Şənbə günü keçirilməli olan “Bolonya” – “Milan” oyunu təxirə salındı. Buna İtaliyanın şimal-şərqində yağan güclü yağış və daşqınlar səbəb oldu. Matçın nə vaxt keçiriləcəyi ilə bağlı qərar hələlik açıqlanmayıb. Baş tutan oyunlardan sonra isə tura ilk üç sırada başlayan komandaların yeri dəyişmədi: “Napoli” liderliyini, “İnter” 2-ci, “Yuventus” isə 3-cü yerdəki mövqeyini qorudu.
“Napoli”nin “Leççe” ilə ev oyununda büdrəmək ehtimalı minimuma bərabər idi. Gözlənildiyi kimi, neapollular bu mövsüm çox zəif təsir bağışlayan rəqibindən maksimum xal aldılar. Amma Antonio Kontenin çalışdırdığı komandanın liqanın ən zəif müdafiəyə malik olan iştirakçılarından birini yalnız bir qolla məğlub etməsi bir qədər gözlənilməz oldu. Ancaq hər halda gözlənilən qələbəni reallaşdıran “Napoli” liderliyi davam etdirdi.
Əlbəttə, futbol ictimaiyyətinin əsas diqqəti Milana yönəlmişdi. Turun bu şəhərdə keçirilən mərkəzi oyununda – İtaliya derbisində ev sahibi “İnter”in uğur qazanmaq şansı yüksək dəyərləndirilirdi. Prinsipial matçın əvvəli son çempion üçün uğurlu alındı. Rəqibindən üstün oynayan milanlılar “Yuventus”un arxa xəttini gərginlikdə saxlamaqla istəyinə çatdılar: Danilonun cərimə meydançasında Markus Türama qarşı kobudluğuna görə təyin olunan penaltini Zyelinski qola çevirdi. Amma qonaqlar erkən qola görə əsla ruhdan düşmədilər və bir neçə hücum cəhdindən sonra Vlahoviç cavab qolunu vurdu. Tyaqo Mottanın komandası bununla kifayətlənməyib 7 dəqiqə sonra Vea ilə hesabda önə keçməyi də bacardı. Sonra effektli hücum cəhdlərinin növbəsi meydan sahiblərinə çatdı. Simone İnzaqinin komandası fasiləyə qədər iki qol vurmaqla hesabda yenidən üstünlüyü ələ aldı. Fasilədən sonra da hücum planında əla görünən milanlılar Dyumfris ilə hesabı 4:2-yə çatdırdılar. “İnter” bu planda üstünlüyünü daha da artıra bilərdi. Lakin Di Qreqorionun seyvəri və Tyaqo Mottanın əvəzləmələri derbinin axarını dəyişdi. Yıldız 11 dəqiqəyə bir-birinə bənzəyən iki qol vurmaqla milanlıları qələbədən etdi. Beləliklə, dramatik futbol trilleri 4:4 hesabıyla sona çatdı və bu nəticə daha çox neapolluları sevindirdi. İnzaqinin komandası yenə liderin əsas izləyicisi kimi qaldı, amma indi “Napoli”dən 4 xal geridədi.
Paytaxt klubları fərqli nəticələr göstərdilər. “Latsio” evdə “Cenoa”ya 3:0 hesabı ilə qalib gələrək topların fərqinə əsasən 6-cı yerə yüksəldi. Romanın eyniadlı komandası isə Florensiyada darmadağına məruz qaldı. “Fiorentina” “Roma”nı 5:1 hesabıyla məğlub edərək 16 xalla 4-cü yerə çıxdı. İvan Yuriçin sentyabrdan çalışdırdığı “canavarlar” son 3 turda yalnız 1 xal qazana biliblər. Nəticədə “Roma” indi cədvəlin 11 pilləsindədi.
