AZ

Milyonlar töküb Afrikadan ağaclar gətirməkdənsə, bunu etmək lazımdır...

Image

Sadıq Qarayev: “Bəzən xaricdən gətirilmiş bitkilərin çoxunun geni dəyişdirilmiş olur”

Son illər ölkəmizin hər yerində, o cümlədən də paytaxt Bakıda yeni parklar salınıb, yeniləri də salınır, yaşıllaşdırma işləri aparılır. Əlbəttə, bu bütün mənalarda müsbət hadisədir. 

Amma burada bir məqam var ki, yeni parklar, bağlar salınarkən, yaxud yaşıllıq bərpa edilərkən əsasən xarici ölkələrdən gətirilən ağaclara, bitki və kol növlərinə üstünlük verilir. Daha çox xarici ölkələrin iqliminə xas olan dekorativ ağac növləri gətirilib əkilir.

Amma yaxşı olar ki, başqa ölkələrdən, başqa coğrafiyalardan baha qiymətə ağaclar alıb gətirilməsi əvəzinə yerli ağac növlərindən istifadə edilsin, onlar əkib-becərilsin. Bu həm də o ağacların, bitkli növlərinin geniş şəkildə yayılmasına şərait yaradar. 

Nəzərə alsaq ki, ölkəmizdə 11-22 noyabr tarixlərində ölkəmiz COP29-a (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ev sahibliyi edəcək, eyni zamanda bu il Azərbaycanda “Yaşıl dünya naminə nəmrəylik ili” elan edilib, bu dövrdə yerli ağacların paytaxtın ayrı-ayrı yerlərində əkilib yayılması arzuolunandır.   

Bildirək ki, Azərbaycanın beş iri botaniki coğrafiya rayon var. Bunlar Lənkəran-Talış, Naxçıvan, Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı botaniki coğrafi rayonlarıdır. Bakının hər bir rayonunda bu botanik coğrafiya rayonuna aid bir kolleksiya yaratmaq olar. Böyük parklarda bu  coğrafi rayonlara xas bitkilər, ağac növləri əkmək olar. Həm yerli ağac növləri inkişaf edər, həm şəhərimizi yerli ağaclar da bəzəyər. 

“Bu parklarda həm yaşıllıq salırsan, həm yerli növlərin genefondunu saxlayırsan, həm də o botaniki coğrafi rayonların təbiətini sanki təbii bir muzey kimi nümayiş etdirirsən”

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev “Bakı-Xəbər”ə bildirdi ki, əvvəlki dövrlərdə Bakıda elə də yaşıllıq olmayıb. S.Qarayevin sözlərinə görə, bütün sahələrdə olduğu kimi, Bakının yaşıllaşdırılmasının əsasını da ulu öndər Heydər Əliyev qoyub. “O, öz çıxıəşlarında deyirdi ki, biz Bakıya gələndə, bizim dörümüzdə Bakıda elə də çox ağac yox idi, o ağacları çətinliklə saldıq. O vaxt iməciliklər keçiriblər, proqramlar tərtib ediblər və bu proqramlar əsasında Bakını fundamental, planlı şəkildə yaşıllaşdırıblar. Bakını yaşıllaşdıranda, təbii ki, yerli iqlimə uyğun ağaclar əkilib. Bilirsiz ki, Bakının quru-subtropik iqlimi var və paytaxtın quru-subtropik iqliminə hər ağac dözmür. Biri var əkəsən öz-özünə bitə, biri də var bunu becərəsən, suvarasan, kök atıb özünü tutana qədər ona baxasan, qulluq edəsən. Bu mənada Bakının yaşıllaşdırılması əsasən keçən əsrin 60-70-ci illərində daha geniş vüsət alıb. İndi bizim Bakı şəhərində, yol qıraqlarında, səkilərdə, Bakının mərkəzində, bulvarda gördüyümüz ağacların çoxu o vaxtlar əkilmiş ağaclardır. Söz yox, indi də əkirlər.

