“Bakı Metropoliteni” QSC-nin aparat rəhbərinin təkəbbür, iddia və səhvlərlə dolu cavab məktubuna dair
Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir.
Üzeyir Hacıbəyli
Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur.
Ona görə Azərbaycan ədəbi dili ilə əlaqəli hər bir proses dövlətin nəzarətində olmalı, burada kortəbiiliyə, yaxud özfəaliyyətə yer verilməməlidir. Çox təəssüf ki, son illər bir sıra təşkilatların etinasızlığı üzündən dilimizin leksik, qrammatik, orfoqrafik və s. normalarının pozulması kütləvi hal alıb.
“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi ölkə ərazisində, xüsusən Bakı şəhərində dövlət dili normalarının pozulması hallarını müəyyən etmək üçün mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Bu ilin avqust ayında Bakı Metropoliteninin “Gənclik” stansiyasında aparılan monitorinq zamanı reklam lövhələrində dövlət dilinin istifadəsi zamanı kobud xətaya yol verildiyinin şahidi olduq. Reklam mətni belədir: “Yerə atılan hər çöp sağlamlığa zərbə, mədəniyyətə həqarətdir”.
“Həqarət” sözünü qoyaq kənara, “çöp” deyərkən söhbət nədən gedir? Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilinin izahlı lüğəti”nin I cildi 1966-cı ildə akademik Əliheydər Orucov tərəfindən hazırlanıb, sonradan akademik, AMEA Dilcilik İnstitunun direkroru Ağamusa Axundov tərəfindən nəşr üçün təkmillşdirilib. Lüğətdə “çöp” sözünün aşağıdakı mənaları verilib:
1. Taxta, ağac, saman və s. parçacığı.
2. Bədənin bir yerinə batmış belə qırıntı, tikan və s.
3. Boğazda (əsasən uşaqlarda) ilişib qalan sümük, tum qabığı və s. qırıntısı.
4. bakteriya. Çöp şəklində mikrob, basil. Vərəm çöpü.
Aydındır ki, reklamda bunlardan heç biri yox, məhz zibil nəzərdə tutulur.
Göründüyü kimi, deyilən reklam lövhəsində Azərbaycan dilinin leksik norması kobud şəkildə pozulmuşdur. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun 7.2. maddəsinə əsasən, “Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir”.
Qeyd edək ki, Bakı şəhərində metrodan gündə orta hesabla yarım milyondan çox sərnişin istifadə edir və ədəbi dil normalarını pozan reklamlar vətəndaşların haqlı narazılığına səbəb olur. Amma “Bakı Metropoliteni” QSC-nin rəsmiləri bundan narahat deyil. Onlar nəinki bu səhvləri aradan qaldırmır, üstəlik, bu işdə onlara yardım etmək istəyən fərd və qurumlara nöqsanların aradan qaldırılacağı barədə yalan vədlər verir, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa etina etmirlər.
Bu il sentyabr ayının 9-da yuxarıda qeyd edilən pozuntu ilə bağlı deyilən qurumun elektron poçtuna məktub yazdıq. Qanunvericilikdə müəyyən edilmiş müddət ərzində cavab almadığımız üçün zəng etməli olduq. Mətbuat xidmətinin rəhbəri olduğu deyilən Bəxtiyar Məmmədov adlı şəxs şifahi şəkildə bildirdi ki, reklam mətnində heç bir səhv görmürlər: “Çünki ölkənin bəzi yerlərində “zibil” əvəzinə “çöp” sözündən istifadə edilir. Həm də “zibil” sözü neqativ məna daşıyır. Ona görə dilçilər bu barədə düşünsə, yaxşı olar”.
“Bakı Metropoliteni” QSC-yə təkrar müraciət edərək, yazılı cavab tələb etdik. Nəhayət, oktyabrın 30-da aparat rəhbəri Tərlan Dadaşovun imzası ilə məktub aldıq.
