Siyavuş Novruzov: “Bu dörd nəfər prokurorluq orqanlarında işləmək istəyəcək?"
"Azərbaycanda hüquq üzrə cəmi yeddi fəlsəfə doktorunun yaşı 50-dən azdır".
Bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, həmin şəxslərin bundan sonra prokurorluq orqanlarında işləmək istəyəcəyi inandırıcı deyil:
“Elmi dərəcəsi olan şəxslər müsahibəsiz prokurorluq orqanlarına qəbul olunur. Amma onların sayı hədsiz azdır. 2023-cü ildə cəmi 99 nəfər fəlsəfə doktoru elmi dərəcə alıb. Hüquq sahəsində cəmi 4 nəfər dərəcə alıb. Bu dörd nəfər prokurorluq orqanlarında, yaxud digər güc strukturlarında işləmək istəyəcəkmi? Fəlsəfə doktoru adını alanlar daha çox filologiya, tarix, tibb, dəqiq elmlər və s. sahələrdədir. BDU-da cəmi 27 nəfər hüquq üzrə fəlsəfə doktoru çalışır, bu, çox azdır”.
Parlament sədri Sahibə Qafarova da deputata haqq verdiyini vurğulayıb:
“Sözlərinizdə həqiqət var, amma qanun 1-2 il üçün yazılmır. Ömürlükdür və lazım olduqca dəyişikliklər aparılır”(Report).