"Mamont" sxemi ilə fəaliyyət göstərən kiberdələduzların gəlirləri, Telegram-ın yaradıcısı Pavel Durovun mesajlaşma proqramının qaydalarını pozan istifadəçilərin IP ünvanları və telefon nömrələrini hüquq-mühafizə orqanlarına açıqlaya biləcəyini bəyan etməsindən sonra azalmağa başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə F.A.C.C.T. şirkətinə istinadən RBK məlumat yayıb.
"Mamont" sxemi 2019-cu ildə yaranıb. Bu sxem, saxta alış-veriş, mənzil rezervasiyası, ortaq səyahətlər və sair əməliyyatlarda istifadəçilərin məlumatlarını və pulunu fişinq səhifələrinə keçid vasitəsilə oğurlamağa əsaslanır. 2024-cü ildə Rusiya və MDB ölkələrində bu üsulla 1,2 milyard rubl oğurlanıb.
F.A.C.C.T.-nin məlumatına görə, bəzi dələduz qruplar Durovun bəyanatından sonra Telegram-da fəaliyyətlərini dayandırmağa başlayıblar.
"Nəticədə, Durovun bəyanatından sonra dörd həftə ərzində "Mamont" sxemi ilə çalışan dələduz qrupların gəlirləri orta hesabla 22% azalaraq 58 milyondan 45 milyon rubla düşüb", – deyə şirkət bildirib.
Nicat