Bəzən pullarımız müxtəlif səbəblərdən yararsız vəziyyətə düşür. Çirklənmiş, zədələnmiş belə əskinasları dəyişdirmək üçün əksəriyyət adətən kommersiya banklarına üz tutur. Bu zaman bəzi maliyyə təşkilatları var ki, müəyyən komissiya tələb edirlər.
Mərkəzi Bankın Bülbül prospekti, 27 ünvanında yerləşən nağd pul ofisində isə həftənin 2-ci, 3-cü və 4-cü günləri vətəndaşların təqdim etdikləri zədələnmiş pullar yoxlanılır və dəyişdirilir.
Mərkəzi Bank haqqında qanunun 40-cı maddəsinə əsasən, tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi müddətsiz və komissiyasız həyata keçirilir.
Mərkəzi Bankın şöbə rəisi Nəsib Pənahlı deyir ki, tədavülə yararsız pul nişanları yalnız iki halda dəyişdirilir: "Pul nişanı bütöv, yaxud da bir neçə hissədən ibarət ola bilər və hissələr ardıcıllıq şəkildə tamamlamalıdır. Pul nişanları bir-birinin hissələrinin bütövlükdə 60 faizini təşkil etməlidir. Eyni zamanda pul nişanının üzərindəki iki seriya nömrəsindən ən azından biri tam şəkildə saxlanılmalıdır ki, bu pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilsin".
Qeyd edək ki, metal pul nişanlarının dəyişdirilməsi prosesləri də qanunla tənzimlənir.
Yoxlamalar zamanı təqdim olunan pulun saxta olduğu müəyyən edildikdə dəyişdirilmir və nominal dəyəri ödənilmir. Qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına göndərilir. Mərkəzi Bankdan verilən məlumata görə, təkcə ötən il ərzində 4 milyon manat məbləğində tədavülə yararsız pul dəyişdirilib.