AZ

Soyuq ayların təhlükəli qidası - Zəhərli göbələyi zəhərsizdən necə ayıraq?

Bu günlərdə Xaçmazda iki qadının göbələkdən zəhərlənərək ölməsi bu qida məhsulundan istifadədə diqqətli olmağımızı təkrar yada salır...

Meşə və talalardan toplanan, eləcə də bazarlarda, yol kənarlarında satılan göbələklərdən hazırlanan qidalarda nələrə diqqət etməliyik? Yaz-payız aylarında artan göbələk zəhərlənmələrindən yayınmaq üçün nə etməliyik?

Göbələyin zəhərsiz növ olduğuna necə əmin olaq?

Mövzu ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya bildirib ki, ilk növbədə göbələyi haradan aldığımıza diqqət etməliyik:

"Göbələklərin bir çox növü var. Zəhərli, yeməli və ikisinin qarışığı olan göbələklər... Ən çox zəhərlənmələr mənşəyi bəlli olmayan göbələklərdən yaranır. Amma Xaçmazdakı hadisədəki kimi meşələrdən toplanan göbələklər də zəhərlənmə verə bilir. Çünki onların da zəhərsiz növ olduğuna əmin olmaq lazımdır. Zəhərli göbələklərdə xoşagəlməz qoxu olur. Meşədən toplananlarda rəngi, üstündə xallar, ləkələr olması bunun əlamətidir. Amma bəzən hamının çox sevdiyi şampinyonabənzər zəhərli göbələklər də olur. Ona görə çox diqqətli olmaq lazımdır".

Mütəxəssis deyir ki, bütün hallarda göbələk yüksək risk qrupuna daxil olan qida məhsuludur:

"Onların tərkibində zülal daha çox olduğuna görə tez sıradan çıxa bilir. Ona görə də, marketlərdən, bazardan, açıq satışda əldə olunan göbələk alarkən, onların mənşəyinin bəlli olmasına, düzgün qaydada saxlanılmasına fikir vermək lazımdır".

Göbələyi təkrar isitmək olmaz?

Qida mütəxəssisinin sözlərinə görə, göbələk ancaq istehlak olunacaq qədər bişirilməlidir:

"Bu yeməyin təkrar isidilməsi və istifadəsi yolverilməzdir. Çünki onun tərkibindəki elementlər, mikroorqanizmlər sürətlə artır və zəhərlənməyə səbəb olur. Digər bir məqam isə göbələyin tərkibindəki qida elementlərinin həddən artıq zəngin olmasıdır ki, bu da bəzi allergiyaya meyilli insanların səhhətində problem yarada bilir. Hətta keyfiyyətli, təzə göbələk olsa belə, bu, bəzi insanlarda allergiya yarada bilir. Ona görə allergiyaya meyilli insanlar göbələyi öncə az miqdarda yeyib orqanizmə təsirini yoxlamalı, əmin olduqdan sonra yeməlidirlər".

Zəhərlənməyin ilkin əlamətləri...

Məhsəti Hüseynova onu da qeyd edib ki, göbələk zəhərlənməsi zamanı təcili həkimə müraciət olunmalıdır:

"Bu zəhərlənmə yarım saatdan 24 saatadək özünü göstərə bilir. Amma əksər hallarda 2 saatadək onun fəsadı üzə çıxır. Əsas əlamətləri qarın nahiyəsində sancılanmalar, başağrısı, görmədə bulanıqlıq, ürəkbulanma, ishaldır. Göbələklə zəhərləndikdə, həmin şəxsə ev şəraitində yardım etməkdən çəkinməli, dərhal həkimə müraciət etməlidirlər".

Mütəxəssis bildirir ki, restoran və kafelərdə də tərkibində göbələk olan qidalar qəbul edərkən diqqətli olmaq lazımdır:

"Restoran və kafelərdə də təzə və ya marinad olunmuş göbələkdən istifadə edirlər. Bunlar da müəyyən keyfiyyət standartlarına uyğun göbələklər olmalıdır. Yaxşı olar ki, insanlar belə məkanlarda rəngində, qoxusunda az da olsa, ənənəvi göbələk dadından fərq hiss etdikdə, ondan istifadə etməsinlər".

Qışa tutulan göbələklər...

"Göbələklərin ev üsulunda qışa tutulması da xüsusi diqqət tələb edir. Tutmalarda göbələyin mövsümi olmasına, təbii üsulla yetişdirilməsinə fikir verilməlidir. Onların əzilmiş, köhnə olmamasına diqqət edilməlidir. Bu tutmalar sanitar-gigiyena normalarına əməl edərək hazırlanmalı, qab mütləq şəkildə steril olmalıdır. Əgər istifadədən öncə qapaqda şişkinlik, suda bulanıqlıq, dibində çökmə varsa, ondan istifadə edilməməlidir", - deyə mütəxəssis fikrini tamamlayıb.

Poliqon.info

Seçilən
52
10
poliqon.info

10Mənbələr