AZ

Uşaqlarda intihar və başqalarına zərər vermə davranışlarını necə əngəlləməliyik?

Məktəblər şagirdlərin həm fiziki, həm də emosional inkişafını qorumaq üçün effektiv dəstək sistemləri yaratmalıdırlar. Bir şagirdin, kiçik bir qrupun və ya böyük bir məktəb icmasının mənfi təsirləndiyi böhran vəziyyətləri müxtəlif səbəblərdən yarana bilər. Araşdırmalar göstərir ki, böhranın yaranmasının qarşısını almaq üçün aparılan araşdırmalara əsas müdaxilə, böhranın təsirlərini minimuma endirməyə yönəlmiş tədqiqatlara ikinci dərəcəli müdaxilə, böhrandan sonra lazım olan uzunmüddətli təkmilləşdirmə və təqib işləri isə üçüncü dərəcə müdaxilə adlanır. Bu addımlar hər bir məktəbin öz resurslarına və şərtlərinə uyğun olaraq müəyyən edilməlidir. Hər bir məktəb öz unikal ehtiyacları və resursları əsasında fərdiləşdirilmiş böhran idarəetmə prosesləri yaratmalıdır.
İntihar cəhdləri və yaxud məktəblilərin məktəbdə və ya ümumiyyətlə intihar nəticəsində ölümü mühüm böhranlardan biridirki, təəssüf ki, son günlər bununla bağlı xəbərlərlə tez-tez qarşılaşırıq. Belə ki, bir neçə gün öncə də 2009-cu il təvəllüdlü məktəbli Binə qəsəbəsində yaşadığı evdə özünü asmışdı və onun meyiti yaxınları tərəfindən aşkar edilmişdi. İntihar edən azyaşlı orta məktəbin 10-cu sinif şagirdi olub.
Ümumiyyətlə, son zamanlar məktəblilər arasında özünəqəsd və başqasına zərərvermə halları kəskin artıb. Maraqlıdır burada günahkar kimdir? Gənclərimiz cinayətə və ölümə niyə meyl edirlər?
Bu son dərəcə həssas və çətin məsələ bütün məktəbə və hətta onun ətrafına təsir edə bilər. Bu səbəbdən, məktəblərin şagirdlərinə, müəllimlərinə, idarəçilərinə və valideynlərinə lazımi dəstəyi təmin etmək üçün vəziyyətə uyğun və hərtərəfli yanaşma planları yaratması vacibdir.
Şagirdin intihara və başqalarına zərər vermək cəhdi bütün məktəb ictimaiyyətinə - tələbələrə, valideynlərə, müəllimlərə və işçilərə dərindən təsir edə bilər. Bununla belə, bu çətin dövrlərdə məktəbin dəstəkləyici çərçivəsi dözümlülük və mübarizə bacarıqlarını gücləndirməkdə təsirli olur. Bu prosesdə nələr nəzərə alınmalıdır?

Pedaqoq, müəllim Elnurə Ramazanova bildirir ki, neqativ halların qarşısının alınması üçün ailə üzvləri və məktəb kollektivi birgə çalışmalıdır:

