AZ

Naxçıvanda Hematologiya Simpoziumu keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyəti və Hematologiyanın İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvanda Hematologiya Simpoziumu keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, simpozium çərçivəsində əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Açılış mərasimində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov çıxış edərək, ölkədə hematologiya sahəsində görülən işlər və gələcək planlar haqqında məlumat verib. Qeyd edib ki, hematologiyanın inkişafını təmin etmək üçün Dövlət proqramları həyata keçirilir və bu sahədə qan ehtiyatlarının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Sərdar Əsədov hematologiya sahəsindəki yeniliklər və mərkəzin fəaliyyəti barədə danışıb. Azərbaycan Hematoloqlar və Transfuzioloqlar Cəmiyyətinin sədri Çingiz Əsədov simpoziumun məqsədi haqqında iştirakçılara məlumat verib.

Simpoziumun elmi hissəsi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru, professor Azər Kərimovun moderatorluğu ilə keçib. Bu hissədə “Qanın irsi xəstəlikləri,” “Onkohematoloji xəstəliklər,” “Damar daxili laxtalanma sindromu” və “Dəmir defisitli anemiya” kimi müxtəlif mövzularda elmi təqdimatlar nümayiş etdirilib.

Seçilən
63
yeniazerbaycan.com

1Mənbələr