AZ

ETTİLAAT-ın məxfi sənədləri və yaxud ifşa olunan İran kəşfiyyatı

Sizə Azərbaycanı hədəfə alan İran Xüsusi xidmət orqanı ETTELAAT-ın və onu törəmə terror qurumu olan “Hüseyniyyun” təşkilatının ifşa olunan rəsmi sənədlərini təqdim edəcəyəm. Bu sənədləri oxuduqca molla rejiminin anti-Azərbaycan fəaliyyəti barədə hər bir şəxsdə aydın təsəvvür yaranır. Təbii ki, illərdir Tehran rejiminin anti-Azərbaycan fəaliyyəti ilə bağlı fərqli məlumatlar təqdim edirik. Və bu fəaliyyətin çoxşaxəli olduğunu, Azərbaycanda din adı altında xaosun, qarşıdurmanın yaradılmasına xidmət etdiyini deyirik, yazırıq, göstəririk. Bu fəaliyyətin görünən tərəfində hiyləgər gedişli din, təriqət qardaşlığı dayansa da arxa planda müstəqil Azərbaycan Respublikasının varlığına, inkişafına, güclənməsinə yönəlik dağıdıcı faktorların olduğunu anlamaq çətin deyil. Bir az diqqətli oxucu, tamaşaçı olsanız baş verənlərin nədən ibarət olduğunu dərk edəcəksiniz. Ümumiyyətlə İran-Azərbaycan münasibətlərini iki dövrə bölsək sizin üçün baş verənlərin məntiqini anlamaq daha aydın olacaq.

44 günlük Qarabağ savaşından əvvəlki dövr və sonrakı mərhələ. 2020-ci ilin sentyabrın 27-ə qədər bu münasibətlər Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeganə ümid yerinin Tehranın təlqin etdiyi dırnaqarası və özünəməxsus şiəlikdə olduğunu və bu yöndə milyonlarla pul xərcləyib azərbaycanlıları öz tərəfinə çəkmək cəhdindən ibarət idi. Və bu yöndə kifayət qədər işlər görülmüşdü belə. Halbuki, Tehran rejimi heç vaxt Azərbaycanın ərazi bütövlüyünün bərpasına cəhd etməyib. Cəhd etmək bir yana əksinə Ermənistana dəstək verərək işğalın ömrünü uzadaraq münbit Qarabağ torpaqlarının talan edilməsində ermənilərlə bir yerdə fəaliyyət göstəribdir. Amma dediyim kimi Azərbaycanda əhali arasında apardığı ikiüzlü təbliğat guya din, təriqət qardaşlarının yanında olduğunu bəyan etmək olub. 2-ci Qarabağ savaşından sonra Tehran rejiminin ikiüzlü və məkirli siyasəti ortaya çıxdı. Azərbaycanın öz ərazisini bərpa etməsi, Qarabağı işğaldan azad etməsi molla rejiminin hiyləgər və məkirli simasını ifşa etdi. Hətta mollalar öz düşmən simalarını elə açıq biruzə verdilər ki, vaxtilə din, təriqət deyib inandırdıqları bir qism insanların belə nifrətinə layiq oldular. Din, təriqət deyib onlara inanan camaat molla rejiminin ermənilərin arxasında durduğunu, illərdir yalan danışdığını açıq aydın gördü və anladı. Fikir versəniz görərsiniz ki, molla rejiminin Azərbayacana olan nifrətinin səviyyəsi o həddə oldu ki, hətta Qüzeydə onların ən qatı tərəfdarları belə çaşqınlıq içində qaldılar. Ermənilərlə müharibənin qızğın vaxtında guya din və təriqət qardaşları olan İran bizə kömək etmək əvəzinə var gücləri ilə ermənilərə silah-sursat daşımağa başladılar, SEPAH-ın hərbiçilərini Qarabağa bizimlə savaşa göndərdilər, gecə-gündüz Xankəndinə yanacaq, hərbi ləvazimat daşıdılar və sair. Və bütün bunları təbii ki, Azərbaycanın mollalara inanan dini kəsimi də gördü və barmağını dişlədi. Və bu dişləmənin ağrısını ilk növbədə molla rejimi özü hiss etdi. Azərbaycanın dini kəsimi beş-on satqın, xəyanətkarı çıxmaq şərtilə Tehrandan üz döndərdi. Mollalar səhv etdiklərini anlayana qədər artıq iş-işdən keçdi. 30 il xərclədikləri milyonlarla dollar göyə sovruldu, yaratdıqları bütün hücrələr, kəşfiyyat sistemləri darmadağın oldu, din adı altında əla aldıqları yüzlərlə mömünlər onlardan üz döndərdi, cəsusluğa cəlb etdikləri onlarla şəxslər həbs olundu, “Hüseyniyyun”, Müsəlman Birliyi Hərəkatı kimi terror qruplaşmalarının Azərbaycanda fəaliyyəti ləğv olundu, üzvlər ya həbs edildi, ya da Tehrana qaçdı. Və nəticədə Tehran rejiminin Azərbaycanda yürütdüyü bütün fəaliyyət fiaskoya uğrayaraq sıfırlandı. 3-4 ildir özlərinə gələ bilməyən və məğlubiyyətlə barışmayan molla rejimi Azərbaycanda sui-qəsdlər, təxribatlar törətdi, sərhədlərimizdə hərbi təlimlər keçirtdi, Bakını raket və dronlarla vuracağını bildirdi, Tehrandakı səfirliyimizə silahlı hücumlar təşkil etdi. Yəni sübut etməyə çalışdı ki, biz siz azərbaycanlılardan güclüyük və güc yolu ilə sizi məhv edə bilərik. Amma alınmadı. Hansı dildə danışdılarsa o dildə də cavablarını aldılar. Nəhayət anladılar ki, yox güc yolu ilə heç nəyə nail ola bilməyəcəklər. Və yenidən bu dəfə başqa bir taktika ilə Azərbaycana sarı gəlməyə başladırlar. 