“Atalanta”nın da hesabında 16 xal var. “Fiorentina” kimi beqamolular da rəqibinə divan tutdular: “Verona”nı 6:1 hesabıyla darmadağın edən Can Pyero Qasperininin komandası turun ən böyükhesablı qələbəsini reallaşdırdı. Ardıcıl 3-cü qələbə “Atalanta”nı 5-ci yerə çıxardı. Əlbəttə, buna “Milan”ın oyununun baş tutmamasının şərait yaratdığını da qeyd etməliyik.
9-cu tur
Napoli – Leççe 1:0
Di Lorentso, 73. (51103)
Napoli: Meret, Olivera, Buoncorno, Rrahmani, Di Lorentso, Maktominey, Gilmor (Kvaratsxeliya, 72), Zambo Angissa, Nqonq (Politano, 57), Neres (Raspadori, 72), Lukaku (Folorunşo, 85).
Atalanta – Verona 6:1
De Roon, 6. Retegi, 9; 58. De Ketelare, 14. Lukman, 29; 34- Sarr, 42. (23015)
Atalanta: Karnesekki, Kolaşinats (Palestra, 77), Cimşiti, Hin, Rucceri, De Roon, Ederson (Bellanova, 56), Zappakosta (Paşaliç, 56), De Ketelare, Lukman (Samarciç, 56), Retegi (Zanyolo, 62).
Latsio – Cenoa 3:0
Noslin, 21. Pedro, 86. Vesino, 90+5. (40000)
Latsio: Provedel, Tavareş, Xila (Jiqo, 84), Patrik, Maruşiç, Rovella (Kastrovilli, 84), Genduzi, Noslin (Çauna, 78), Dia (Pedro, 62), İsaksen (Vesino, 62), Kastelyanos.
İnter – Yuventus 4:4
Zyelinski, 15-p.; 37-p. Mxitaryan, 35. Dyumfris, 53 - D.Vlahoviç, 20. Vea, 27. Yıldız, 71; 82. (75000)
İnter: Zommer, Dimarko (Darmian, 77), De Vrey, Pavar (Bissek, 63), A.Bastoni, Dyumfris, Barella, Mxitaryan, Zyelinski (Frattezi, 63), Lautaro Martines, M.Türam (Taremi, 77).
Yuventus: Di Qreqorio, Kabal, Danilo (Qatti, 77), Kalulu, Kambyaso, Facoli (Savona, 61), Lokatelli, Konseysao, Makkenni (K.Türam, 83), Vea (Yıldız, 61), D.Vlahoviç (Mbanqula, 77).
Fiorentina – Roma 5:1
Ken, 9; 41. Beltran, 17-p. Bove, 52. Hummels, 71-öz qapısına – Kone, 39. (20440)
Fiorentina: De Xea, Qosens, Ranyeri, Komutso, Dodo, Bove (Sottil, 66), Adli (Lisandro Martines, 74), Kataldi (Riçardson, 56), Beltran (Kuame, 66), Kolpani, Ken (İkone, 75).
Roma: Svilar, Ermoso, Ndika, Mançini (Baldantsi, 46), Anxelinyo (Kone, 72), Kristante (Zalevski, 32), Çelik, Pizilli, Lorentso Pelleqrini, Dibala (Hummels, 67), Dovbik.