Məlum olur ki, cənab Tərlan Dadaşov da iş yoldaşı Bəxtiyar Məmmədov kimi dilçilərə “ustad dərsi” keçməyə çalışır.
Əsas mətləbə keçməzdən əvvəl qeyd edək ki, cavab məktubundan göründüyü kimi, cənab Dadaşov aparat rəhbəri olduğu qurumun saytı ilə elektron poçt ünvanını fərqləndirə bilmir:
“Sizin 9 sentyabr 2024-cü ildə, “Bakı Metropoliteni” QSC-nin [email protected] rəsmi saytının elektron ünvanına etdiyiniz müraciətə cavab olaraq, bildiririk ki….”. Hörmətli Tərlan Dadaşov, [email protected] “Bakı Metropoliteni” QSC-nin rəsmi saytı yox, elektron poçt ünvanıdır.
İndi keçək hörmətli Tərlan Dadaşovun bizə ünvanladığı yüngül danlaq, itab, izah, məzəmmət dolu məktubunun əsas hissəsinə. Məktubun elə ilk cümləsinin ikinci hissəsi və ikinci cümləsi Vikipediya kimi qeyri-ciddi mənbədən plagiatdır və səhvdir. Müəllif yazır ki, “Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur”. “Copy-paste” edilən bu cümlədəki durğu işarəsi səhvini qoyaq kənara, fikir özü yanlışdır. Çünki heç bir dil başqa bir dilə və ya dillərə mənsub ola bilməz. Dillər əsasən qohumluq əlaqəsinə görə dil ailələrinə aid edilir, dilə və ya dillərə mənsub olmur.
Daha sonra oxuyuruq: “Başqa dil qruplarında oldugu kimi, bu qrupa daxil olan dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən cox yaxındır”. Bu cümlə də Vikipediyadan plagiatdır və səhvdir. Əvvəla, məlum olur ki, bizə dil dərsi keçmək istəyən hörmətli Tərlan Dadaşov özü və ya cavab məktubunu yazdırdığı şəxs (düzünü Allah bilir) bəzi mətləbləri orta məktəb şagirdləri səviyyəsində də bilmir. Çünki dil ailəsi və onun struktur vahidi olan ailədaxili dil qrupu ayrı-ayrı anlayışlardır. Məsələn, türk dilləri ailəsi 2 qola (budağa) bölünür: şərqi hun budağı, qərbi hun budağı. Bu budaqların isə bir neçə qrupu var. Bizim dilimiz qərbi hun budağının Oğuz qrupunun Oğuz-səlcuq yarımqrupuna aiddir.
İkincisi, dil ailələri heç də hər zaman qohumluq əlaqələrinə görə formalaşdırılmır. Dünyanın müxtəlif yerlərində bir çox dilləri məhz ərazi prinsipi ilə dil ailəsi kimi bir çətir altında toplayıblar. Onların bir çoxunun, iddia edildiyi kimi, “morfoloji və sintaktik cəhətdən cox yaxın” olmağından söhbət belə gedə bilməz. Çünki bu cür dil ailələrində bəzən bir sıra dillər hətta tipoloji cəhətdən fərqli olurlar (yəni biri iltisaqi, digəri amorf və ya biri flektiv, digəri inkorporlaşan və s. ola bilər. Tipoloji cəhətdən fərqli olan dillər isə heç vaxt morfoloji və sintaktik cəhətdən yaxın ola bilməz. Bu sözləri Şimali Qafqazın bəzi avtoxton dilləri haqqında da demək olar, çünki onların bir çoxu sırf ərazi prinsipi ilə bir ailəyə aid edilib).
Cənab Tərlan Dadaşov məktubumuza qanunvercilikdə nəzərdə tutulan müddətdə yazılı cavab vermək tələbimizdən o qədər qeyzlənib ki, Azərbaycanın dövlət dilinin, istinad etdiyi lüğətin, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin adını yazanda belə səhvə yol verib.
