AZ

Şəhid Şahid Məmmədov Şəkinin Orta Zəyzid kəndində dəfn olunub

Birinci Qarabağ müharibəsində yaralanaraq itkin düşən, 31 ildən sonra kimliyi müəyyən edilən şəhidlərimizdən biri də Şahid Sabir oğlu Məmmədovdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlə ailəsinin yaşadığı Şəki rayonunun Orta Zəyzid kəndində vida mərasimi keçirilib. 31 ildir övlad yolu gözləyən, oğlunu axtararkən daha dörd əzizini şəhid verən Kətaim ananın intizarına son verilib.

Vida mərasimində rayon rəhbərliyi, kənd sakinləri, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Şahid Məmmədov Orta Zəyzid kənd qəbiristanlığında dəfn olunub.

Üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşı Arif Məmmədova təqdim edilib, yaylım atəşi açılıb.

Qeyd edək ki, Şahid Sabir oğlu Məmmədov 1974-cü ildə Şəkinin Orta Zəyzid kəndində anadan olub. Ailədə beş uşaq olublar. O, ailənin dördüncü övladıdır.

Orta məktəbi başa vurduqdan sonra Şahid sovet ordusu sıralarında hərbi xidmətə yollanıb. 1992-ci ildən könüllü olaraq Azərbaycan torpaqlarının müdafiəsində iştirak edib. O, Ağdərə istiqamətində döyüşlərdə iştirak edib və bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılıb.

Ağdərənin Mehmanə kəndi uğrunda gedən ağır döyüşlərdə düşmən canlı qüvvə və texnika baxımdan çox olmasına baxmayaraq, Şahid və döyüş yoldaşları ciddi müqavimət göstərərək, onları dəfələrlə geri çəkilməyə məcbur edib. Elə həmin döyüşlərin birində Şahid ağır ayaralanıb. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Onun axtarışlarına atası Sabir, Vəhbi və Cahangir Məmmədovlar, eləcə də bacısının qayınatası Fərhad Kazımov çıxıblar. Şahidi tapmaq, onun barədə məlumat əldə etmək üçün günlərlə şəxsi maşınlarında yol gediblər. 1993-cü ilin fevral ayının 28-də atası Sabir kişinin, əmiləri Vəhbi və Cahangir Məmmədovların, eləcə də bacısının qayınatası Fərhad Kazımovun olduğu avtomobil Ağdərə istiqamətində ermənilərin basdırdığı minaya düşərək, hamısı həlak olub. Sonradan onların hər birinə şəhidlik status verilib.

Şəhid qardaşının xatirəsini yaşatmaq məqsədi ilə Arif Məmmədov oğluna Şahid adını verib. Gənc Şahid Sabirli Vətən müharibəsi iştirakçısı və hazırda hərbçi kimi xidmətdədir.

Seçilən
62
1
xalqqazeti.az

2Mənbələr