Azərbaycanda boşanmaların sayı günü-gündən artır.
Boşanan tərəflər adətən bir-birinə düşmən kəsilir, ana bir daha uşağı göstərməyəcəyini, ata isə aliment verməmək barədə fikirlər səsləndirir.
Bir sözlə ayrılan cütlüklər bir-birlərini nədəsə ittiham edir. Bu hal onu göstərir ki, hələ də Azərbaycanda boşanma mədəniyyəti formalaşmayıb.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, Azərbaycanda hələ də boşanma mədəniyyəti inkişaf etməyib. Fərdlər boşanarkən, dost kimi qalmağı bacarmır, düşmənə çevrilirlər. Bu da nəticə etibarilə cinayətlərin törədilməsində böyük rol oynayır:
“Yaxşı olardı ki, boşanma prosesi zamanı hər iki tərəf qarşılıqlı razılığa gəlsin. Bu uşağın sonrakı inkişafı üçün də vacibdir. Düşmən kimi ayrılmaq təkcə tərəfləri deyil, uşağı da məhv edir. Bizdə boşanma mədəniyyəti yox dərəcəsindədir. Boşanan tərəflər biri-birinə ömürlük düşmən olur. Bir zamanlar ailə olduqlarını, ortaq uşaqlarının olduğunu - hər şeyi unudub biri-birinin qənimi olurlar. Məhkəmə salonlarında bir-birinə ağzına gələn demək, söymək, iftira atmaq kimi nə qədər oyundan çıxırlar. Əgər qadın ikinci dəfə ailə qurmaq istəyirsə, keçmiş həyat yoldaşı hədələyir ki, olmaz, amma kişi yenidən evlənmək istəyirsə, rahatca evlənir".
Sevinc