AZ

Ermənistan “genosid kampaniyasından” rəsmi imtina etdi...

Image

Məhərrəm Zülfüqarlı: “Ermənistanda anlamağa başlayıblar ki, qondarma soyqırım iddiası onlara xeyir gətirmir və onların gələcəyi sülhlə, Azərbaycanla münasibətlərin normallaşması ilə bağlıdır”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada (parlamentdə) bildirib ki, erməni “soyqırımının” beynəlxalq səviyyədə tanınması məsələsi Ermənistanın xarici siyasət gündəmində bir nömrəli prioritet deyil. 

Mirzoyanın sözlərinə görə, “erməni soyqırımı”nın öyrənilməsi və ya onun bir nömrəli prioritet edilməsi, təbii ki, XİN-in gündəliyində prioritet deyil. “Ermənistan Xarici İşlər Nazirliyinin bir nömrəli prioriteti Ermənistan ətrafında sülhün və sabitliyin təmin edilməsidir, bizim nəzərdən keçirdiyimiz bir nömrəli addım və istiqamət Azərbaycanla münasibətlərin normallaşdırılması prosesidir”, - deyə Mirzoyan qeyd edib.

Ermənistan rəsmən genosiddən imtina edir. Ermənistanın xarici işlər naziri bəyan edir ki, bir nömrəli prioritet sülh mühitinin yaradılması, bir nömrəli addım Azərbaycanla normallaşmadı. 

“Məqsəd də Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaq, əsasən də Rusiyanın təsir dairəsindən çıxmaqdır”

Siyasi icmalçı, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanın qondarma erməni “genosidindən” imtina edəcəyi gözlənilməz deyildi və bu onların artıq reallığı nəzərə almağa başladıqlarını göstərir. “Son vaxtlar Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların gedişində müəyyən açıqlamalar verilir, bu da hardasa danışıqlarda müəyyən müsbət irəliləyişlərin olduğundan xəbər verir. Amma tam açıqlama yoxdur. Ermənistanın xarici işlər nazirinin bu bəyanatına gəlincə, Mirzoyanın bu açıqlaması göstərir ki, artıq Ermənistan rəhbərliyi qondarma soyqırım iddiasının onlara zərər vurduğunu dərk edir. Ermənistanda anlamağa başlayıblar ki, qondarma soyqırım iddiası onlara xeyir gətirmir və onların gələcəyi sülhlə, Azərbaycanla münasibətlərin normallaşması ilə bağlıdır. Burada bununla yanaşı başqa bir variant da ola bilər. Mirzoyanın bu açıqlamasının altında hiyləgər siyasi-diplomatik gediş də dayana bilər. Yəni sülh müqaviləsi bağlayana, kommunikasiyaların açılmasına nail olana, Türkiyə ilə sərhədlər açılana qədər bu uydurma məsələni gündəmə gətirməzlər, amma fürsət düşəndə yenə də ondan danışacaqlar. Bu varinatı da diqqətdə saxlamaq lazımdır.

Bilirsiz ki, Birinci Dünya müharibəsinə aid udurma, yalan, qondarma “soyqırım” məsələsindən Ermənistan uzun müddət qardaş Türkiyəyə və Azərbaycana qarşı istifadə edib. Nazir indi bəyan edir ki, Ermənistanın xarici siyasətinin bir nömrəli prioriteti deyil”.

M.Zülfüqarlı bildirdi ki, nazir Ermənistanın xarici siyasətinin bir nömrəli prioriteti olmadığını desə də, amma birdəfəlik ondan əl çəkdiklərini deməyib. “O, bu yalanın, uydurmanın təbliğindən birdəfəlik imtina etdiklərini demir. Bilir ki, bunun heç bir əsası yoxdur. Amma erməniləri yaxşı tanıyırıq və ola bilsin, gələcəkdə bu, “bir nömrəli məsələ də” olsun. Bu bir tərəfdən erməni hiyləgərliyidir, diplomatik gedişdir. İkincisi, Ermənistanın öz havadarları ilə bir yerdə daim gündəmdə saxladığı və alətə çevirdiyi qondarma soyqırım məsələsinə diqqətlə yanaşsaq və bunu araşdırsaq burda erməni yalanları bir daha öz təsdiqini tapacaq. Dəfələrlə Türkiyə tərəfi bildirib ki, arxivlər açılmalıdır və bu işlə tarixçilər məşğul olmalıdır. Türkiyə buna hazır olsa da, Ermənistan buna heç zaman hazır da olmayıb, razı da. Çünki bilir ki, arxivlər açılanda ermənilərin öz vətənlərinə - Osmanlı imperiyasına xəyanətləri üzə çıxacaq. Bunu hamı bilsə də, amma bir daha təkrar etmək lazımdır ki, Birinci Dünya müharibəsi dövründə rus-Osmanlı cəbhəsində döyüşlər gedərkən  Türkiyə vətəndaşı olan ermənilər arxa cəbhədə ruslara kömək məqsədilə qiyam qaldırır və vətənlərinə xəyanət edirlər, dinc müsəlmanları qırırlar. Sonra isə Osmanlı ordusu ermənilərin bu qiyamını yatırmaq üçün əməliyyat həyata keçirir, nəticədə qiyamçıların bir hissəsi zərərsizləşdirlib, bir hissəsi isə Türkiyə-Suriya sərhədinə köçürülüb. Burada olmayan genosiddən danışmaq lazım deyil, erməni xəyanətindən danışmaq olar. Digər tərəfdən, əməliyyat yalnız cəbhə bölgəsində aparılıb. Yəni digər ərazilərdə yaşayan ermənilərə qarşı heç bir əməliyyat olmayıb. Amma bəzən yalan ayaq tutub yeriyir də, yeriməz də. Bu yalan uzun müddət Qərb ölkələri üçün Türkiyəni vurmaq, təzyiq altında saxlamaq üçün bir kart rolunu oynayıb. Belə bir misal var ki: Qərb ölkələri Türkiyədən nəyisə almaq, yaxud nəyisə vermək istəməyəndə qondarma “soyqırım” məsələsini ortaya atırlar. Məsələn, Türkiyə uzun müddətdir Avropa Birliyinə girmək istəyir, amma qəbul etməmək üçün şərt qoyurlar ki, sən qondarma erməni “soyqırımını” tanı, biz ondan sonra bu məsələni müzakirə edə bilərik. Bilirsiz ki, bu adi məsələ deyil, bunun arxasında Türkiyəyə qarşı böyük tələblər, ərazi, təzminat məsələsi var. Bu, Türkiyənin beynəlxalq imicinə böyük zərbə ola bilər. Buna görə də qardaş Türkiyə bu yalanlara qarşı mübarizə aparır, bunu tarixçilərin öhdəsinə buraxmağı təklif edir”. 