HİYLƏGƏR FARS-MOLLA TAKTIKASI YENIDƏN, BU DƏFƏ BAŞQA FORMADA ÖZÜNÜ BÜRUZƏ VERDI

Guya iqtisadi və mədəni əlaqələrin inkişafı, Güney azərbaycanlıların hüquqlarını üst səviyyəyə qaldırmaq, onları dövlət işinə cəlb etmək, Azərbaycan və İranın ortaq tarixə sahib olduğunu göstərmək, fars-türk qardaşlığı və sair. Hətta azərbaycanlı Pezeşkianın belə prezident seçdilər ki, baxın İranı tək fars-molla çetəsi yox, türklərdə idarə edir. Təbii ki, bütün bunların hamısı bir görüntüdür, mirajdır. İranı kimin idarə etdiyini hamı bilir. Xameneinin və fars-molla şovinistlərinin icazəsi olmadan Pezeşkian və türk-azərbaycanlı dedikləri vəzifəlilər müstəqil bir addım belə ata bilməzlər. Bunu hətta ən ucqar kənddə yaşayan nənələrimiz belə bilir. Amma görüntü və bizi inandırmaq amaclı atdıqları bu addıma müsbət baxan şəxslərdə oldu. Ona görə indi sizə təqdim edəcəyim məxfi, amma rəsmi bir məlumatı bölüşməklə tərəddüd edənlərin də fikrində aydınlıq yaratmaq istəyirəm. Məxfi planı İranın Kəşfiyyat Nazirliyi - “Ettelaat” hazırlayıb. 2023-cü ilə aid bir sənəddir. Deməli İranın Kəşfiyyat Nazirliyinin - “Ettelaat”ın bu ölkənin Prezident Aparatına göndərdiyi Azərbaycan əleyhinə təkliflər planını əhatə edən tam məxfi qrifli sənəd Albaniyada fəaliyyət göstərən iranlı dissident qrup “Xalq Mücahidləri Təşkilatı”nın kiber qrupları tərəfindən ələ keçirilərək yayımlanıb.
20 may 2023-cü il tarixində İran prezidentinə təqdim olunan “ “İran və Azərbaycan əlaqələrinin son vəziyyətinə baxış və qarşılıqlı əlaqələrinin yenidən tənzimlənməsinin zəruriliyi” adlı hesabata nəzər salanda aydın olur ki, “Ettelaat”  Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum və Azərbaycanın Milli Məclisinin deputatına qarşı törədilmiş sui-qəsdə reaksiyaya cavab olaraq, Azərbaycan ilə münasibətlərin “yenidən müəyyənləşdirilməsi”ni təklif edir.
Təkliflərin bəzilərini nəzərinizə təqdim edim:
1.    Azərbaycanla Sionist rejim arasında mövcud olan münasibətlərdə zəif nöqtələr və fikir ayrılıqlarının aşkar edilərək həmin fikir ayrılıqlarının dərinləşməsi istiqamətində plan hazırlanması.
2.    Azərbaycanda “İranfobiyanın” azaldılması ilə paralel olaraq “İsrailfobiyanın” gücləndirilməsi
3.    Azərbaycan hakimiyyəti xarici ölkələrin ərazilərindən fəaliyyət göstərən cərəyanlara kəskin reaksiya verdiyindən, bu ölkədə şiə təfəkkürünün oyanışına yönəlmiş istənilən fəaliyyət Azərbaycanın daxilində formalaşdırılmalıdır;
Hesabatda sosial mediada Azərbaycanla bağlı hansı istiqamətlərin inkişaf etdirilməli olduğu da göstərilir:
1.    Azərbaycan cəmiyyəti ilə hakimiyyəti ayırmaq istiqamətində səylərin göstərilməsi;
2.    Azərbaycanın NATO-nun Rusiyanın cənubunda mövcudiyyətini təmin etmək üçün münasib bölgəyə və 2-ci Ukraynaya çevrilməsinə dair Rusiya hökumətində həssaslıqlar formalaşdırmağa təlaş göstərilməsi;
3.    Azərbaycan hakimiyyətinin “İrandan uzaqlaşmağa istiqamətlənmiş” siyasət yürütməsini sionist müşavirlərindən təsirlənməsi ilə əlaqələndirmək.
Gördüyünüz kimi üzdə dostluq mesajı verən molla rejiminin anti-Azərbaycan fəaliyyətində heç bir dəyişiklik yoxdur. Əksinə qurulan planlardan aydın olur ki, bu münasibətləri daha hiyləgər və sərt şəkildə önə çəkməyə çalışırlar. Və nəyin bahasına olursa olsun Azərbaycanda münaqişə ocağı yaratmaqla bölgədə yenidən xaos yaratmağa çalışırlar. Ona görə bir dəfəlik anlayın ki, Tehran rejimi də Fransa kimi, ABŞ-nin ermənipərəst konqresmenləri kimi ermənilərin məğlubiyyətini həzm edə bilmir, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etmirlər. Tehran rejiminin hazırladığı bu planın əminliklə deyə bilərəm ki, Fransanın Azərbaycana yönəlik planı ilə heç nəyi ilə fərqlənmir. Mən hətta deyərdim ki, bu planları Paris və Tehranın birgə planı da adlandırmaq olar.

