AZ

Heydər Əliyevin əlini öpən gənc KİMDİR? – VİDEO

“YouTube”da mərhum Prezident Heydər Əliyevin yazıçılarla görüşünə dair nadir video yerləşdirilib. Həmin kadrlarda Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev də əks olunub.

Yenisabah.az xəbər verir ki, təxmini ötən əsrin 90-cı illərinə aid görüntülər Azərbaycan Yazıçılar Birliyində çəkilib.

Heydər Əliyevlə bu görüşdə bir çox tanınmış ədiblər, o cümlədən xalq yazıçıları Anar, Fikrət Qoca, Qabil, Sabir Rüstəmxanlı və digərləri iştirak ediblər.

Görüşdə bir şəxs diqqəti xüsusilə cəlb edir. Dialoqdan belə məlum olur ki, bu, şair Fikrət Qocanın oğlu Yalçın Qocayevdir. O, Azərbaycan prezidentinə yaxınlaşaraq ehtiramla əlini öpür.

Bu nadir görüntülərdəki gəncin məşum aqibəti kimlərin yadındadır?

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin qətlə yetirilməsi barədə 2017-ci ilin mart ayında Daxili İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş məlumatda deyilir:

“Martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs təşkilatın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hər üç şəxs tutulub”.

Həmin ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsində isə Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilən şəxslərə hökm oxunub. O cümlədən E.Nəhmədov 5 il, R.Məmmədovun 2 il 6 ay, P.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum ediliblər. (E.Nəhmədovun təqsirləndirildiyi qəsdən adam öldürmə maddəsi ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilib).

Yalçın Fikrət oğlu Qocayev 1963-cü il aprelin 2-də Bakıda anadan olub. 1979-1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil alıb. O, 1992-1994-cü illərdə Nazirlər Kabinetində Baş nazir müavininin köməkçisi, işlər idarəsində referent, sonralar Azərbaycan Respublikasının Qızıl Aypara Cəmiyyəti İcraiyyə Komitəsinin sədr müavini, “Xalq üçün mallar” Dövlət Konserninin baş mütəxəssisi vəzifələrində işləyib. Bundan başqa, 1996-2002-ci illərdə diplomatik işə başlayıb, XİN-in Diplomatik Korpusla İş üzrə İdarəsinin II katibi, nazir köməkçisi, Ukraynadakı səfirliyinin birinci katibi vəzifələrinə təyin edilib.

Bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlamış Yalçın Qocayevin ilk qələm təcrübələri dövri mətbuatda, almanaxlarda dərc edilib, 1991-ci ildə “Ana, mənə xeyir-dua ver” şeir toplusu işıq üzü görüb.

Medianews.az Heydər Əliyevin yazıçılarla görüşünə dair videonu oxucularının ixtiyarına verir:

Seçilən
43
medianews.az

1Mənbələr