“Bakı Metropoliteni” QSC-nin aparat rəhbəri hələ də bilmir ki, dilimizin rəsmi adı Azərbaycan türkcəsi yox, Azərbaycan dilidir. Çünki nə Konstitusiyamızdan xəbəri var, nə də “Dövlət dili haqqında” Qanundan. Əsas Qanunumuzun 21-ci maddəsində birmənalı şəkildə deyilir:
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa baxaq: “Maddə 1. Dövlət dilinin hüquqi statusu. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq, Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur”.
Anlamaq lazımdır ki, bu və ya digər dövlət təbii inhisarının səlahiyyətli şəxsi rəsmi cavab məktubunda dövlət dilinə özbaşına yeni ad qoya bilməz.
Məktub boyu bizi yumşaq şəkildə məzəmmət edən və dil dərsi keçməyə çalışan hörmətli Tərlan Dadaşov reklam lövhəsində yol verilən leksik pozuntuya bəraət qazandırmaq üçün “çöp” sözünün qulağından tutub, onu izahlı lüğətə aparmaq əvəzinə, alternativ saydığı və dəstək ala biləcəyini güman etdiyi ünvanlara doğru dreyf edir. Əvvəlcə həmin sözü avral rejimində M.Kaşğarlının lüğətinə (lüğətin adının yazılışında orfoqrafik səhvə yol verib) aparır, sonra güzarı Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə (muzeyin adının yazılışında orfoqrafik səhvə yol verib) düşür və orada Tənzilə Əhmədova-Eldemir adlı şəxsin çıxışından (mövzunun adının yazılışında orfoqrafik səhvə yol verib) mədəd umur.
Daha sonra “milli dil kimi formalaşmış dillərdən ortaq dil düzəltməyin donkixotluq olduğunu” bildirən mərhum akademik Tofiq Hacıyevin yazdıqlarını unudan və ya onlardan bixəbər olan hörmətli Tərlan Dadaşov “çöp” sözünü zibil mənasında leksikamızda adaptasiya etdirmək üçün İsmayıl Qasprinskinin ortaq ədəbi dil xülyasına da lobbiçilik etməyə çalışır.
Lap sonda isə o, xalq arasında deyildiyi kimi, “ümidi qatma sapına dönəndə” “türk dövlətlərinin vahid əlifbasının 34 hərfdən ibarət olması”nın razılaşdırılmasını reklam lövhəsində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7.2. maddəsinin pozulmasına bəraət qazandırmaq üçün qoşqu-arqument kimi sırımağa uğursuz cəhd edir.
Yeri gəlmişkən, cavab məktubundakı bir sıra cümlə və ifadələrdən şeytan da baş aça bilməz, heç bir məzmun nizamı olmayan, eklektik şəkildə birləşdirilmiş söz və söz birləşmələrində nə deyildiyindən, böyük ehtimalla, məktubu imzalayan şəxsin özünün də xəbəri yoxdur (hələ punktuasiya səhvlərini demirik):
– “…”zibil” sözünün ədəbi dilinin tətbiqi normaları ilə ziddiyyət təşkil etməməsini…”;
– “Bu xüsusda “çöp” sözünün qədim turk dilinin tarixi etimologiyasına nəzər salınması yetərlidir”;
– “Bununla bağlı, qeyd edilən nümunə əsasında bu gün də ədəbi dilə heç bir ziddiyyət təşkil etmədən, dilimizin leksik, morfoloji xüsusiyyətlərinə mənfi təsir göstərmədən danışıq dilində əbədiyyət qazanaraq, xalqımızın mədəniyyətində ailə və məişət davranış xüsusiyyətlərinin bariz nümunəsi olan çəkdiyimiz nümunə əksinə, dilimizin və mədəniyyətimizin zənginliyindən, onun özünəməxsusluğundan xəbər verir”.
– “Lakin yanlışlıq nümunələri axtararkən, dillərin bir-birinə müsbət təsirləri fonunda gətirdiyimiz dəlillərin əsassız olmamasına, qaldırdığımız məsələnin həssaslığına, onun bu günün reallıqları baxımından izahlı lüğətdə qeyd edilmiş təfsirləri və izahları da daxil olmaq1a, ciddi pozuntu olmaması da əsaslı qəbul edilə bilər”.
