AZ

"Mətbuatdakı eksklüziv xəbərlərin bir hissəsi bizə aiddir" - 12 yaşlı Moderator.az-ın baş redaktoru

Bu gün ölkənin aparıcı media qurumlarından olan Moderator.az saytının 12 yaşı tamam olur. Bu münasibətlə saytın baş redaktoru Xəyalə Rəis Qaynarinfo-nun suallarını cavablandırıb.

- Xəyalə xanım, Moderator.az-ın bu gün 12 yaşı olur. Bu müddətdə sayt necə bir yol keçib?
- Moderator.az ölkəmizdə kifayət qədər tanınan və oxunan informasiya agentliyidir. Saytın qurucusu mərhum jurnalist Zülfüqar Hüseynzadə qeyd edirdi ki, saytın yaranması Amerikadakı prezident seçkiləri ərəfəsinə təsadüf edib. Belə ki, gecə saat 4-ə qədər dünyanın öndə gedən televiziyalarını izləyib. Həmin ərəfədə sayta yeni ad düşünürmüş. O an televiziyada tədbirin moderatoru prezidentliyə namizədlərə vaxt verib. Ondan sonra saytın adını elə məhz Moderator.az qoymağa qərar verib.  Moderator, öncül, reqlament qoyan, istiqamət verən deməkdir.

Bu 12 ildə sayt uzun bir yol qət edib. Nə xoş mənə ki, 12 ilin 4 ilində bu saytda mən də olmuşam. 12 il ərzində ictimai-siyasi həyatın ayrılmaz hissəsi olduq, xəbər istehsalçılığı sahəsində öz sözümüzü dedik. Bizi ilk gündən izləməyə başladılar, böyük oxucu kontingenti qazandıq. Azərbaycanda sayt işində, xəbər istehsalı sahəsində çalışmaq asan deyil, cəfası səfasından çoxdur.

- Maraqlıdır, çətin olan nədir?
- Bu günün tələbi elədir ki, daha oxunaqlı və maraqlı xəbərləri istehsal etmək, ortaya çıxarmaq şərtdir. Çünki rəqabət də çoxdur, rəqiblərimiz də güclüdür. Ona görə gecə-gündüz çalışmağa məcburuq. Zülfüqar Hüseynzadədən sonra bu saytda baş redaktor olmaq çətindir. Çətin olduğu qədər də şərəflidir. Bu gün öz vəzifəmi qürurla daşıyıram və getdiyim məkanlarda da məni qürurla və fəxrlə təqdim edirlər. Bunun özü mənim yaşımda olan bir jurnalist üçün sevindiricidir. Əslində, Zülfüqar Hüseynzadənin ölümündən sonra düşünürdülər ki, sayt əvvəlki kimi fəaliyyət göstərə bilməyəcək. Ancaq gördüyünüz kimi, davam edirik. Zülfüqar Hüseynzadənin övladı saytın başındadır. Hazırda Hüseyn vətənə xidmət edir, əsgər gedib. Sayta Zülfüqar Hüseynzadənin bacısı oğlu Əli Hüseynli rəhbərlik edir. Baş redaktor olaraq mən çalışıram.

Bu müddətdə Medianın İnkişafı Agentliyi saytımızın yaşamasına dəstək oldu. Agentliyin maliyyə yardımı komandanı qoruyub saxlamağımız üçün önəmlidir. Yəni, sayt əvvəlki qaydada işinə davam edir. Hətta daha böyük nailiyyətlər əldə etməyi qarşımıza hədəf qoymuşuq.

- Bu günün oxucusunu razı salmaq da asan deyil.
- Moderator.az-da xəbərlərin çeşidlənməsi yoxdur. Demək olar ki, dünyanın hər yerindən, hər cür oxucunun zövqünü oxşayacaq xəbərlər yaymağa üstünlük veririk. İctimai-siyasi, sosial həyatdan, regionlardan, dünyadan, maraq dünyasından yazırıq. Çalışırıq ki, daha fərqli məlumat axtaraq ki, insanlar bezməsin, maraqla saytı oxumağa davam etsinlər. Həmin o axtarışları qarşılamaq üçün demək olar ki, bütün peşə sahiblərinin, fərqli dünyagörüşə, psixologiyaya sahib insanların zövqünə uyğun olan xəbərlər veririk.

- Xəbər saytı çoxdur. Belə məqamda önəmli olan seçilməkdir. Moderator.az bu gün nə ilə seçilməyə çalışır?
- Daha çox keyfiyyətli xəbər istehsalı ilə məşğuluq. Moderator.az-da kifayət qədər tanınan simalar və imzalar var. Komandamızda Zülfüqar müəllimin oğlu Hüseyn, Əli Hüseynli, İlham İsmayıl, Üzeyir Cəfərov, Sultan Laçın, Seymur, Səttar, Zülfiyyə Hüseynli, Nərminə, Fatimə və s. kimi peşəkar insanlar var. Mətbuatda eksklüziv xəbərlərin bir hissəsi məhz Moderator.az əməkdaşlarının hazırladıqları xəbərlərdir. Moderator.az fəaliyyəti ərzində cəmiyyətimizin ictimai-siyasi, maddi-mənəvi həyatında baş verən proseslərin obyektiv və hərtərəfli işıqlandırılması sahəsində öz adına layiq moderatorluq imkanlarını əsirgəməyib. O qədər də böyük olmayan zaman kəsiyində böyük oxucu kütləsinin rəğbətini qazanmaq asan məsələ deyil. Sevindirici haldır ki, "Moderatorun şinelindən” çıxan, Zülfüqar Hüseynzadə məktəbini keçən, digər saytlarda və fəaliyyət sahələrində çalışan əməkdaşlar da bu gün moderatorçuların yanındadırlar, öz mənəvi və təşkilati dəstəklərini əsirgəmirlər. Ancaq naxələflər də az olmayıb. İstənilən halda biz öz fəaliyyətimizi ən yüksək səviyyədə qurmağı bacarmışıq.

- Bu müddətdə saytın əsas prinsipi nə olub?
- Ölkənin bütün əhalisini, iqtidarlı-müxalifətli, ictimai fəaliyyətindən, siyasi görüşündən asılı olmayaraq, hər kəsin zövqünə uyğun, hər kəsin oxumaq istəyəcəyi bir sayt kimi tanınmışıq. Ölkədə hər kəsin oxuyacağı, hər kəsin üz tutacağı, öz problemlərini işıqlandırmaq üçün müraciət edəcəkləri bir saytdır. Gün ərzində dövlət qurumlarından, eyni zamanda bölgələrdən kifayət qədər zənglər alırıq. Kimi dərc olunan yazıya görə narazılığını bildirir, kimi də təşəkkür edir.

Aydın
Seçilən
51
2
qaynarinfo.az

3Mənbələr