Udineze – Kalyari 2:0
Lukka, 38. Devis, 78. (21095)
Torino – Komo 1:0
Njie, 75. (23571)
Parma – Empoli 1:1
Şarpantye, 80 – Kulibali, 35-öz qapısına. (17802)
Montsa – Venetsiya 2:2
Kiryakopulos, 23. Curiç, 44 – Ellertsson, 15. Svoboda, 39. (10141)
“Bolonya” – “Milan” oyunu əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
1. Napoli 9 7 1 1 16-5 22
2. İnter 9 5 3 1 21-13 18
3. Yuventus 9 4 5 0 15-5 17
4. Fiorentina 9 4 4 1 20-9 16
5. Atalanta 9 5 1 3 24-14 16
6. Latsio 9 5 1 3 17-12 16
7. Udineze 9 5 1 3 12-11 16
8. Milan 8 4 2 2 16-9 14
9. Torino 9 4 2 3 15-14 14
10. Empoli 9 2 5 2 7-6 11
11. Roma 9 2 4 3 9-11 10
12. Bolonya 8 1 6 1 9-11 9
13. Komo 9 2 3 4 11-16 9
14. Kalyari 9 2 3 4 8-15 9
15. Verona 9 3 0 6 13-21 9
16. Montsa 9 1 5 3 10-11 8
17. Parma 9 1 5 3 12-14 8
18. Cenoa 9 1 3 5 7-20 6
19. Venetsiya 9 1 2 6 7-16 5
20. Leççe 9 1 2 6 3-19 5
Bombardirlər: Retegi (Atalanta) - 10, M.Türam (İnter) - 7, D.Vlahoviç (Yuventus) - 6, Pulişiç (Milan) - 5.
Turun rəqəmi
400 – Can Pyero Qasperini “Atalanta”nın baş məşqçisi kimi yubiley sınağını verdi. Berqamo klubu onun rəhbərliyi altında bütün turnirlərdə keçirdiyi 400-cü matçında “Verona”nı 6:1 hesabıyla darmadağın etdi. 66 yaşlı mütəxəssis 2016-cı il iyulun 1-dən çalışdırdığı “Atalanta” ilə 207 qələbə qazanıb, 93 matçı heç-heçə, 100 oyunu isə məğlubiyyətlə başa vurub. Komandanın ötən mövsüm Avropa Liqasının qalibi olmaqla ilk avrokuboku muzeyinə apardığını da xatırladaq.
Turun ulduzu
Kənan Yıldız (Yuventus) - o, “İnter” ilə matçın 61-ci dəqiqəsində meydana çıxarkən komandası hesabda 2:4 geridə idi. “Yuventus” oyun planında rəqibə ciddi müqavimət göstərə bilmirdi. Lakin Kənan qazona ayaq basandan 10 dəqiqə sonra Makkenninin uzun ötürməsini tamamlayaraq fərqi minimuma endirdi. Turinlilər bu qoldan ruhlanaraq cəsarətli oyun sərgiləməyə başladılar və Yıldız bu dəfə Konseysaodan aldığı ötürmədən əla yararlanaraq “Yuventus”a xal qazandırdı. Qeyd edək ki, türk hücumçu “İnter” – “Yuventus” duellərində 19 yaş 176 günlüyündə dubl edən ən yeniyetmə futbolçu oldu.
Turun sitatı
Pyotr Zyelinski, “İnter”in yarımmüdafiəçisi:
“Nəticəyə görə hamımız məyusuq. 5-ci qolu vursaydıq böyük ehtimalla matçın sonunda qələbəyə seviəcəkdik. Bunu bacarmadıq və “Yuventus” məğlubiyyətdən qaça bildi. Bu mövsüm həddən artıq qol buraxdığımız diqqətdən yayına bilməz. Rəqiblər qapımıza asanlıqla yol tapırlar. Halbuki ötən mövsüm arxa xəttimiz kifayət qədər güclü təsir bağışlayırdı. Bu planda oyunumuzu yaxşılaşdırmalıyıq”.
Oyundan sonra
Antonio Konte, “Napoli”nin baş məşqçisi:
“Komandaya ciddi iradım yoxdu. Topa 65 faiz nəzarət etdik və qapıya 24 zərbə endirdik. “Leççe” yaxşı müdafiə olundu, biz isə daim hücum etdik. Hücumlara ara vermir və qol vura bilmirsənsə, bir qədər əsəbilik başlayır. Futbolçularımız bir az gərgin idilər. Amma anlamaq lazımdı ki, uğur üçün kamillik və təcrübə tələb olunur. Biz çox təşkilatlanmış oyun sərgiləyən rəqib üzərində qələbədən razıyıq”.