– “Bu tarixi məqamda əminik ki, qeydlərimizin heç də əsassız olmaması ilə bağlı daha bir dəlili qəbul etməkdə etirazınızın olmayacağı qənaətindəyik”.
Bu siyahını uzatmaq da olar. Oxucular arasında Azərbaycan dili və ədəbiyyat müəllimi varsa, bu yazıya məmnuniyyətlə “2” yaza bilərlər. Amma bunu yazan şəxs orta məktəb şagirdi deyil. Taleyin istehzasına baxın ki, nəqliyyat sektorunu təmsil edən və aparat rəhbəri olduğu Bakı Metropoliteninin saytında, stansiya və keçidlərində hökm sürən orfoqrafik xaosdan narahat olmayan cənab Dadaşov həmin səhvlərin aradan qaldırılması üçün tədbirlər görmək əvəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutuna və “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbərliyinə “ustad dərsi” keçməyə cəhd edir.
Xatırlatmaq istərdik ki, “Bakı Metropoliteni” QSC-nin əsas vəzifəsi, Nizamnaməsində deyildiyi kimi, “…Bakı metropoliteninin inkişaf etdirilməsindən, sərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsindən, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisindən, metropolitenin maddi-texniki bazasının gücləndirilməsindən” ibarətdir. Bu və ya digər sözün leksik məna dairəsini, onların konkret məna çalarlarını müəyyən edib rəsmiləşdirmək isə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun müstəsna hüququdur və “Bakı Metropoliteni” QSC bu hüququ mənimsəyə bilməz.
Biz deyilən məsələ ilə bağlı Nəsimi adına Dilçilik İnstitutuna müraciət edib, rəsmi cavab almışıq. 16 oktyabr 2024-cü il tarixdə FADMM-ə daxil olan məktubu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdir əvəzi dosent Vəfa Abdullayeva-Nəbiyeva imzalayıb. Məktubda deyilir: “Azərbaycan dilinin izahlı lüğəti. IV cild, səh.672-də “zibil” sözünün evlərdə, küçələrdə və s.-də yığılaraq onları zibilləndirən tör-töküntü, tullantı mənaları qeyd olunur. Həmçinin bu sözün əsasında yaranan zibilatan, zibildaşıyan, zibilxana, zibilləmək, zibillik kimi sözlər də Azərbaycan ədəbi dilində aktiv formada işlənir.
Qeyd olunan nümunədə “ətrafı zibilləndirən tör-töküntü, tullantı” mənasında “çöp” sözü əvəzinə “zibil” sözünün işlənməsi leksik məna baxımından ədəbi dil normalarına daha müvafiqdir. “Zibil” sözünün məcazi mənada “lüzumsuz, yararsız, heç bir qiyməti, dəyəri olmayan, çox pis, yaramaz, murdar, alçaq, razil adam, yararsız, ləyaqətsiz, aciz, bacarıqsız adam” kimi neqativ mənaları da var (Azərbaycan dilinin izahlı lüğəti. IV cild səh.673). Lakin reklam mətnində sözün həqiqi mənası nəzərdə tutulur və söz hər hansı neqativ məna kəsb etmir”.
Bilmirəm, “Bakı Metropoliteni” QSC–nin ofisi yerin altındadır, ya üstündə, amma bir şey məlumdur ki, məzkur qurumda dövlət başçısının çıxışlarını ya dinləmir, ya da daha pis – dinləyir, amma etina etmirlər. Əks təqdirdə reklamda yol verilən leksik norma pozuntusuna belə gülünc iddialarla bəraət qazandırmağa cəhd etməzdilər.
Azərbaycan Prezidentinin çıxışından seçilən aşağıdakı sitatlar çox mötəbər mənbədən – dövlət başçısının saytından (president.az) götürülüb:
1. “Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa eybəcər adlarla bərabər”. Prezident İlham Əliyevin xalqa müraciəti, 01 dekabr 2020-ci il.
