AZ

Milli Məclis sədri Pakistan və Çexiya səfirləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 31-də Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddinlə görüşüb.

Milli Məclisin sədri həm Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə, həm də ərazi bütövlüyümüzün təmin olunması zamanı ölkəmizə beynəlxalq arenada verdiyi daimi dəstəyə görə Pakistana və onun parlamentinə təşəkkürünü bildirib. O, Azərbaycanın da həmişə Pakistanın yanında olduğunu və Kəşmir probleminin BMT-nin qəbul etdiyi qətnamələr əsasında həllini dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu yüksək qiymətləndirilib, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin, müntəzəm təmaslarının, eləcə də deputatlarımızın beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işləri barədə də danışılıb. Ölkəmizin iqlim dəyişiklikləri kimi qlobal problemlərin həlli istiqamətindəki səylərini yüksək qiymətləndirən səfiri Qasim Mohiuddin COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Pakistanın tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib, bu görüşün iqlim dəyişikliyi ilə bağlı qlobal müzakirələri gücləndirəcəyinə inandığını ifadə edib.

***

Milli Məclisin sədri Sahibə Qafarova həmin gün Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçeklə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və humanitar aspektləri müzakirə edilib, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən parlament sədrləri və dostluq qrupları səviyyəsində təmasların əhəmiyyəti vurğulanıb. Sahibə Qafarova parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin inkişafında mühüm rolunu qeyd edərək, deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinin və qarşılıqlı dəstəyinin mühüm olduğunu vurğulayıb, parlamentlərarası əlaqələrdə obyektiv məlumatların paylaşılması baxımından qarşılıqlı məlumatlandırmanın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Səfir Milan Sedlaçek ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlıqdan məmnun olduğunu, bu əlaqələrin davam etdiriləcəyinə əminliyini bildirib. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib.

XQ

Seçilən
18
xalqqazeti.az

1Mənbələr