AZ

Gürcüstan müxalifəti uzunmüddətli etirazlara hazırlaşır

Gürcüstan müxalifəti çadır etirazlarına hazırlaşa bilər, "Eho Kavkaza" xəbər verir.


"Dəyişikliklər Uğrunda Koalisiya”nın lideri Nika Gvaramiya sosial şəbəkələr vasitəsilə vətəndaşlara müraciət edərək çadırları bağışlamağı və ya satmağı xahiş edib. 

 

"Kimdə orta və böyük çadırlar varsa, bizimlə əlaqə saxlasın. Əgər onları bizə bağışlasanız – minnətdar olarıq, satsanız da – minnətdar olarıq. Say məhdudiyyəti yoxdur”, - Gvarammiya deyib. 


Oktyabrın 31-də  Gürcüstan prezidenti Salome Zurabişvilinin imzaladığı "Gürcü Xartiyası”na qoşulan üç siyasi birlik lideri 4 noyabrda Tbilisidə aksiya keçirmək niyyətində olduqlarını elan ediblər. Kütləvi mitinqdən əvvəl, 1 noyabrda müxalifət liderləri diplomatlarla görüşərək onlara seçkilərin saxtalaşdırıldığına dair "sübutları” təqdim etməyi planlaşdırırlar.


Daha bir siyasi birlik lideri Zurab Caparidze qarşıdakı aksiyada müxalifətin hərəkət planının elan olunacağını bildirib.


Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim partiya "Gürcü Arzusu” səslərin təxminən 54%-ni, müxalif "Dəyişikliklər Uğrunda Koalisiya” – 11%, "Vahidlik – Milli Hərəkat” – 10%, "Güclü Gürcüstan” – 8,8%, "Gaxariya Gürcüstan üçün” – 7,8% səs qazanıb.


Gürcüstan prezidenti Salome Zurabişvili, "Dəyişikliklər Uğrunda Koalisiya”, "Vahidlik-Milli Hərəkat” və "Güclü Gürcüstan” seçkilərin nəticələrini tanımayıblar. Müxalifət yeni parlamentdə işdən imtina etdiyini elan edib.


Gürcüstan prezidenti keçmiş parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı bəyanatlar çərçivəsində dindirilmək üçün prokurorluğa gəlmək niyyətində olmadığını bildirib. Salome Zurabişvili mətbuat konfransında dövlət orqanına "öz işini görməyi” tövsiyə edib.

 

N.Təbrizli


www.anews.az
Seçilən
27
anews.az

1Mənbələr