AZ

"Məmurlar istənilən an, istənilən obyekti qanunsuz elan edib sökürlər"

"Bir neçə gündür ki, “vosmoyun bazarı” deyilən ərazidə onillərdir ticarətlə məşğul olan insanların kiçik obyektləri sökülür, onlarla ailə işsiz-çörəksiz qalıb. Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, "8-ci km bazarı" ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırlması ilə bağlı tədbirlər görülür. Yaxşı, bu obyektlər onillərdir ordadır, bəs nədən bu illər ərzində qanunsuz olduğu, antisanitar vəziyyət yaratdığı heç kimin yadına düşməyib?! Çünki, nəzarətçi qurumlar hamısı illərdir o yazıq xalalardan, dayılardan, kiçik sahibkarlardan haqq alıblar, onların alın təri ilə isti-soyuq bilmədən gündə 14 saat işləyib qazandıqlarına şərik olublar. Onların ödədiyi vəsait ciblərə gedib, məmurlar da istənilən an, istənilən obyekti qanunsuz elan edib sökürlər".


Pravda.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib.


N.Cəfərli bildirib ki, məmləkətdə rəsmən deyirlər küçə ticarəti yoxdur, qanunsuzdur, amma hər yerdə var – sadəcə icazəsi nəzarətçi qurunların iki dodağı arasındadır, aldıqları rüşvətə bağlıdır: "Hörmətli qalstuklu məmurlar, küçə ticarəti bəs nə zaman qanuni olur? Bunun yolu-izi, qanuni fəaliyyət istiqaməti necədir? Vətəndaş nə etməlidir ki, ticarəti qanuni olsun? Bu qaydalar şəffaf şəkildə harda yazılıb, necə müəyyən olunub? Hə, anlayıram ki, sizlərin şəxsi marağınız qeyri-müəyyənlikdədir – qaydanı kağız üzərinə deyil də, kefinizə yazanda sizə sərf edir, bunu bildik, amma bu məsələni həll etmək lazımdır. Gələk indi o satıcı-sahibkarlara, əzizlərim, siz hamınız hökumətin seçkilərdə “oy depususunuz”, yox-yox, siz seçkiyə getmirsiniz, bunu bilirik, siz iştirak etməməklə onlara səs verirsiniz, məhz sizin bülleteniniz iştirak etmədiyinizə görə onlara yazılır. Ölkədə 30 illik özünü müxalif adlandıranlarla hökumətin dərin “boykot ittifaqı” sizin əlehinizə belə bir münbit şərait yaradıb. Əslində, küçə ticarətinin icazəsi də, nəzarəti də bir qurumda – Bələdiyyələrdə olmalıdır, amma bizdə bu qurum “doğuşda öldü”, yəni, “ölü doğuldu”. İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan, amma normal sistem qurmuş istənilən ölkədə Böyük Şəhərin Bələdiyyəsi bu işlə məşğul olur, icazələrdən büdcəyə böyük vəsait toplayır, sonra da o vəsaiti vətəndaşa xərcləyir ki, növbəti dəfə səs qazansın. Bu işin yolu-izi, həll yolu budur, bizdə hər il küçə ticarətindən müxtəlif məmurların cibinə onmilyonlarla manat daxil olur, bu növ ticarətlə məşğul olanların isə heç orta əsrlərdə bazarda mal satanlar qədər də haqqı-hüququ olmur, istənilən gün bircə təpiklə piştaxtaları dağıdıla bilər" - o əlavə edib.

Tarix: 1 Noyabr 2024, 11:23   
Seçilən
43
1
pravda.az

2Mənbələr