Rusiyanın “Zenit” klubunun ikinci komandasının sabiq baş məşqçisi Vladislav Radimov Ramil Şeydayev haqqında maraqlı açıqlama verib.
Arena.az xəbər verir ki, Sankt-Peterburq klubunun heyətində Şeydayevin baş məşqçisi olmuş Vladislav Radimov azərbaycanlı futbolçu ilə bağlı bəzi ittihamlar da səsləndirib.
48 yaşlı mütəxəssisin Rusiyanın “Sport-Ekspress” qəzetinə geniş müsahibəsində Şeydayevlə bağlı suallara verdiyi cavablarla sizi də tanış edirik:
- Nə vaxtsa siz “Zenit-2”nin hücumçusu Ramil Şeydayevi tərifləmişdiniz. Onun Azərbaycan millisinə getməsinin Rusiya futbolu üçün itki olduğunu bildirmışdiniz. Bəs, indi hardadır həmin Şeydayev?
- Təəssüf ki, alınmadı.
- Niyə?
- Düşünürəm ki, diqqətini pul qazanmağa yönəltməsi onun səhvi idi. Mən belə başa düşürəm ki, Azərbaycan pasportuna görə ona pul vermişdilər. Qolovinin çıxış etdiyi gənclərdən ibarət komandada Şeydayev bir nömrə idi. O, Avropa çempionatının qalibi olub. Öz yaşıdları olan hücumçular arasında ən güclüsü sayılırdı.
- Şeydayev yarım mövsüm Moskva “Dinamo”sunda oynadı. Xüsusi nə iləsə yadda qalmadı.
- Bəli, Ramil ölkələr dəyişdikdən sonra özünü itirdi. “Trabzonspor”, “Jilina”, “Qarabağ”… Bütün bunlar ona mane oldu.
- Yəqin ki, şayiələr sizə qədər gəlib çatıb: vətəndaşlığı dəyişmək üçün nə qədər təklif edirlər?
- Şayiələrə görə – 500 min dollardan bir milyona qədər.
Xatırladaq ki, Azərbaycan millisinin də üzvü olan Ramil Şeydayev bu mövsümün əvvəlində “Neftçi”yə keçib. Milli komandamızın ən yaxşı üçüncü bombardiri ilə 3 illik müqavilə bağlanıb. 28 yaşlı hücumçu paytaxt komandasında 11 oyun keçirib, 3 qol və 1 assistlə yadda qalıb.
Rusiyanın “Zenit” (Sankt-Peterburq) akademiyasının yetirməsi olan Şeydayev Rusiya, Türkiyə, Slovakiya, Azərbaycan və Tailand klublarında çıxış edib. O, karyerası ərzində “Qarabağ”, “Sabah”, “Dinamo” (Moskva), “Krılya Sovetov”, “Jilina”, “Rubin”, “Zenit”, “Buriram Yunayted”, “Trabzonspor”, “Kocaelispor” kimi klubların formasını geyinib. Hücumçu Azərbaycan milli komandasında da 67 oyuna çıxıb, 10 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.
Şeydayev vaxtilə Rusiya milli komandası ilə 17 yaşlılar arasında Avropa çempionatının qalibi, 19 yaşlılar arasında isə finalçısı olub.