük xarici tikinti layihəsi olacağını vəd edir. Burada 40 minə qədər adamın, 100 min ton metal konstruksiyaların, 40 milyon kubmetrə qədər işçinin iştirak edəcəyi gözlənilir. Dəmir yolunun çəkilişinin ümumi uzunluğu 6,5 min km olacaq. Tikintiyə 2025-ci ilin sonunda başlanması, layihənin tamamlanması isə 2031-ci ilə planlaşdırılır. Layihədə Azərbaycan və İran arasında marşrutun yeni variantı xüsusi maraq doğurur. Rəşt-Astara hissəsinə alternativ olaraq İmişli (Azərbaycan) və Parsabad (İran) arasında əlaqə təklif olunur. İlkin hesablamalara görə, 2030-cu ilə qədər yeni dəmir yolu ilə yük daşınması 30 milyon ton təşkil edəcək. Bütün marşrut üzrə beynəlxalq yükdaşımaları idarə etmək üçün vahid rəqəmsal platforma yaradılacaq. Layihənin əsas operatoru “Rusiya Dəmir Yolları” ASC olacaq, Azərbaycan və Rusiya prezidentləri arasında ikitərəfli danışıqlar zamanı Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı mövzusu da fəal müzakirə olunub. Bu dəmir yolu marşrutunun respublika ərazisindən keçən bir hissəsi, Prezident İlham Əliyevin sözlərinə görə, artıq uğurla fəaliyyət göstərir, yük bazası isə taxıl, konteynerlər, metallar, gübrələr, kömür və neft-kimya məhsullarından ibarət olacaq. “Biz dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyət kəsb edən “Şimal-Cənub” layihəsinin həyata keçirilməsini, o cümlədən regional nəqliyyat dəhlizləri və marşrutları ilə bağlı məsələləri ətraflı müzakirə etdik”, - deyə Azərbaycan dövlətinin başçısı İlham Əliyev bildirib. 

Azərbaycanın ərazisindən keçmək şərti ilə Rusiyanı İranın Fars körfəzindəki limanlarla bağlamaq layihəsindən söhbət gedir.  Bu bir növ Rəşt-Astara dəmir yoluna alternativ olaraq nəzərdə tutulur. Söhbət İmişlidən Parsabada dəmir yolunun çəkilməsindən gedir. Uzunluğu 6 kilometrdən çoxdur, orda 40 mindən artıq adam işləyəcək, bu prosesdə işlə təmin olunacaq, illik 30 milyon tondan artıq əlavə yükün daşınmağını da təmin edəcək.

“Bu çox mühüm əhəmiyyətli bir layihədir”

İqtisadçı ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslində bu bizim apardığımız siyasətin davamıdır. F.İbrahimli qeyd etdi ki, onsuz da Qərb-Şərq modelinin inteqrasiyasında yaxından iştirak etmişik. “Çinin “Bir kəmər, bir yol”, bizim “İpək yolu” siyasəti hamısı bir-birinə inteqrasiya  olunub. Bu məsələdə əsas rolu da Azərbaycan oynadı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin üzərindən gedən proses artıq Şərqlə Qərbi birləşdirib. İki həftə ərzində Avropadan Çinə, yaxud Çindən Avropaya malların çatdırılması mühüm bir əhəmiyyətli bir məsələni həll etmiş olub. Bu gün bilirsiz ki, Şimaldan Rusiya ilə sərhəd boyu Qərbin arası bağlıdır. Eyni zamanda da Suveyş kanalında gedən proses, Yaxın Şərqdəki vəziyyət, demək olar ki, Şərqlə Qərbin, Avropa ilə Çinin arasındakı iri ticarət dövriyyəsinə əngəllər törədir. Biz şərti olaraq Çin deyirik. Çünki dünya əmtəə bazasının özəyidir. Hazırkı vəziyyətdə biz artıq Şimal-Cənub dəhlizindən danışırıq. Dəfələrlə bunu danışmışıq ki, məhz ən elastik bölgə Azərbaycandır. Doğruda da görürsüz ki, Rusiya bu məsələləri dəyərləndirdi və məhz Fars körfəzinə çıxış, ordan da Afrikaya, eyni zamanda Cənub-Şərqdəki ölkələrin ticarət limanlarına çatmaq üçün   ən rahat yollardan biri nəzərdə tutulan bu dəmir yoludur”. 

F.İbrahimovun sözlərinə görə, Rusiya Şimaldan Cənuba qədər gedən və onu İran limanları ilə birləşdirən bu dəmir yolunu çəkməkdə çox maraqlıdır və burada Azərbaycanın da maraqları təmin olunacaq. “Azərbaycan tranzit ərazi kimi  bundan kifayət qədər gəlirlər götürəcək. Bundan  başqa, bilirsiz ki, kommunikasiyaların olması yeni dayanıqlı iş yerləridir. Bu sahədə mütəxəssislərin hazırlanması məsələsi də baş verəcək. Məsələn, biz gələcəkdə gənclərimizin bu sahədə təhsil alaraq dərhal işlə təmin olunması siyasətini də təmin etmiş oluruq. Bununla yanaşı nəzərə almaq lazımdır ki, Azərbaycanın özünün iqtisadiyyatına bu müsbət təsir edəcək. Məhz istehsal etdiyimiz məhsulları o kommunikasiyalar vasitəsilə kənara çıxara biləcəyik. Təsəvvür edin ki, Azərbaycan Bakı-Tbilisi-Qarsa qədər yol çəkib ondan sonra yol yoxdur. Amma Türkiyə öz hissəsini çəkib. Bu üzdən Şərqdən Qazaxıstanı, Özbəkistanı, yaxud Çini əhatə edir, biz öz ərazimizdən çıxmaqla bu yol davam edir. İstehsal etdiyimiz məhsulların da ixraca yönəlməsi üçün stimullaşdırıcı amil, əlbəttə ki, logistikadır. Nəqliyyat logistika dəhlizləri  qiymət əmələgəlmə prosesinə bu gün kifayət qədər təsir edir. Malın qiymətinə daha çox istehsal yox, artıq bunun daşınaraq bazarlara çatdırılması kifayət qədər təsir edir. Yəni bu baxımdan məhsullarımızın rəqabətyönümlü olmasına şərait yaratmış olur. Bu nöqteyi-nəzərdən bu çox mühüm əhəmiyyətli bir layihədir. Şərq – Qərb layihəmiz uğurlu olduğu kimi bu layihənin də uğurlu olacağına heç şübhə yoxdur. Çünki tələbat bunu göstərir. BRİKS ölkələrinin də son dövrdə bir araya gəlməsi əslində bunu daha da aktuallaşdırıb. Nəzərə almaq lazımdır ki, İran da, Rusiya da eyni blokun üzvləridir. Bu məsələ də Azərbaycan üçün kifayət qədər əlverişli olacaq”.

İradə SARIYEVA





Seçilən
42
baki-xeber.com

1Mənbələr