AZ

Gürcüstandakı SEÇKİLƏR: “Rusiya müdaxilə edir, müxalifət isə…”

“Rusiya Gürcüstanın hüquq sisteminə müdaxilə edir”.

Bu fikri Yenicag.az-a açıqlamasında müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

O, Gürcüstanda keçirilən parlament seçkilərinin gözlənilənin əksinə, sakit keçməsi və bundan sonra müxalifətin atacağı addımlar fonunda fikirlərini bölüşüb.

Z. Məmmədli bildirib ki, burada region dövlətləri sabitliyə dəstək verdi:

“Qərb, yəni ABŞ Gürcüstandakı seçki prosesində fəal iştirak edirdi. Gürcüstanın Avropa İttifaqına gedən yolda ciddi dönüşün baş verdiyini gördük. Bu isə Avropa İttifaqına namizəd olan Gürcüstan üçün ciddi bir nonsensdir. Seçkilərə görə Qərb institutları tərəfindən basqılar var və bu davam edir. Region dövlətləri – Azərbaycan və Türkiyə də proseslərə biganə deyillər. Hər iki ölkə Gürcüstanda baş verən proseslərin sakit məcrada davam etməsində maraqlıdırlar, o cümlədən də Ermənistan”.

Siyasətçinin fikrincə, hər üç ölkənin dövlət başçıları qalib gəlməsi münasibəti ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib onu təbrik etdilər:

“Rusiya isə gərginlik axtarışındadır. Bütün hallarda, proses davam edir. Prokurorluq da prezident Salome Zurabişviliyi dindirməyə dəvət edib. Prezidentin həbsini istəyənlər biri də Dmitri Medvedevdir. Odur ki, Rusiya Gürcüstanın hüquq sisteminə müdaxilə edir.

Gürcüstan müxalifəti isə ayın 4-ə mitinq təyin edib. Mitinqdə müxalifətin hansı addımlar atacağı müəyyən ediləcək. Lakin proses hazırda dinc məcrada gedir. Seçki prosesi ilə bağlı ATƏT-in rəyi də çox önəmlidir. Bütün hallarda, müxalifət təslim olmayıb, ancaq Gürcüstanda proseslərin dinc şəkildə davam etməsi arzuolunandır”.

Səxavət Məmməd

Seçilən
54
yenicag.az

1Mənbələr