AZ

“Sərhədçilərin dostu” şüarı altında 6-cı kinoloji yarışlar keçirilib - FOTOLAR

15-25 oktyabr tarixlərində Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimçilərinin Hazırlığı mərkəzində hərbi hissələr arasında xidməti itlərin təlimçiləri və bələdçilərinin “Sərhədçilərin dostu” şüarı altında 6-cı kinoloji yarışları keçirilmişdir.

Bu barədə ”Yeni Gundem”-ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Kinoloji yarışlara Xidməti Heyvanlar Təlimçilərinin Hazırlığı mərkəzinin, Sərhəd Qoşunları hərbi hissələrinin və Sərhəd Nəzarəti şöbələrinin kinoloq-mütəxəssisləri cəlb olunmuşdur.

Yarışların keçirilməsində məqsəd xidməti itlərin təlimçiləri və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizəsi və müdafiəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və saxlanılması, narkotik maddələrin axtarışı, minatəmizləmə əməliyyatlarında peşəkarlıq səviyyəsinin artırılması, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etməkdir.

Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl çantalarında narkotik maddələrin axtarışı, sərhəd pozucularının izlərlə təqib olunaraq saxlanılması, ərazidə tank və piyada əleyhinə minaların aşkar edilməsi üzrə tapşırıqlar icra edilmişdir.

Sonda qalib olmuş hərbi qulluqçulara kubok, diplom və pul mükafatları təqdim olunmuş, qalib xidməti itlərə isə yarışda layiq görüldüyü yeri göstərən metal jeton və xüsusi yem verilmişdir.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar nümayış etdirilmişdir.

Seçilən
27
yenigundem.az

1Mənbələr