2022-ci ildən ölkə üzrə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması prosesinə başlanılıb. Qaydaya görə, vətəndaş ev alarkən ödədiyi ƏDV-nin 30 faizini geri ala bilir. Evlərlə bağlı belə qaydanın olması yeni alınan avtomobillərlə bağlı ƏDV tələb olunmasına yol açıb. Belə ki, sosial şəbəkələrdə vətəndaşlar avtomobillər üçün də ƏDV-nin geri alınması qaydasının tətbiq olunmasını tələb edirlər.
Bəs vətəndaş avtomobil alarkən də ƏDV-si geri qaytarılmalıdırmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, ƏDV adətən geyim, elektronika və qida məhsullarından tutulur:
“Vergi Məcəlləsinin 173-cü maddəsinə əsasən, əlavə dəyər vergisinin dərəcəsi 18 faizdir. ƏDV məhsulların, malların və xidmətlərin dəyərinə əlavə edilən vergidir. Bu vergi həmin məhsulu və xidməti alan şəxslər tərəfindən dövlətə ödənilir və ödənilən ƏDV-nin bir hissəsi vətəndaşa geri qaytarılır. ƏDV-nin hesablanma qaydası çox sadədir. Məsələn, 2000 manatlıq məhsul almısınızsa, həmin məbləği vurursunuz 18 faizə, 360 manat edir. Əgər nağdsız ödəniş etmisinizsə, 15 faizi, yəni 54 manatı, nağddırsa, 10 faizi, yəni 36 manatı sizə geri qayıdır”.
Hüquqşünas qeyd edib ki, avtomobil ƏDV tutulan məhsullara aid edilmir:
“ƏDV-dən azad olan məhsul və xidmətlər də var. Bunlar un məmulatları, kənd təsərrüfatı məhsulları, təhsil və səhiyyə xidmətləri və ixrac olunan məhsullardır. Qanunvericiliyə edilmiş yeni dəyişikliyə görə, ƏDV-nin qaytarılması avtomobil, alkoqollu içki və tütün məmulatlarına da aid edilmir”.
T.Abdullazadə vurğulayıb ki, evlərin ƏDV-sinin qaytarılması ilə bağlı müəyyən şərtlər var:
“Yeni tikilmiş binadan yaşayış və ya qeyri-yaşayış sahəsi mənzil almısınızsa, ƏDV-nin bir hissəsi sizə geri qaytarılmalıdır. Lakin bunun müəyyən şərtləri var. Belə ki, MTK-dan mənzil alırsınızsa, mütləq ödənişi nağdsız qaydada, yəni MTK-nın bank hesabına pulu köçürməklə etməlisiniz. Bundan başqa, ƏDV-nin geri qaytarılması üçün bina tikilib, tam təhvil verilməlidir. Bu zaman, ƏDV-nin 30 faizi sizə tam geri qayıdır. Bu imkanlardan yararlanmaq istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin portalında qeydiyyatdan keçməlidir”.
Firuzə Əliyeva