"Azərpoçt"un adından feysbukda stokların boşaldılması və bir ildən çox anbarda qalan, iddia olunmayan, ödənilməmiş onlayn sifarişlərin satışa çıxarılması ilə bağlı reklam mövcuddur. Hətta alış-veriş etmək istəyənlər üçün link də qeyd olunub. Bir neçə feyk hesabdan isə məlumatın doğruluğunu təsdiq edən rəylər yazılıb.
Bəs bu reklam həqiqəti əks etdirirmi?
Mövzu ilə bağlı "Azərpoçt" MMC-dən Redaktor.az-a bildirildi ki, bu cür saxta kampaniyalar vasitəsilə dələduzlar tərəfindən vətəndaşlar aldadılır və onların pul vəsaitləri mənimsənilir:
"Son dövrlər “Azərpoçt” tərəfindən sahibsiz qalan malların satışa çıxarılması təşkil olunmayıb. Bunun üçün də vətəndaşlardan bu kimi məlumatlara qarşı diqqətli olmaları, onlara cəlbedici görünən hər bir məlumatı “Azərpoçt”un 169 Çağrı mərkəzi, eləcə də rəsmi sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmələri xahiş olunur".
Qurum həmçinin sahibsiz qalan əşyaların satış şərtlərinə də aydınlıq gətirdi.
"Azərpoçt"dan verilən məlumata görə, sahibsiz hesab edilən əşyalar göndərənin və məhsulu qəbul edəcək şəxsin məxfiliyinə xələl gətirmədiyi halda satışa çıxarılmalıdır. Poçt göndərişinin içərisində aşkar edilmiş nağd pul, digər əşya və ya malların satışından əldə edilmiş vəsait çəkilmiş xərclər çıxılmaqla, dövlət büdcəsinə köçürülür. Paylanılmayan poçt göndərişlərinin açılmasını, satışını və məhv edilməsini poçt operatoru tərəfindən yaradılan və daim fəaliyyət göstərən xüsusi komissiya həyata keçirir".
Sevinc İBRAHİMZADƏ