M.Zülfüqarlının bildirdiyinə görə, Azərbaycan qalib ölkə kimi Qafqazda güclü siyasət yeridir və belə olan halda indiki Ermənistan rəhbərliyi bilir ki, Azərbaycanla danışıqlar apararkən ölkəmiz qardaş Türkiyəyə qarşı iddia olunan bu yalanı qəbul edə bilməz. “Erməni nazirin dediyi öz yerində, amma biz öz növbəmizdə ayıq-sayıq olmalıyıq. Yəni ermənilər bu yalandan birdəfəlik əl çəkmirlər, bunu hələlik arxa plana keçirirlər. Məqsəd də Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmaq, əsasən də Rusiyanın təsir dairəsindən çıxmaqdır. Belə olan halda Azərbaycan öz dövlət maraqlarından çıxış etməlidir, qalib dövlət kimi öz tələblərinin həyata keçirilməsinə nail olmalıdır. Bu məsələdə mütləq qardaş Türkiyə ilə birlikdə olmalıdır. Yəni Ermənistan öz gerbinə Ağrı dağının şəklini qoymaqla Türkiyəyə qarşı ərazi iddiası edir. Bu beynəlxalq qanunlara, beynəlxalq prinsiplərə ziddir. Bundan başqa, öz konstitutsiyasında Qarabağı öz ərazisi kimi göstərib. Demək konstitutsiya dəyişikliyi olmalıdır. Bütün bunlara baxmayaraq, Azərbaycan da maraqlıdır ki, regonda bir daha qarşıdurma, müharibə olmasın. Ona görə də sərhədlərin müəyyən olunması, işğalda olan bəzi kəndlərin, anklav ərazi olan Kərkinin geri qaytarılması və sair məsələlər üzrə danışıqları davam etdirməliyik. Ola bilər ki, çərçivə sazişi, yaxud niyyət protokolu  imzalansın, sonradan bu danışıqlar davam etsin və mərhələ-mərhələ bunların həllinə gedilsin. Bütün hallarda iki dövlətin maraqlarına uyğundur ki, gələcəkdə hərbi əməliyyatlar olmaması üçün hansısa razılığa gəlinsin. Zəngəzur məsələsi isə Azərbaycanın prioritet məsələsidir. Bu məsələdə də Azərbaycan dayanan deyil, çünki Azərbaycanın da başqa bir variantı var. Bu da “Araz dəhlizidir”. İranlıa bağlanan müqaviləyə görə də Zəngilandan və  Cənubi Azərbaycan ərazisindən keçməklə Naxçıvana yol çəkilir. Gələcəkdə hər iki dəhlizdən istifadə etmək Azərbaycanın maraqlarına uyğundur. Hələlik Rusiyanın təsiri qaldığı üçün bu proses uzanır. Çünki Rusiya bu dəhlizi əlində saxlamağa çalışır. Ermənistan isə bu dəhlizə nəzarəti öz əlində saxlamaq istəyir. Azərbaycan haqlı olaraq bilirir ki, öz əsas hissəsindən digər ərazisi olan Naxçıvana nəqliyyat vasitələri, daşınan mallar “yaşıl dəhliz” vasitəsilə keçməlidir. Çünki biz başqa ölkəyə mal aparmırıq, başqa ölkədən mal almırıq, Azərbaycanın bir ərazisindən başqa əraziyə keçirik” - deyə M.Zülfüqarlı qeyd etdi.

O bildirdi ki, o zaman Azərbaycanın tarixi əraziləri SSRİ tərəfindən qanunsuz olaraq Ermənistana verilib. “Biz BMT-də dövlətlərin ərazi bütövlüyü məsələsinə uyğun olaraq ərazi iddiası ilə çıxış etmirik, amma burada o yanlışları aradan qaldırmaq üçün   bu cür “yaşıl dəhliz” istəyirik. Əgər bu alınmasa biz gələcəkdə başqa prinsiplə çıxış edib Azərbaycanın tarixi ərazilərinin qaytarılması məsələsini ortaya qoya bilərik” - deyə M.Zülfüqarlı qeyd etdi. 

İradə SARIYEVA





Seçilən
52
50
baki-xeber.com

10Mənbələr