"Qida toksiko infeksiyaları çox təhlükəlidir. İnsanlar öz başına əmin olmadığı, dəqiq bilmədiyi təbiətdən müxtəlif bitkilərdən və məhsullardan qida kimi istifadə etməsinlər".
Bunu Qaynarinfo-ya professor Adil Qeybulla deyib.
Professor qeyd edib ki, qida kimi istifadə olunan göbələklər geniş yetişdirilir və istəlinən marketlərdə satılır:
"Həmin göbələklərin qiyməti də alıcılıq qabiliyyətinə uyğundur. İnsanlar təbiətdən bir şey istifadə etdikdə onun təhlükəsizliyinə əmin olmalıdırlar. Bəzi bitkilər var ki, onların yarpaqları çox zəhərlidir. Bunları mütləq insanlar bilməlidirlər. Elə göbələklərin özləri də, onlardan hansını yemək olar, yaxud da hansıları yemək olmaz. Çox adam var ki, bunun fərqində deyillər".
Adil Qeybulla tövsiyyə edib ki, insanların təmizlənmiş, təhlükəsizliyinə təminat verilmiş göbələklərdən istifadə etməsi daha məqsədəuyğundur:
"Belə olmayanda bəzən ağır nəticələrə səbəb olur. Göbələk yedikdən sonra iki xanımın dünyasını dəyişməsi çox ağır faktdır. Bu onların ailələri üçün də ağırdır. Ölüm də boş bir şeydən baş verib".
Qeyd edək ki, iki gün öncə Xaçmaz rayonunda iki qadın göbələkdən zəhərlənib. 1977-ci il təvəllüdlü İlahə Bayramova və rəfiqəsi Günel Abdullayeva rayonda qonaq olarkən meşə sahəsində topladıqları göbələkdən yeyiblər və onlar Bakıya Kliniki Tibbi Mərkəzə göndərilərkən xəstələrdən İ.Bayramova yolda vəfat edib.
Bahar Rüstəmli