Rusiya ordusu Donbassdakı hücumunu dayandırmır və Ukraynanın Qərb müttəfiqlərinin dəstəyinin azalmasından istifadə edir.
“AzPolitika” xəbər verir ki, bunu “Bloomberg” nəşri yazıb.
Yazıda qeyd olunur ki, Rusiya qoşunlarının Ukraynanın şərqindəki hücum sürəti əvvəlki dövrlə müqayisədə xeyli artıb. Təkcə ötən həftə işğalçı qüvvələr 2024-cü ilin istənilən ayındakından daha çox ərazini ələ keçiriblər. Söhbət 200 kvadrat kilometrdən çox ərazidən gedir.
Nəşr bildirir ki, cəbhədəki vəziyyət Ukraynanın Avropa və Amerika müttəfiqlərinə müdafiəni gücləndirmək üçün təzyiqləri artırır. Jurnalistlər onu da iddia edirlər ki, Ukrayna əhalisinin 2/3 hissəsi Rusiya Federasiyası ilə sülh danışıqlarına başlamağı zəruri hesab edir: "Razumkov Mərkəzinin sentyabr ayında keçirdiyi sorğuya əsasən, sülh danışıqlarını zəruri sayanlar keçən ilin eyni dövrü ilə müqayisədə 14 faiz çoxdur".
“Bloomberg” “DeepState” portalının məlumatlarına istinadla qeyd edib ki, Rusiya avqustun 6-dan bəri Ukrayna ərazisinin 1146 kvadrat kilometrini ələ keçirib. Bu da ilin ilk yeddi ayı ilə müqayisədə təxminən 25 faiz çoxdur. Rusiya ordusu Selidovo şəhərini işğal edib və indi onun hədəfləri Donetsk vilayətində Ukraynanın müdafiəsi üçün iki mühüm logistika mərkəzi olan Pokrovsk və Kuraxovadır.
Nəşr Ukrayna Prezident administrasiyasına yaxın şəxslərə istinadla yazır ki, ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilərin nəticəsi Ukraynanı əlverişsiz şərtlərlə sülhü qəbul etməyə və ya müharibəni tək başına davam etdirməyə məcbur edə bilər. Vladimir Putin isə bu ərəfədə döyüş meydanında üstünlüyünü artırmaqda davam edir.
Materialda deyilir ki, ABŞ-nin başı indi prezident seçkiləri yarışına qarışıb. Avropa İttifaqı isə Donald Trampın mümkün qələbəsinin onlara necə təsir edəcəyini düşünür. Yəni, hamının başı seçkiyə və Trampa qarışıb, Ukrayna isə ikinci plana keçib.
“AzPolitika.info”