ETTİLAAT-IN ANTİ-AZƏRBAYCAN FƏALIYYƏTINDƏ "HÜSEYNIYYUN" TERROR TƏŞKILATININ ROLU

Təbii ki, Tehran rejiminə bu planı həyata keçirmək üçün vasitələr və ən əsası xəyanətkar əlmanlar lazımdır. Vasitələr bəllidir. Həm peşəkar, həm də sosial media vasitəsilə bu işləri yürüdülür. Əlamanları isə dediyim kimi xəyanətkarların arasından seçirlər. O cümlədən bəzi ictimai-siyasi fiqurlar, siyasi şərhçilər, deputatlar da bu planın tərkib hissəsində öz rollarını oynayırlar.  Bu xəyanətkarlar arasında Hüseyniyyun terror təşkilatı isə birinci yerdə durur. Planda bu qrupun nə işlərlə məşğul olacağı da açıq-aydın yazılır. Buyurun dinləyin.  
 “Hüseyniyyun” qruplaşmasına məxsus Azərbaycan və farsdilli “Telegram” kanalları, eləcə də digər sosial şəbəkə hesablarında İsrailin İrana hücumunda Azərbaycan Respublikası “ərazisindən istifadə etməsi”nə dair dezinformasiyalar tirajlanır. Qruplaşma hər bir vəchlə hücumda Azərbaycan ərazisindən “istifadə edilməsi”ni “əsaslandırmağa” və İranın İsrailə nəzərdə tutulan növbəti hücumu zamanı Azərbaycan ərazisinə də zərbələr endirməsinin “vacib olması”nı vurğulamağa çalışmaqdır. 
Məlumatla bağlı əsas istiqamətlər aşağıdakı kimidir:
1.    İsrailin İrana hücumu ilə eyni vaxtda Azərbaycanın cənub, Türkiyənin isə şərq bölgələrində kəşfiyyat uçuşları həyata keçirilməsinə dair “hərbi radar” resursundan fotolar tirajlanmışdır. Uçuşun “Masallıda yerləşən və İsrailin istifadəsində olan hava bazasından baş tutduğunun ehtimal edildiyi” bildirilməlidir;
2.    İsrailin hücumda Azərbaycan və ya Türkmənistan ərazisindən də “istifadə etməsi”nə dair israilli ekspertlərin “dövlət televiziyasında çıxışı”na və müxalifətə bağlı “Haaretz” informasiya resursunda 6 mart 2023-cü ildə tirajlanmış məqaləyə istinad edilməsi;
3.    Həm “Hüseyniyyun”a, həm də İran rejiminə bağlı digər sosial media hesablarında hücumda “Azərbaycanın tamamilə İsrailin ixtiyarına verdiyi Sitalçay hərbi hava bazasından istifadə edilməsi”nə dair dezinformasiyalar tirajlanmalıdır. Paylaşımların şərh bölməsində İranın növbəti əməliyyatda Azərbaycan ərazisində həmin bazalara hücum etməsinin “zəruri” olduğu bildirilməlidir;