Amma mən həmişə bir şeyin əleyhinə olmuşam. Məsələn, yol qıraqlarına, səkilərə baxırıq, söhbət xüsusən də kollardan gedir. Bu yerlərdə əsasən Yapon gərməşovu deyilən kol bitkisi əkilir, həmişəyaşıl bitkidir, yaxud Şərq tuyası əkirlər. Eyni bitkilərə baxmaqdan insanların gözləri də yorulur. Məsələn, söhbət təkcə bizim yerli bitlilərdən söhbət getmir ki. Tutalım, Fransa şəhərlərində özlərinin üzüm sortlarından əkirlər, bağbanlar da yaxşı qulluq edirlər, onlar da vaxtında üzüm gətirir. Bunun həm meyvəsi dekorativdir, həm də yarpaqları, görünüşü. Yəni həm dekorativlik, həm də meyvə kimi göz oxşayır. Yaxud Baltikyanı ölkələrdə yaşıllaşdırmada meyvə tinglərindən, ağaclarından istifadəyə daha çox üstünlük verilir. Bizim Bakıda da var, görün, payızda nar nə qədər bəhrə verir. Mən bir dəfə də bu barədə yazmışdım ki, nar Bakı üçün çox tipik bir meyvədir, çox suvarma tələb etməyən, dözümlü bitkidir. Bu mənada Bakının yaşıllaşlaşdırılmasında bu cür dekorativ meyvələri olan ağaclardan istifadə edilməlidir. Onsuz da ağaclara qulluq edirsən, eyni tədbir görürsən. Buna görə də yaşıllaşdırmada yerli meyvə sortlarından - nar, alma, armud, üzüm və sairdən də istifadə etmək olar. Eyni zamanda meşədə bitən meyvələr var. Məsələn, yemşanı, əzgili, şabalıdı göstərə bilərik. Bunları əkib-becərmək olar. Şabalıdın özünün çox dekorativ iri yarpaqları var, onu Bakıda da, Abşeronda da beşərmək olar. Bizim Mərkəzi Nəbatat bağında var, yəni becərilməsi mümkündür, həmçinin də nadir bitkidir. Qafqaz əzgili də Abşeronda yaxşı bitir, yaxşı da meyvələri olur, insanlar da ondan istifadə edir. Yəni yaşıllığı salanda ora baxacaq insanların, bağbanların çəkdiyi əziyyətin, bütövlükdə dövlətin çəkdiyi xərcin faydalılıq xüsusiyyətləri də olsun. 

Bilirsiz, bəzən xaricdən gətirilmiş bitkilərin çoxunun geni dəyişdirilmiş olur. Bu bitkilər sort baxımından əlverişli, bunları əkib-becərməyin asan olduğu üçün ona maraq göstərirlər. Xaricdən gətirilən ağaclar, bitkilər çox vaxt sanki plan doldurmaq nöqteyi-nəzərindən əkilir. Amma söhbət təkcə onun xarici görnüşündən getmir. Bitkini əkəndə onun xarici görünüşü də, yarpaqlarının dekorativliyi də, meyvələrin faydalılığı da əsas götürlüməlidir. İnsan gətirib öz həyətində başdan-başa şam əkməz ki...Fikirləşər ki, bunun heç bir əhəmiyyəti də yoxdur. Həm dekorativ görünüş, həm də onun faydalılığı nəzərə alınmalıdır. Eyni zamanda da bu bitkini əkməklə onun genofondunu saxlayırsan, genefondunu çoxaldırsan. Ona görə də, Bakının yaşıllaşdırılmasında mütləq nadir bitkiləri, relik bitlikləri seçmək, istifadə etmək lazımdır. Məsələn, Bakının ayrı-ayrı yerlərində Azərbaycanın botaniki coğrafi rayonlarına uyğun olan bitkilərin əkilməsinə xüsusi diqqət yetirilməlidir. Məsələn, Naxçıvanın dağlarında bitən çox gözəl yemşanlar, başqa ağaclar var. Söhbət təkcə ağaclardan getmir. Naxçıvandakı kəklikotu bizim digər botaniki coğrafi rayonlarda bitən kəklikotundan fəqrlənir, quraqlığa dözümlüdür. Yəni onu becərmək olar. İnsan istədiyi bitkini becə bilir. Qış bulvarı tərəfdə məscidə yaxın yerlərdə çox gözəl otluq, kolluq bitkilərindən ibarət kompozisiyalar yaradıblar, park salıblar. Yəni parları həm yerli floradan olan, həm də xaricdən gətirilən tək ağaclardan yox, kollardan da ibarət kompozisiya yaratmaq olar”.

S.Qarayev bildirdi ki, Lənkəran-Talış, Naxçıvan, Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı botaniki rayonlarına aid  kompozisiya yaratmaq olar. “Tutaq ki, Bakının hansısa bir rayonunda park salınır, ora Lənkəran-Talış botaniki-coğrafi rayonuna xas flora növlərindən kompozisiya yaradılsın. Burada həm nadir bitkilər, həm yeni bitkilər olacaq, eyni zamanda dekorativ görünüşlü, uzunömürlü bitkilər olacaq. Eyni zamanda meyvəçilik baxımından, tutalım, çayotu, kəklikotu və sair salına və orada suxurlarla, xınalı qayalarla təbilətin bir parçasını yaratmaq olar. Oranı görməyə gedən məktəblilər, tələbələr də elə təsəvvür edəcəklər gedib hansısa dağa çıxıblar, orda o yerin otu da, kolu da, daşı da var, kəlikotusu da, meyvəsi də var. Bax, bu nöqteyi-nəzərdən bu parklara müxtəlif elementlər qatıb təbii olmağa yaxın bir formada hazırlamaq olar. Bununla da bu parklarda həm yaşıllıq salırsan, həm yerli növlərin genefondunu saxlayırsan, həm də o botaniki coğrafi rayonların təbiətini sanki təbii bir muzey kimi nümayiş etdirirsən” - deyə S.Qarayev bildirdi.

İradə SARIYEVA





Seçilən
25
baki-xeber.com

1Mənbələr