"Bu sazişlə Ukrayna öz tranzit gəlirlərini əldə etməkdə davam edəcək, Azərbaycan isə Avropa ilə energetika əlaqələrini möhkəmləndirəcək..."
Avropa alıcıları Rusiya və Ukrayna arasında qüvvədə olan tranzit sazişinin ilin sonunda müddəti bitəndən sonra qitəyə təbii qazın tədarükü barədə Azərbaycanla sazişə yaxındır.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Nəşr yazır ki, Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan il ərzində 12-14 milyard kub metr qazın tədarükü ilə bağlı müqavilənin imzalanmasına yaxındır.
Bu zaman onlar hazırda Rusiya qazının Ukraynadan Avropa İttifaqına nəql edilən eyni boru kəməri şəbəkəsindən istifadə edəcək.
Qeyd edilir ki, bu tədarük faktiki olaraq hazırda Avropanın tranzit sazişi üzrə tədarükünü əvəz edəcək. Müqaviləyə Azərbaycanla Rusiya arasında mübadilə sazişi də daxil ediləcək, çünki Azərbaycanın mövcud tədarükü dəyişmək üçün ixrac gücü kifayət deyil.
"Hələlik başa çatmayan sövdələşmə qiymət artımını dayandıra bilər. Buna baxmayaraq, Avropa Komissiyasl bundan öncə bəyan edib ki, regionun energetika təhlükəsizliyi tranzit sazişinin müddəti bitəndən sonra təhlükə altına düşməyəcək. Slovakiya və Avstriya Rusiya qazını boru kəməri ilə idxal etməkdə davam edən Avtopa ölkələri sırasındadır", - məqalədə deyilir.
Kommersiya sazişinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) qazı Rusiya-Ukrayna sərhəddində yerləşən Sucaya tədarük edəcək. Macarıstanın "MVM Zrt." və Slovakiyanın "Slovensky Plynarensky Priemysel AS" şirkətləri idarəçiliyi öz üzərinə götürəcək və qazı Avropaya çatdıracaq.
Jurnalistlər qeyd edir ki, istənilən kommersiya sazişi ölkənin qaz şəbəkəsi operatoruna güc ayrılmasına imkan vermək üçün Ukrayna hakimiyyəti tərəfindən siyasi dəstək tələb edəcək.
Avstriyanın OMV AG şirkəti bəyan edib ki, öz tədarük müqavilələrini diversifikasiya edib və hətta Rusiyadan qaz tədarükü dayandırılsa belə, öz müştərilərinə yanacaq çatdıracaq.
Jurnalistlər yazıb: "Bu sövdələşmə o demək olacaq ki, Ukrayna ölkəyə il ərzində 800 milyon dollar gətirən öz boru kəməri şəbəkəsindən istifadəyə görə tranzit gəlirlərini əldə etməkdə davam edəcək. Azərbaycan üçün bu saziş Avropa ilə energetika əlaqələrinin möhkəmləndirilməsi deməkdir. Xəzər dənizi ölkəsi artıq Türkiyədən keçən boru kəmərilə qitənin səkkiz ölkəsinə qaz tədarük edir".
Rusiya qazının Avropaya satışı
Müharibədən öncə "Qazprom" öz qazının üçdə bir hissəsini Avropaya tədarük edib, lakin o zamandan region tədarükün diversifikasiyasına keçib.
Avropa İttifaqı, məsələn, Norveç, Şimali Afrika, Azərbaycan da daxil olmaqla digər mənbələrə və dünya bazarından təbii maye qaza daha çox bel bağlayır.
Rusiya prezidenti Vladimir Putin Rusiya qazının Ukrayna ərazisindən tranzitinə 2025-ci ildə son qoyula biləcəyinə eyham vurub.
O cümlədən o, bəyan edib ki, Rusiyadan Ukrayna vasitəsilə qazın tədarük edilməsi üçün güc ayırmalarına artıq iyul ayında başlamaq lazım idi, ona görə də bu müddət əldən verilib.