Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc tədqiqatçılar üçün “Açıq elm” yay məktəbinin təşkili” layihəsi çərçivəsində 2024-cü il üçün “Gənclər Paytaxtı” Lənkəranda görüş keçirilib.
Bu barədə AZƏRTAC-a cəmiyyətdən məlumat verilib. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov dövlət gənclər siyasətində elmi gəncliyə yönəlmiş fəaliyyətlər, yaradıcı və istedadlı gənclərlə iş, elm və təhsilin inkişafına hədəflənmiş strategiyaların uğurlarına nəzər salıb.
Daha sonra Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Kənan Musayev Lənkəranın həm “Gənclər Paytaxtı”, həm də “2024-cü il Türk Dünyasının Gənclər Paytaxtı” seçilməsinin xüsusilə region gənclərinin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakına, gənclərin intellektual və yaradıcılıq potensialının artırılmasına verdiyi töhfələr, Lənkəran şəhərində respublikamızın bütün bölgələrindən olan gənclərin hərtərəfli inkişafına yönəlmiş çoxsaylı yerli və beynəlxalq tədbirlər barədə ətraflı məlumat verib.
Tədbirlərdə gənc tədqiqatçılar açıq elmi resurslara çıxış imkanları haqqında məlumatlandırılıb, elmi-tədqiqat bazalarından səmərəli istifadə metodları, indekslər və data bazalar, elmi məqalələrin hazırlanması metodları və açıq təhsil resursları barədə informasiyaları əks etdirən təqdimatlarla tanış olublar. Həmçinin tədbir iştirakçılarının Lənkəran şəhərində yerləşən muzeylərə ekskursiyası təşkil olunub. Yekunda gənc tədqiqatçılara sertifikatlar təqdim edilib.