AZ

ADPU əməkdaşları Corc Vaşinqton Universitetində

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları ABŞ-ın Corc Vaşinqton Universitetində (CVU) olublar.

ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, ABŞ ali təhsilində tətbiq olunan müxtəlif tədris və təlim metodologiyaları ilə tanışlıq üçün nəzərdə tutulmuş səfər Vaşinqton şəhərində yerləşən CVU-nun professor-müəllim heyəti ilə görüşlə başlanıb. Görüş çərçivəsində ABŞ təhsil təcrübəsi, dayanıqlı inkişaf və onun təhsilə inteqrasiyası, yeni tədris metodlarının və modellərinin tətbiqi, tədris prosesinin bəzi nümunələri, biliyin qiymətləndirilməsində müxtəlif metodlardan istifadə, təhsil standartlarının rolu və onun əsas prinsipləri, təhsilin inkişaf etdirilməsində yeni strategiyalar kimi mövzular ətrafında müzakirə və fikir mübadiləsi aparılıb. Beş gün davam edən səfər zamanı əməkdaşlar müxtəlif mövzuda təlimlərdə iştirak ediblər.

Həmçinin səfər iştirakçıları universitetdə dərs prosesində iştirak edərək ABŞ mütəxəssislərinin tədris texnologiyaları və pedaqoji yanaşmaları ilə tanış olublar.

Səfərin nəticəsi kimi Pedaqoji Universitetdə tələbələri öyrənmə prosesinə daha aktiv cəlbi üçün praktik otaqların təşkili, Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisə inteqrasiyasına daha çox diqqət yetirilməsi, fəal təlim metodları ilə işin təşkilinin genişləndirilməsi, qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi kimi məsələlərdə Corc Vaşinqton Universitetinin təcrübəsindən istifadənin faydalı ola biləcəyi müəyyən edilib.

 

Seçilən
47
tehsil.biz

1Mənbələr