"İntihar bütün dünya üzərində qlobal əhəmiyyətə sahib bir problemdir. Yaşından, cinsindən, cəmiyyətdəki sosial vəziyyətdən asılı olmayaraq bir insanın intihar düşüncələrində olması ciddi xəbərdarlıq əlamətidir və həmin şəxsin peşəkar psixoloji dəstək almasını tələb edir. Bu düşüncələr adətən depressiya, narahatlıq, təklik və ya çarəsizlik kimi emosional çətinliklərdən yaransa da, bəzən ciddi bir travma, travma sonrası stress pozğunluğu, itki və ya böyük dəyişiklik nəticəsində yarana bilər.
İntihar mövzusu haqqında danışarkən və ya bu barədə araşdırmalar, yazılar hazırlayarkən ən diqqət etdiyimiz və həssas yanaşdığımız mövzu uşaq intiharlarıdır. Hələ fiziki inkişafını tamamlamamış, şəxsiyyəti formalaşmamış, həyatın müxtəlif ləzzətlərini ala bilməyən bu balaca insanların bu yaşda niyə intihar etdiklərini və buna kimin səbəb olduğunu araşdırsaq, ortaya bir çox ciddi nüanslar çıxacaq.
Uşaqlığın ilk illərində ölüm gözəgörünməzlə sinonimdir. Birinci ilin sonunda körpə anası yanında olmadığı zaman onun var olmadığını düşünür. Sonrakı yaşlarda uşaq tamamilə tək olmadığını və bu gücü idarə edə biləcəyini öyrənir. 2-4 yaş arasında uşaqda bəzi düşüncələr yaranır. Bu düşüncələr 6 yaşa qədər davam edir ki, bu da hər hansı bir insana zərər vermə və ya ölüm arzularıdır. Belə düşüncələr artdığı təqdirdə vəziyyət daha da ciddiləşir. Çünki başqasının ölümünü arzulamaq, öz ölümünü düşünməkdən daha qorxulu bir vəziyyətdir.
Azyaşlı uşaqların intihar etməsinin səbəbləri nələrdir və biz onlara necə kömək etməliyik deyə soruşsaq, ilk növbədə demək lazımdır ki, belə halların minimum səviyyədə azalması üçün ilk növbədə ailə üzvlərinin, valideynlərin, daha sonra isə məktəbdə müəllimlərin, pedaqoqların, məktəb psixoloqlarının və ya ümumiyyətlə məltəb rəhbərliyinin, uşağın sosial çevrəsinin üzərinə böyük məsuliyyət düşür.
Uşaqların ölümün əsl mənasını dərk edə bilməməsi də intihara cəhd üçün risk faktorudur. Maraqlıdır ki, intihara cəhd edən azyaşlı və ya yeniyetmələrdə tez-tez psixi pozğunluq əlamətləri müşahidə olunur. Depressiya uşaqlarda və yeniyetmələrdə, eləcə də böyüklərdə mühüm risk faktorudur. İntihar eyni zamanda qeyri-adekvat problem həll etmə bacarığı, stress və ümidsizlik hissləri ilə də sıx bağlıdır.
9 yaşdan yuxarı uşaqlar ölümün dönməzliyini və mahiyyətinin tam olaraq başa düşürlər. Eyni zamanda, bu yaşlarda olan uşaqlar inkişaf baxımından çətin bir dövr olan yeniyetməlik dövrünə qədəm qoyurlar. Ağır həyat şəraiti, şəxsi amillər və gözlənilməz hadisələr bu yaşda olan uşaqlara təzyiqi artırır və nəticədə intihar riski yaradır.
Bu zaman evdə ailə üzvləri tərəfindən, məktəbdə isə müəllimləri tərəfindən uşağa yaşına uyğun izahatlar verilməlidir. Mücərrəd izahatlardan uzaq durmaq, azyaşlı uşaqlara ölümü səfər və ya yuxu kimi izah etməkdən çəkinmək lazımdır. Ona suallar verməyə və danışmağa icazə vermək, maraqlandığı mövzulara diqqət etmək və onlara ətraflı izah vermək lazımdır.
Ümumiyyətlə ölüm anlayışı uşaqlığın sonuna qədər tam formalaşmır. Yəni uşaq elə bilir ki, ölüm ancaq böyüklər üçündür. Uşaq yavaş-yavaş böyüyərək həyatın passivliyindən oyun fəaliyyətinə keçdikcə xoşagəlməz təcrübəsini oyun yoldaşlarından birinə köçürür və beləliklə, əvəzedici vasitəsilə özündən qisas alır.
Bəs başqalarına zərər vermə davranışları göstərən uşaqlar kimlərdir? Bunlar ailəsi, ətrafı, həmyaşıdları, dostları ilə ahəngdar münasibət qura bilməyən uşaqdır. Belə uşaqlar evdə və məktəbdə daim problemlər yaradır, davakar, xoşagəlməz hərəkətlər sərgiləyir, qaydaları pozur, ətrafındakı insanlara davamlı olaraq fiziki zərər verir.
