AZ

Ordubadda səyyar qəbulun növbəti ünvanı Azadkənd olub - FOTO

1 noyabr 2024-cü il tarixdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən Azadkənd kəndində səyyari qəbul keçirilib. Vətəndaşları narahat edən məsələlərin yerində araşdırılması və qaldırılan problemlərin qanunauyğun şəkildə həllinə nail olunması məqsədilə təşkil edilən görüşdə İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

İlk olaraq Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsini yad etmək üçün qəbul iştirakçılarını bir dəqiqəlik sükuta dəvət edib. Sükutun ardınca 44 günlük Vətən Müharibəsinin şərəfli bir tarix olduğu vurğulanıb, müharibə nəticəsində ölkəmizin beynəlxalq imicinin daha da möhkəmləndiyi qeyd edilib.

Görüşdə Naxçıvan Muxtar Respublikasında yaradılan Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun müasir yanaşma və innovativ texnologiyaların inteqrasiyasını tətbiq edərək vətəndaş məmnuniyyətinin təmin olunmasına əhəmiyyətli töhfə verdiyindən bəhs edilib. Həmçinin 2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlər haqqında da məlumat verilib. Haliyədə Ordubad şəhərinin baş planının hazırlanması və yeni hotel tikintisi üçün işlərə başlandığı bildirilərək rayonun bəzi kəndlərində əsas və daxili yolların bərpası, eləcə də mədən sənayesi sahəsinin yenidən fəaliyyətə başlaması istiqamətində konkret addımların atıldığı diqqətə çatdırılıb.

Bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbiri haqqında söhbət açan Rayon İcra Hakimiyyətinin başçısı, qlobal miqyaslı bir tədbirə ev sahibliyi etməyin ölkə Prezidenti cənab İlham Əliyev liderliyində beynəlxalq müstəvidə qazandığımız uğurların bir göstəricisi olduğunu vurğulayıb.

Daha sonra kənd əhalisi ilə ümumi problemlər müzakirə edilib. Məşğulluq, rabitə, zərərverici heyvanlara qarşı mübarizə, tullantıların daşınması və digər problemlərlə bağlı səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Kənd sakinləri rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılmış rahat və əlverişli şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Seçilən
52
ikisahil.az

1Mənbələr