AZ

Azərbaycanda təsdiqlənən emissiya prospektlərinin sayı rekord həddə çatıb

Bu ilin əvvəlindən Azərbaycan Mərkəzi Bankı (AMB) 54 emissiya prospektini təsdiq edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, il ərzində təsdiqlənən emissiya prospektlərinin sayında rekord göstərici, yerli kapital bazarı üçün mühüm hadisədir.

"Bu, bizim bazarın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə səhmlərin kütləvi buraxılışlarında əhəmiyyətli artım olub Əvvəlki illərdə cəmi 1-2 kütləvi səhm buraxılışı ilə məhdudlaşan bazar ötən il bu göstəricini 7-yə çatdırmışdısa, artıq bu ilin ötən dövründə 19 kütləvi təklif üsulu ilə səhm buraxılışı təsdiqlənib", - deyə AMB bəyan edib.

"Bu nailiyyətlər AMB-nin kapital bazarının inkişafını stimullaşdırmaq üçün həyata keçirdiyi düzgün siyasət və hüquqi çərçivənin gücləndirilməsi üzrə görülmüş işərin nəticəsində mümkün olub. Bazar iştirakçılarına şəffaf və dəqiq məlumatların təqdim edilməsi, prosedurların sadələşdirilməsi, stimullaşdırıcı tədbirlərin görülməsi və mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi kapital bazarına marağı artırmaqla yanaşı investorların bazara olan etibarını da gücləndirib. Nəticədə, son dövrlərdə yeni emitent və investorların bazara yönəlməsi, bazarda likvidliyin artması, müəssisələr üçün kapital cəlbinin daha əlçatan olması müşahidə olunur. Bütün bunlar isə iqtisadiyyatımızın daha dayanıqlı və şaxələndirilmiş şəkildə inkişaf etməsinə xidmət edir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, 2023-cü ildə AMB 10 milyard 638,7 milyon manat məbləğində səhm və istiqrazların dövlət qeydiyyatını həyata keçirib. Bu, 2022-ci illə müqayisədə 17,7 % çoxdur.

Bundan başqa, ötən il korporativ qiymətli kağızların kütləvi təklifi üzrə ümumi məbləği 548,2 milyon manat (34 % az) olan 34 emissiya prospekti (3 % çox) və 4 informasiya memorandumu (4 dəfə çox) təsdiq edilib.

Seçilən
23
4
sia.az

5Mənbələr