2. “Yollar bərbad, binalar dağılmış, hər tərəf zir-zibil, çirkin köşklər. Olan-qalanı da dağıdıblar”. Prezident İlham Əliyevin Aydın Kərimovu videoformatda qəbul edərkən etdiyi çıxışdan, 27 yanvar 2021-ci il.
3. “Ona görə yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq”. Prezident İlham Əliyevin Laçın şəhərinə qayıdan əhali ilə görüşündəki çıxışından, 28 may 2023-cü il.
4. “Bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir. Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Onları orada ayaqlarından asardılar”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısınn çıxışından, 11 iyul 2023-cü il.
“Bakı Metropoliteni” QSC-nin həddini aşıb mötəbər dilçi mütəxəssislərə tövsiyə vermək eşqinə düşən rəsmilərinə müraciət edirəm: Bəs deyirdiniz, “zibil” sözü söyüş kimidir, “ədəbi dilin leksik normalarının tələbinə əsasən ədəbi dildə söyüşlərin, kobud və loru sözlərin işlədilməsinə yer verilmir”. Dövlət başçısı söyüşlə danışır? Siz Azərbaycan ədəbi dilini cənab Prezidentdən daha yaxşı bilirsiniz?
Nəhayət, “Bakı Metropoliteni” QSC-nin məzkur şəxsləri özlərinə əziyyət verib, respublikanın aparıcı informasiya agentliyi, həm də ədəbi dil normalarına riayət edilməsi baxımından mötəbər mənbə hesab olunan Azərbaycan Dövlət İnformasiya Agentliyinin xəbərlərinə baxsalar, görərdilər ki, azertag.az saytında “zibil” sözü 595 dəfə işlənib. “Çöp” sözündən isə 42 dəfə istifadə edilib və o heç vaxt “zibil” sözünün sinonimi kimi işlədilməyib. Bir neçə nümunə verək:
1. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, öz gözlərində tiri görməyən Avropa dövlətləri bizim gözümüzdə çöp axtarırlar” (14 oktyabr 2023-cü il).
2. “Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib” (25 noyabr 2022-ci il).
3. “Qulaq təmizləyici çöpdən istifadə infeksiyaya səbəb ola bilər” (28 may 2024-cü il)
Əgər iddia etdiyiniz mülahizələrlə “zibil” sözünü “çöp”lə əvəz edirsinizsə, çöp elə zibildirsə, onda bu cümlələri necə anlayaq?
Avropa dövlətləri bizim gözümüzdə zibil axtarırlar?
Qədim türk əlifbası nümunələri zibil şəkilli olub?
Qulaq təmizləyici zibildən istifadə infeksiyaya səbəb ola bilər?
Göründüyü kimi, “Bakı Metropoliteni” QSC-nin rəsmiləri ədəbi dildə oturuşmuş və əsas mənasında heç bir neqativlik olmayan “zibil” sözünü dildən çıxarıb, “çöp” sözü ilə əvəz etmək özbaşınalığının ədəbi dilə necə zərbə vurduğunun fərqində deyillər.
P.S. Nəhayət, bizə deyilən və yazılan cavabdakı tövsiyə və məzəmmət tonu barədə. Psixologiyada Danninq-Krüger effekti deyilən bir anlayış var. Alimlər müəyyən ediblər ki, danışdığı sahə üzrə “asimanı risimandan ayıra bilməyənlər” (Nizami Gəncəvi) fikir yürüdəndə hamıdan cəsarətli olurlar. Müvafiq sahənin tədqiqatçıları deyir ki, bu, metakoqnitiv təhrifdir, psixoloji paradoksdur. Ona görə aldığımız şifahi və yazılı cavabdan əsla təəccüblənmədik. Təəssüflənmək hüququmuzu isə əlimizdən kimsə ala bilməz…
Vasif SADIQLI