Gördüyünüz kimi dostluqdan, qardaşlıqdan danışan Tehran rejimi əslində Azərbaycana qarşı tam miqyasda təxribat xarakterli əməliyyatlara start verib və bu əməliyyatları həyata keçirməkdə davam edir. Bunu İranın və Azərbaycanın bəzi sosial media platformalarından da görmək mümkündür. Məsələn İranın fars faşist hərəkatının əsas tribunalarından biri olan “Fərhixteqan” qəzeti Azərbaycanın İsrailin İrana hücumunu qınamamasını “Azərbaycan Respublikası”nın İsrailə təslim olmasının əlaməti kimi qiymətləndirib. Bu qəzet Azərbaycana qarşı ritorikasını davam etdirərək yazır. Sitat: “İndi Təl-Əviv rejiminin İran ərazisinə təcavüzündən sonra təhlükəsizliyini işğalçılara həvalə edən, hərbi və təhlükəsizlik bazalarını onlara icarəyə verən ölkələr hər bir xalqdan daha çox cəzalandırılmalıdır. İranın mümkün cavabından ehtiyatlı olun”. Sitatın sonu. Bu qəzet Azərbaycanın İsraillə əlaqələrinin genişlənməsini “Azərbaycanın Vaşinqtonun Tehrana qarşı sanksiyaları və təzyiqləri çərçivəsində regional səviyyədə mühasirə səylərində artan rolu” kimi şərh edib. O cümlədən Tehrandan olan millət vəkili və Parlamentin Kənd Təsərrüfatı Komissiyasının sözçüsü Samiyə Rəfii Bakıda keçiriləcək COP29-dan danışaraq deyir ki, İsrail hökuməti ekoloji sammitin pərdə arxasında rol oynayır və bu Azərbaycanla İsrailin yaxın münasibətlərindən irəli gəlir. Sitat: “Hazırda prezidentin bu iclasda iştirakı müsbət deyil və birinci vitse-prezidentin başçılıq etdiyi İran nümayəndə heyətinin bu iclasda iştirak etməsi daha yaxşıdır.” Sitatın sonu. 
Beləliklə gəldiyim nəticə odur ki, Tehran rejimi 44 günlük Qarabağ savaşında ermənilər kimi məğlubiyyət faktını həzm edə bilmir. Və Azərbaycanla dostluq, sülh şəraitində yaşamağa meyilli deyil, əksinə çalışır ki, ermənilər kimi revanşist qüvvələrin əli ilə yenidən öz diqtəsini, hegomonluğunu bərpa etsin. Amma vallahi də billahi də alınmayacaq. Mollalar indi elə bir durumdadır ki, öz hakimiyyətlərini qoruyub saxlaya biləcəkləri belə sual altındadır. İran daxilində yaşayan millətlər bunlardan o həddə bezib ki, bütün vasitələrdən istifadə edərək canlarını qurtarmağa çalışır. Elə sivil dünya da Tehran rejiminin çıxartdığı hoqqalardan bezib və mollalr bu cür davam etsələr sonları yaxşı görünmür. 

Şöhrət El-Dəniz

visiontv.az



Seçilən
77
visiontv.az

1Mənbələr