AZ

Azərbaycanda pensiya yaşı nə vaxt azaldılacaq?

MDB ölkələrində ən yüksək pensiya yaşı Azərbaycandadır.

Belə ki, Özbəkistanda kişilər 60, qadınlar 55, Tacikistan, Belarus, Qırğızıstan, Rusiyada kişilər 63, qadınlar 58, Moldova və Ermənistanda kişilər 63, qadınlar 61, Ukraynada hər iki cins 60, Gürcüstanda kişilər 65, qadınlar 60, o cümlədən qonşu ölkələrdə İranda kişilər 60, qadınlar 55, Türkiyədə kişilər 60, qadınlar 58 yaş təşkil edir. Azərbaycanda isə pensiya yaşı bütün adıçəkilən ölkələrdən yüksəkdir. 

Qeyd edək ki, bir çox ölkələrdə 30 il əmək stajı olanlar daha erkən yaşlarında pensiyaya çıxa bilir. Məsələn, Türkiyədə qadınların bir çoxu 48-50 yaşlarından pensiyaya çıxır. Avropada pensiya yaşı yüksək olsa da, orta ömür də yüksəkdir. 

Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı məsələnin müzakirəsi, qaydalarda dəyişiklik mümkündürmü? 

Millət vəkili Fazil Mustafa “Cümhuriyət”-ə bildirib ki, MDB-də ən yüksək pensiya yaşı Azərbaycanda olsa da, ölkəmizdə daha çox bu qərar pensiyadan sonrakı ölüm yaşı ilə uzlaşdırılaraq qəbul olunub: 

“Təbii ki, bu elastik məsələdir, istənilən vaxt ona baxıla bilər. Ancaq bunun mütləq məntiqi əsaslandırması olmalıdır. 

Adətən pensiyada 12 il orta yaşama müddəti nəzərdə tutulub. Ola bilsin ki, kimin üçünsə bu müddət 20 il, kimin üçünsə 5-6 ildir.

Ona görə də bu rəqəm ortaya qoyulub. Hər halda müəyyən dərəcədə yaşlılığın dinamikasında dəyişiklik varsa, məsələyə yenidən baxıla bilər. Yəni, bu,  mütləq dinamik məsələ kimi anlaşılmalıdır. Pensiya yaşı təyin olunub deyə əbədi həmin yaşın qalması variantı yoxdur. Bizdə bunun bəlkə hər il müəyyən olunmasına ehtiyac var. Dəqiqiləşdirmə aparılmalıdır ki, qocalıq, pensiya yaşı ilə bağlı mütənasiblik doğru qurulsun”. 

Deputat təəssüf edib ki, bu istiqamətdə dinamika müəyyən dərəcədə aydınlaşdırıcı formada təqdim olunmur: 

“Bu, bəzən də populist çıxışlara yol açır. Bəzən bundan istifadə edərək hansısa ölkədə pensiya siyasətini müəyyən dərəcədə dolaşıq, xaotik göstərməyə çalışılır. Ancaq bu dinamika ilə bağlı vaxtaşırı məlumat verilsə, yəqin ki, bu mövzuda məsələlərə də aydınlıq gələr və belə problemlərin də daha tez həllinə nail olmaq mümkündür. Hər halda yaş məsələsinə məntiqi əsaslandırma ilə baxıla bilər və onun nəticəsi olaraq müəyyən dəyişikliklər mümkündür”. 

İqtisadçı-ekspert Akif Nəsirli isə bildirib ki, Azərbaycanda pensiya yaşı kifayət qədər yüksəkdir:

“Bunu müşahidələr nəticəsində müəyyən edə bilərik. Üstəlik də bu, hökumətin qəbul etdiyi prinsiplərə uyğun deyil: 

“Məsələn, hökumət 65 yaşda vətəndaşı pensiyaya çıxarmaq niyyətindədir. 2026 -cı ildə qadınlar da həmin yaş həddinə çatacaq. Yəni, Azərbaycan hökumətinin hədəfi odur ki, kişi və qadın 65 yaşında pensiyaya çıxacaq. Eləcə də hökumət “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq öhdəlik götürür ki, 12 il pensiyaçıya pensiya verəcək. 

İndi statistikaya müraciət edək ki, 65 yaşında pensiyaya çıxan vətəndaşın neçə faizi 12 yaşayır? Azərbaycan vətəndaşlarının neçə faizi 77 yaş yaşayır? Bəlkə heç 15-20 faizi bu həddə gəlib çatmır. Burada hökumət 12 illə özü üçün uduş qazanır. Faktiki olaraq Azərbaycan statistikasına görə, qadınların orta ömür uzunluğu 74 yaş, kişilərinki 71 yaşdır. Topladıqda 72,5 yaş edir. Deməli, hökumətin uduşu vətəndaşa 4 il yarım pensiya verməkdən boyun qaçırmaqdır. 

Hökumət bu istiqamətdə müəyyən düşüncələrə malikdir. Bu yaxınlarda özəl pensiya fondlarının yaradılması barədə millət vəkili Vüqar Bayramov bildirib ki, bu fondlara etibar edən vətəndaşlar 55 yaşında pensiyaya çıxmaq imkanı qazanacaqlar”. 

Ekspert hesab edir ki, Azərbaycanın indiki iqtisadi şəraitində normal özəl pensiya fondu yaratmaq mümkün deyil: 

“Hesab edirəm ki, dünyaya, beynəlxalq təşkilatlara Azərbaycanda da pensiya fondları olduğunu göstərmək üçün onu yaradacaqlar. Bu fondlarda vətəndaşların ahıl yaşının sığortalanması ilə bağlı stimul olacaq, pensiyaçıları həmin fondlara cəlb edəcəklər. Bu, o deməkdir ki, hökumət özü də başa düşür ki, hazırda Azərbaycandakı ömür uzunluğu ilə pensiya yaşı adekvat deyil. 

Özəl pensiya fondlarının yaradılması ilə bağlı düşüncələr də buna işarə edir. Yəni, layihədə nəzərdə tutulub ki, özəl pensiya fondlarında sığortalanan vətəndaşlar 55 yaşında pensiyaya çıxsın və digər stimullaşdırıcı amillər də var. Layihə ilə tam tanış deyiləm”. 

O hesab edir ki, Azərbaycanda pensiya yaşı olduqca, ən azı 5 il yüksəkdir: 

“Fikrimcə, qadınlar 57, kişilər isə 60 yaşında pensiyaya çıxmalıdır. Bu gün qadınların pensiya yaşı 8 il,  kişilərin pensiya yaşı isə 5 il ədalətli, optimal pensiya yaşından yüksəkdir”. 

Seçilən
51
5
cebheinfo.az

6Mənbələr