AZ

Mirzoyan delimitasiya adı altında Azərbaycandan 200 kvadrat kilometr ərazi qoparmaq istəyir...

Image

Afsəddin Nəbiyev: “Biz işğal edən deyil, son yüz ildə işğala məruz qalan tərəf olmuşuq”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentində çıxışında sərhədin delimitasiyası məsələsinə toxunaraq deyib ki, İrəvan suveren Ermənistan ərazisinin 29 743 kv km təşkil etməsi üçün əlindən gələni edir: “Bizim 200 kv km-dən çox ərazimiz işğal edilib, bu, bizim demarkasiya prosesi çərçivəsində həll etmək niyyətində olduğumuz məsələdir”.

Mirzoyanın sözlərinə görə, Ermənistanın nəzarəti altında olan Azərbaycan əraziləri və Azərbaycanın nəzarəti altında olan Ermənistan əraziləri var idi. Eyni zamanda, o hesab edir ki, Azərbaycanla dinc münasibətlər qurmaq olar: “Beləliklə, biz deyə bilmərik ki, aramızda hər şey gözəl idi və indi biz təhsil sahəsində qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalaya bilərik və s., bizim problemimiz var və biz bu problemi həll edirik”.

Burada diqqəti çəkən məqam odur ki, bunlar hələ də 200 kvadrat kilometr torpağın “işğal” olunduğunu deyir. Beləcə, delimitasiya adı altında Azərbaycandan 200 kvadrat kilometr ərazi qoparmaq istəyirlər.

“Mirzoyan 200 kvadrat kilometr ərazi iddiasını gündəmə gətirməklə sülh prosesinə açıq şəkildə əngəl olduqlarını sübut edir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bildirdi ki, Azərbaycan torpaq işğal etməyib: “Görünən odur ki, Ermənistanın revanşist müxalifəti Paşinyan hökumətinə ciddi təzyiq göstərir. Ona görə də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan siyasi balansı qorumaq üçün belə absurd açıqlamalar verir. Birincisi, biz heç vaxt  torpaq işğal etməmişik. İkincisi, biz işğal edən tərəf deyil, son yüz ildə işğala məruz qalan tərəf olmuşuq. Onun dediyi 200 kvadrat kilometr ərazini əhatə edən torpaqlar heç vaxt Ermənistana məxsus olmayıb. Əslində, 1920-ci illərdən  başlayaraq keçmiş SSRİ-nin siyasi rəhbərliyi Ermənistanın ərazisini böyütməklə qanunsuz olaraq Azərbaycan torpaqlarını heç bir əsas olmadan Ermənistana verib. Dilican dərəsi, İncə dərəsi, Aslanbəyli və Kəmərli kəndlərinin ərazilərindən minlərlə hektar qanunsuz olaraq Ermənistana birləşdirilib. Bu baxımdan, Ararat Mirzoyanın açıqlaması əsassız iddialardan ibarətdir. 1975-ci ilin xəritələrində də həmin ərazilərin Ermənistana məxsus olması barədə heç bir fakt yoxdur. Bu torpaqların hamısı Azərbaycana  məxsusdur. Mirzoyan 200 kvadrat kilometr ərazi iddiasını Ermənistan mediasında gündəmə gətirməklə sülh prosesinə açıq şəkildə əngəl olduqlarını sübut edir. Bütün bunları etməklə, əsas məsələni diqqətdən yayındırmağa çalışırlar. Əsas məsələ də ondan ibarətdir ki,   Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən bəndləri çıxarmalı, Azərbaycana dəymiş ziyana görə təzminat öhdəliyini öz üzərinə götürməli, Zəngəzur dəhlizini qeyd-şərtsiz açmalı, Xocalı soyqırımına görə Azərbaycan xalqından üzr istəməlidir. Yalnız bundan sonra bütöv tam sülhdən danışmaq olar. Bütün bunları görməzdən gələrək hələ də Azərbaycandan torpaq qoparmaq niyyəti əsl erməni hiyləgərliyinin bariz sübutudur. Heç bir güzəştdən söhbət gedə bilməz. Hesab edirəm ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi çərçivəsində işğal altındakı Kərki kəndinin və digər  ərazilərimizin qaytarılması da öz həllini tapacaq”.

Vidadi ORDAHALLI





Seçilən
28
baki-xeber.com

1Mənbələr