AZ

Rafinya: “Bilirdim ki, Flik “Barsa”dakı əsl rolumu anlayacaq”

“Barselona”nın braziliyalı sağ cinah hücumçusu Rafinya “blauqrana”nın baş məşqçisi, alman mütəxəssis Hansi Flik haqda söhbət açıb.

Arena.az “Barça Universal” dərgisinə istinadən, braziliyalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Komandaya hətta ən yaxşı məşqçi gəlsə belə, oyunçular bunu həqiqətən istəməsələr, komanda heç nə qazana bilməz. Meydanda qaçan bizik, məşqçi yox. Bununla belə, mən həmişə bilirdim ki, Flik mənim bütün bacarığımı görəcək və “Barsa”dakı əsl rolumu anlayacaq. Mən onun, hər bir oyunçunu təkmilləşməyə sövq edən yüksək ölçülərini dərhal hiss etdim.

Bu, bizim üçün əla həftə oldu. Ancaq ən yaxşısı hələ qarşıdadır, bundan sonra nə olacağını pərəstişkarlarımız biləcəklər”, deyə braziliyalı hücumçu vurğulayıb.

Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində heyətinə qatıb. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün 14 oyun keçirib, 10 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 101 oyun, 30 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Rafinya “Barselona” ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 29 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı sağ cinah hücumçusunun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
27
arena.az

1Mənbələr