AZ

Pirallahıda genişmiqyaslı abadlıq-quruculuq və ağacəkmə aksiyaları keçirilir - FOTOLAR

Ölkəmizdə ətraf mühitin qorunması davamlı inkişaf üçün mühüm əhəmiyyət kəsb edir. Ekosistemlərin qorunması, su və torpaq resurslarının mühafizəsi, hava çirklənməsinin azaldılması bu istiqamətdə atılan addımlardan biridir.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunub.

Sözügedən Sərəncam əsasında təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün respublikada olduğu kimi, rayonumuzda da silsilə tədbirlər həyata keçirilir.  Oktyabrın 18-dən etibarən Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da agacəkmə aksiyalarına start verildi. Ölkəmizin bütün bölgələrini əhatə edən və 10 gün ərzində keçirilməsi nəzərdə tutulan aksiya zamanı rayomunuzda 18 mindən çox  ağac və kollar əkilib. 

1 noyabr 2024-cü il tarixində Pirallahı qəsəbəsində yerləşən rus, tatar və ləzgi etnik qruplarının dəfn edildiyi qədim qəbiristanlığın ətraf ərazilərində "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emin Abasov, RİH-nin  Aparatının məsul əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri iştirak edib. Tədbir zamanı ümumilikdə 300-dən çox kiparis əkilib. 

Eyni zamanda qeyd edək ki, cari ilin oktyabr ayı ərzində Bakı şəhəri və Abşeron yarımadasına yağan intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması üçün Bakı şəhəri Pirallahı rayonu ərazisində Rayon İcra Hakimiyyəti başçısının göstərişinə əsasən Fövqəladə Hallar Komissiyasının üzvləri tərəfindən monitorinqlər aparılıb. Monitorinqlər zamanı rayon ərazisində yağış suları yığılan yerlər müəyyən edilib. Əlaqələndirilmiş şəkildə müvafiq tədbirlərin görülməsi sayəsində baş vermiş təbii fəlakətin fəsadları operativ şəkildə aradan qaldırılıb. Yağış sularından zərər çəkən ərazilərdən biri də Pirallahı qəsəbəsində yerləşən rus, tatar və ləzgi etnik qruplarının dəfn edildiyi qədim qəbiristanlığın bir hissəsi olub. Ərazi yağış suları altında qalıb və qismən zərər görüb. Toplanmış yağış suyu dərhal nasos və xüsusi texnika vasitəsilə kənarlaşdırılıb. Qəbiristanlıqda eyni fəsadların gələcəkdə də baş verməməsi məqsədilə RİH başçısının tapşırığına əsasən icmaların iştirakı ilə qəbiristanlığa aid və bitişik 1,5 hektar ərazidə təmir-bərpa, abadlıq və xüsusi texnika vasitəsilə şaquli planlaşdırma işləri aparılmışdır. Belə ki, qəbiristanlığa aparan yollara 600 m³-ə yaxın karbonat materialı verilərək qrunt möhkəmləndirilib aparılan işlərin nəticəsində ərazi zibillikdən təmizlənib, qurumuş kollar kəsilərək yığışdırılıb. 

Aparılan işlərdən icma rəhbərləri və əhali məmnun qalaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qədim tarixə,  müxtəlif etnik tərkibə malik olan Pirallahı rayonunda dini və milli tolerantlıq mədəniyyəti yüksək səviyyədədir. 

Seçilən
80
2
unikal.az

3Mənbələr