AZ

Ötən ay fabrikində partlayış olan “Bolluq LTD” cərimələndi

“Bolluq LTD” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, 1993-cü ildə topdansatış mərkəzi kimi fəaliyyətə başlamış “Bolluq LTD” MMC-nin hazırda istehsal fabrikləri mövcuddur.

Bir müddət əvvəl “Bolluq LTD”nin Abşeron rayonu, Bakı-Sumqayıt şossesi, 13-cü kilometr ünvanında yerləşən istehsalat sahəsi FHN tərəfindən nöqsanlar aşkarlandığı üçün bağlanıb. Bundan əlavə, ötən ay "Bolluq LTD" MMC-nin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn, 5 ünvanında yerləşən istehsalat müəssisəsində partlayış baş verib və 6 nəfər xəsarət alıb. Bu şirkət ümumilikdə fəaliyyətində verdiyi nöqsan və pozuntulara görə dəfələrlə aidiyyəti qurumlar tərəfindən cəzalandırılıb. İki il əvvəl isə AQTA da bu şirkətin müəssisəsində istehsal olunan qidada uyğunsuzluq aşkarlandığı barədə məlumatlar yayıb.

Seçilən
58
49
iqtisadiyyat.az

10Mənbələr