Buna səbəb olan amillərə, evdə, məktəbdə və ətrafda aqressiv davranışı olan insanların olması, uşağın məişət zorakılığının şahidi olması və ya özünün zorakılığa məruz qalması, ailəsində, məktəb yoldaşları arasında, sosial çevrəsində ona qarşı iqqət və sevginin olmaması, uşağın özünə inamının olmaması, uşağın impulslarını cilovlaya bilməməsi, uşaqda anadangəlmə və ya qazanılmış üzvi pozuntuların olması, ruhi xəstəliyin olması, ana-ata ayrılığı, uşağın ana və ata ilə adekvat və balanslı ünsiyyət qura bilməməsi, daim təzyiq və məhdudiyyətlərə məruz qalması və ya əksinə olaraq, uşağa məhdudiyyətlər qoymamaq və ya məhdudiyyətləri uşağa lazımi şəkildə izah etməmək, televiziya, kompüter, internet və internet oyunları kimi müasir ünsiyyət vasitələri də nəzarətsiz istifadə edildikdə aqressiyanı artıra bilər.
Əlbəttə ki, uşaqların intihar və ya başqalarına zərər vermə davranışları sərgiləməsində bu açıqladığım məqamlar yoxdursa, nə ailə üzvləri, nə də məktəbdəki valideynləri günahkar deyillər. Amma bu halların qarşısının alınması üçün əlbəttə ki, bir sıra önləmlər alınmalıdır.
Belə ki, valideynlər ilk növbədə öz davranışları ilə övladlarına nümunə olmalıdırlar. Uşaqların olduğu mühitlərdə bir-biri iləmübahisə etməməli və bir-birlərinə heç vaxt fiziki zorakılıq göstərməməlidirlər.
Uşaq aqressiv davranışlar göstərdikdə, ilk növbədə valideynlər sakit olmalıdırlar. Uşağı dinləmək və ondan nə etdiyini sakitcə izah etmək istənilməlidir.Ona bu davranışın normal olmadığını, ətrafdakılara və dostlarına zərər verə biləcəyini, onunla eyni rəftar olunsa, bunu bəyənməyəcəyini sakit şəkildə izah etmək lazımdır.
Uşağı heç vaxt aqressiv davranışa görə döymək və ya fiziki cəza vermək olmaz. Bu cür davranışlar uşaqda düşmənçilik hissi yarada bilər və gələcəkdə daha çox aqressiv davranışlar göstərməsinə səbəb ola bilər.
Valideynlər hər fürsətdə övladına aqressiv davranışın cəmiyyətə zərərini, müsbət davranışın cəmiyyətə faydasını nümunələrlə izah etməlidir. Ana və ata aqressiv davranışa biganə qalmamalı, heç vaxt güzəştə getməməlidir.
Oyun zamanı iki uşaq arasında yarana biləcək münaqişədə onlardan hansısa birinin tərəfini tutmamalı, onlara müdaxilə etməməli, ən yaxşısı onlara problemlərini özləri həll etmək imkanı verməkdir.
Aqressiv davranışın əsas səbəbləri araşdırılmalıdır. Günahlandırma, mühakimə, alçaldıcı və mükəmməllikçi davranışlardan çəkinmək lazımdır.
Televiziya, internet və kompüter kimi kütləvi informasiya vasitələrinin uşaqlara aqressiya baxımından mənfi təsir göstərməsinə imkan verilməməlidir. Şiddətli oyunlar və şəkillər nümayiş etdirilməməlidir. Analar və atalar övladlarına kifayət qədər diqqət, sevgi, anlayış və tolerantlıq göstərməlidirlər.
Aqressiv uşaqlar idmana yönəldilməli və xüsusilə kütləvi tədbirlərdə iştiraka həvəsləndirilməlidir. Uşaq məktəbə gedirsə, o, məktəbin də sosial fəaliyyətlərinə daxil edilməli və ya mədəni-kütləvi tədbirlərdə iştirak etməlidir.
Uşağa yaşına uyğun tapşırıq və məsuliyyətlər vermək onun enerjisini müsbət şəkildə istifadə etməsində təsirli ola bilər. Uşağa aqressiv davranışlar göstərmədən qəzəbini çıxarmağa təşviq edilməlidir.
Uşaq aqressiv davranışın normal sayılan və ya təşviq edildiyi mühitlərdən uzaq tutulmalı, aqressiv davranışı olan dostları varsa, onların bir araya gəlməsinin mümkün qədər qarşısı alınmalıdır.
Ailə daxilində sərt nizam-intizam təcrübələrindən və sərt qaydalardan qaçınmaq lazımdır, lakin bu, uşağın istədiyi hər şeyi edə biləcəyi kimi qəbul edilməməlidir. Ana və ata nizam-intizamla bağlı ortaq münasibətdə razılaşaraq ardıcıl və qətiyyətli olmalıdırlar. Aqressiv uşaqlar mümkün qədər böyük qruplarla fəaliyyətlərdə iştirak etməyə təşviq edilməlidir.
Qısacası, neqativ halların qarşısının alınması və gələcəyimiz olan uşaqların sağlam mühitdə, sağlam psixologiyada böyüməsi üçün biz müəllimlərin və ailədə valideynlərin, ümumiyyətlə cəmiyyətin gələcəyini düşünən hər bir fərdin üzərinə böyüköhdəliklər düşür.  Hər kəs öz məsuliyyətini dərk edib, lazımlı tədbirlər görərsə, belə halların da qarşısı alınar".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
48
olaylar.az

10Mənbələr