Azərbaycan daha bir boksçusu – Əli Abdullayev də gənclər arasında keçirilən dünya birinciliyində finala vəsiqə qazanıb.
Arena.az xəbər verir ki, Monteneqronun Budva şəhərində təşkil olunmuş dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub.
63,5 kq çəki dərəcəsində mübarizə aparan Əli Abdullayev yarımfinal görüşünü qələbə ilə tamamlayıb. Boksçumuz finala vəsiqə uğrunda döyüşdə Camel Cemmala (Fransa) 4:1 hesabı ilə qalib gəlib.
Digər boksçularımızdan Zidan Hümbətov (51 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) isə mübarizəni yarımfinalda dayandırıblar. Bu nəticə onlara dünya çempionatının bürünc medalını qazandırıb. Zidan Castin Morenaya (Kolumbiya) 1:4, Məhəmmədəli isə Platon Kozlova (Rusiya) 0:5 hesabı ilə məğlub olub.
Xatırladaq ki, yığmamızın heyətində daha öncə Bilalhəbaşi Nəzərov (48 kq) finala yüksələn ilk boksçu olmuşdu.
Xanım boksçularımızdan Aynur Mikayılova (57 kq) da dünya birinciliyini bürünc medalla başa vurub. O, bununla gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.