AZ

Rektorun məktubu

Avqust ayında Sondan Durukanoğlu Feyizlə tanış olmaq üçün Haliçə getmişdim. Haliç İstanbulda bir dəniz girintisidir.

Tarixi yarımadadakı Haliçə türklər “Altın Boynuz” da deyirlər.

Avropa ədəbiyyatında isə Haliç “Golden Horn” olaraq bilinir.

İstanbula ilk dəfə gələndə ən çox görmək istədiyim yerlərdən biri idi Haliç.

1453-cü ildə Konstantinopolun fəthi zamanı gəmilərin qurudan daşınaraq Haliç sularına endirilməsi Dünya tarixinin axarını dəyişdirən hadisələrdən biridir. Addım-addım gəzmişəm İstanbulun tarix qoxan bu əsrarəngiz səmtini. 1990-ların əvvəllərində Haliçdə gəzərkən dəniz girintisin sahilində yerləşən qədim bir bina gözəlliyi ilə diqqətimi çəkmişdi. O vaxt bura Cibali Tütün Fabriki idi.

1997-ci ildən isə restavrasiya edilmiş bu bina Kadir Has Universitetinin rektorluq binasıdır.

Professor Durukanoğlu Feyiz isə universitetinin rektorudur.

İxtisasca fizik olan Sondan xanım uzun illər Amerikanın Viskonsin və Kanzas universitetlərində, “University of Wisconsin-Madison”, Massaçusets Texnoloji institutunda çalışıb. 2018-ci ildən Kadir Has Universitetinin rektorudur…

Rektor xanımın sadə amma zövqlə döşənmiş Haliç mənzərəli otağında təbii ki, söhbətimizin əsas bölümü müasir tədris və onun problemləri haqqında oldu. Sondan hoca “Yeni Təhsil Modeli” adlandırdıqları təhsil sistemi ilə dünyanın istənilən yerində işləyə biləcək məzunlar yetişdirməyi hədəfləyirlər.

“Bu il çıxacaq Dünya Reytinqində bizim universitet ilk 1000 universitetdən biri olacaq” deyəndə mən Sondan hocaya uğurlar arzulayıb, bu çalışqan təhsil fədaisi ilə vidalaşmışdım.

Üç ay sonra mail adresimə bir elektron məktub gəldi.

Rektor xanımın göndərdiyi bu mail-i paylaşmaq istəyirəm:

“Hörmətli İbrahim Nebioğlu,

Kadir Has Universiteti olaraq son illərdə zəhmətimizin bəhrəsini almağa başladıq: Times Higher Education-ın 2025-ci il Dünya Reytinqində (Top 1000 in the Times Higher Education's 2025 World Rankings) ilk 1000-ə daxil olduq. İlk minliyə Türkiyədən cəmi 12 universitet düşüb və Kadir Has Universiteti ilk girişində bu sıralamaya nail olub. Türkiyənin reytinq cədvəli ilə aşağıda tanış ola bilərsiniz:

1. Sabancı Universiteti

2. Koç Universiteti

3. Orta Doğu Texniki Universiteti

4. İstanbul Texniki Universiteti

5. Boğaziçi Universiteti

6. Bilkənd Universiteti

7. Çankaya Universiteti

8. Kadir Has Universiteti

9. Hacettepe Universiteti

10. Yıldız Texniki Universiteti

11. Bahçeşehir Universiteti

12. Özyeğin Universiteti

Bu uğuru 170 professor-müəllim heyəti və 4500 tələbə ilə əldə etdik. Biz bu kiçik miqyasda həqiqətən böyük uğur əldə etmişik. Buna görə müəllim və tələbələrimə minnətdaram. Qarşıdakı illər nailiyyətlərimizə uğurlar əlavə edəcəyimiz illər olacaq.

Övladlarımızın dünya səviyyəli təhsil ala bilməsi və universitetimizdə yaradılan tədqiqat ekosistemində maraqlı tərəfə çevrilməsi üçün həm təhsildə, həm də tədqiqatda çox çalışmağa davam edəcəyik. Yeganə məqsədimiz bütün məzunlarımızın Kadir Has Universitetində aldıqları təhsillə bütün dünyada axtarılan şəxsiyyətlər olmasını təmin etməkdir.

Hörmətlə,

Prof. Dr. Sondan Durukanoğlu Feyiz,

rektor”

Bu məktubu paylaşmaqla izləyicilərim həm də Türkiyənin ən güçlü təhsil ocaqlarının reytinq və sıralamalarını da incələmiş olacaqlar…

İbrahim Nəbioğlu

visiontv.az



Seçilən
31
visiontv.az

1Mənbələr