AZ

Fələstin xalqının yanında olmaq qardaşlıq vəzifəmizdir - Ərdoğan

Bakı, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin xalqının yanında olmağın qardaşlıq borcu olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Ərdoğan və Seneqal Prezidenti Beşir Cuma Fay Prezident Külliyəsində təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirərək, birgə mətbuat konfransı təşkil ediblər.

Ərdoğan, Fayın Türkiyəyə səfərindən məmnun olduğunu bildirərək, onu mart ayında seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

Görüş zamanı Sahel bölgəsi və Fələstindəki hadisələrin müzakirə edildiyini qeyd edən Ərdoğan, “Sahel bölgəsində təhlükəsizlik təmin edilmədən Afrika qitəsində sabitlik mümkün deyil. İsrailin Fələstin torpaqlarında, xüsusən də Qəzzadakı soyqırımına qarşı Seneqalın ata biləcəyi addımları da hazırda müzakirə edirik," deyə bildirib.

Prezident Ərdoğan, Seneqalın 1975-ci ildən etibarən BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının Həyata Keçirilməsi Komitəsinə sədrlik etməsini yüksək qiymətləndirdiklərini bildirərək, Seneqalın iki dövlətli həllə əsaslanan Fələstin mövqeyini dəyərli hesab etdiklərini vurğulayıb. Ərdoğan, Fələstin və Livan xalqlarına dəstəyin qardaşlıq və humanitar borc olduğunu qeyd edərək, İsrailin soyqırım siyasətinə qarşı çıxan Afrika ölkələrinin mövqeyini təqdir etdiklərini deyib.

Bir jurnalistin, "Livan Baş naziri Necip Mikati atəşkəs gözlədiyini bildirərkən İsrailin hücumlarına davam etməsi və Hizbullahın yeni liderinin müharibəni davam etdirmək qərarını necə şərh edirsiniz?" sualına Ərdoğan belə cavab verib:

“Cənab Mikati düzgün bir müşahidə aparıb və həmsöhbətlərinin etibarlılığını ortaya qoyub. Ancaq Həsən Nəsrullahın yerinə keçən yeni lider də qətiyyətli şəkildə eyni yolda irəliləyəcəyini göstərdi. Bu da göstərir ki, bu bölgə ciddi bir atəş halqasına çevrilir. Ümid edirik ki, növbəti mərhələdə regiondakı vəziyyət BMT-nin dəstəyi ilə daha yaxşı olacaq və biz vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün birgə işləyəcəyik.”

Seçilən
97
22
turkic.world

10Mənbələr