AZ

“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”

ABŞ-ın “U.S. News and World Report” nəşri bugünlərdə dünyanın ən güclü ordularının reytinqini açıqlayıb. Azərbaycan siyahıda Kanada, İtaliya kimi dövlətləri qabaqlayaraq 29-cu sırada yer alıb

 

Maraqlıdır, bu statistika Prezident İlham Əliyevin də dediyi kimi, ordumuzun Vətən müharibəsindən sonra daha da inkişaf etdiyinin təsdiqi sayıla bilərmi?

 

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, ordumuzun dinamik şəkildə inkişaf etdiyini, gücləndiyini bildirib:

 

“Dünyanın ən güclü ordularının siyahısında Azərbaycan ordusunun 29-cu yerdə göstərilməsi hər birimizdə qürur hissi yaşadır. Müxtəlif siyahılar ola bilər. Meyar olaraq, Silahlı Qüvvələrin döyüş texnikası və silahlarla təminatı, şəxsi heyətin say tərkibi, döyüş qabiliyyəti, müasir texnologiyalara malik olması və s. götürülür. Azərbaycan Ordusunu digər ordulardan fərqləndirən əsas meyar isə, Vətən müharibəsində əldə etdiyi nəticələrdir. Cəmi 44 gün ərzində, son dərəcə mürəkkəb, keçilməz dağlıq şəraitdə Ermənistan ordusunu təslim olmağa məcbur etməsidir. Nəzərə almaq lazımdır ki, ermənilər 30 il ərzində çoxpilləli səngərlər qazmış, müdafiə istehkamları qurmuş, çoxsaylı minalar basdırmaqla təhlükəsizlik zolağı yaratmışdılar. Bütün sədlərin aşmasında, ən müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının tətbiqi əhəmiyyətli rol oynadı. Praktiki olaraq, Azərbaycan Silahlı Qüvvələri ilk dəfə XXI əsrin müharibəsini apardı. Təsadüfi deyil ki, bir çox döyüş əməliyyatları dünya hərb tarixinə düşdü və hərbi məktəblərdə öyrənilir. Qarabağ müharibəsində tətbiq olunan taktiki əməliyyatlar Ukrayna müharibəsində, Yaxın Şərq regionunda gedən döyüş əməliyyatlarında tətbiq olunur.

 

Siyahıda İtaliya və Kanada kimi dövlətlərin ordularını bizim ordumuzun qabaqlaması, ola bilsin texniki səhvdir. Yaxud, subyektiv yanaşmadır. Hər iki ölkə kifayət qədər güclü orduya, iqtisadiyyata malikdirlər. Siyahılarda harada olmağımızdan asılı olmayaraq, Azərbaycan xalqı Ordusu ilə, onu bu səviyyəyə çatdıran Ali Baş Komandanla fəxr edir.

 

Dünyada və regionda gedən proseslər, Silahlı Qüvələrin daim inkişaf etdirilməsini, döyüş qabiliyyətinin müntəzəm olaraq təkmilləşdirilməsini tələb edir. Prezident İlham Əliyevin də siyasətinin ana xəttini ordunun gücləndirilməsi təşkil edir. Necə deyərlər, güclü ordu, güclü dövlət deməkdir”.

 

Seymur ƏLİYEV

 

Seçilən
91
1
moderator.az

2Mənbələr