AZ

Ermənistanın “Sülh qovşağı”: Türkiyə də bu layihəyə qoşulur?

“Ermənilərin təqdim etdiyi və qəbul etdirməyə çalışdırdıqları “Sülh qovşağı” layihəsi Azərbaycan üçün məqbul deyil”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Abutalıb Səmədov “Sülh qovşağı” layihəsi ilə əlaqədar müzakirələr çərçivəsində türkiyəli jurnalistlərin Ermənistana səfərinin planlaşdırılmasından danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan ilk təqdimatdan bu layihənin qeyri-ciddi olduğunu bəyan edir:

"Ancaq Ermənistan dayanmayıb və bu layihəni demək olar ki, hər yerdə təqdim edir, müəyyən qüvvələri öz ətrafına çəkməyə çalışır. Azərbaycanın və Türkiyənin "Sülh qovşağı" layihəsinin müzakirəsində iştirakı mümkündürmü? Əlbəttə, qeyri-mümkündür. Türkiyə bu layihədə iştirak etməyəcək. Zəngəzur dəhlizi İran sərhədinə yaxın 43 kilometrlik ərazidən keçməlidir. Azərbaycanın mövqeyi budur”.

Müsahibimiz deyib ki, digər kommunikasiyalar müzakirə oluna bilər:

“Problem ondadır ki, Ermənistan dəmir yolunun bizim istədiyimiz ərazidən keçməsinə gah razılıq verir, gah da anlaşılmaz bəyanatlar səsləndirir. İrəvana görə isə avtomobil yolu tamamilə başqa bir ərazidən keçməlidir. Təbii ki, bu, Azərbaycan tərəfindən qəbul oluna bilməz. İran Ermənistanın mövqeyini tam dəstəkləyir. Tehran Zəngəzur dəhlizinə Ermənistandan daha kəskin reaksiya verir".

Abutalıb Səmədov: Ermənistan düşünməlidir ki, Azərbaycanla bu məsələdə nə cür konsensus əldə edə bilər?

Həmsöhbətimiz vurğulayıb ki, "Ermənistanın "Sülh qovşağı"nı dəstəkləyən birinci dövlətlərdən biri İrandır:

"Türkiyə və Rusiyanın bu layihəyə dəstək verəcəyini düşünmürəm. Azərbaycan da yanaşmasını əvvəlcədən bəyan edib. Azərbaycanın dəstəkləmədiyi layihənin uğur qazanması mümkünsüzdür. Ermənistan düşünməlidir ki, Azərbaycanla bu məsələdə nə cür konsensus əldə edə bilər?".

Qeyd edək ki, “Sülh qovşağı” layihəsi (nəqliyyat dəhlizləri ilə bağlı) ilə əlaqədar müzakirələr çərçivəsində türkiyəli jurnalistlərin Ermənistana səfəri planlaşdırılır. Bunu Ermənistan baş naziri aparatının rəhbəri Araik Arutyunyan deyib. O vurğulayıb ki, İrəvan "sülh qovşağı"ilə bağlı bir neçə konfrans keçirilib:

"Bu il və ya gələn ilin əvvəlində bütün regiondan müxtəlif ekspert dairələrinin nümayəndələrinin Ermənistanda toplanmasını planlaşdırırıq. Aktual mövzu “Sülh qovşağı” olmasa da, o da müzakirə olunacaq. Yaxın vaxtlarda İrandan Ermənistana 4 günlük ekspert səfərləri olacaq, burada da “Sülh qovşağı” müzakirə ediləcək. Biz həmçinin Türkiyənin bir sıra KİV nümayəndələrinin səfərini planlaşdırırıq, bu çərçivədə də “Sülh qovşağı” təqdim olunacaq”.

Aydın Baxış

Seçilən
33
2
bakivaxti.az

2Mənbələr