AZ

COP29 ərəfəsində 122 BMT ekspertinin 8 aylıq iqlim monitorinqinin dəhşətli nəticələri açıqlandı...

Image

Müasir dövrdə ətraf mühitin vəziyyəti, ekoloji problemlərin artması, Yer kürəsinin qlobal ekosisteminə antropogen təsirin güclənməsi ilə əlaqədar olaraq insanlarda təbii ehtiyatların səmərəsiz istifadəsinə və istehlakına yanaşmanı dəyişdirmək zərurəti yaradır. Çünki ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi-sosial aspektlərinə ciddi təsir göstərir. 

Belə bir vaxtda BMT qurumları və dünya üzrə akademik institutlarının 122 aparıcı tədqiqatçısı tərəfindən hazırlanan 2024-cü il hesabatında 8 illik monitorinq dövründə ən narahatedici nəticələr təqdim edilir. Məlumatlar iqlimin sürətlə dəyişməsi səbəbindən insan rifahı, sağlamlığı və həyatı üçün böyük təhlükələrin olduğunu göstərir. İqlim dəyişikliyi ilə bağlı sağlamlıq risklərini izləyən 15 göstəricidən 10-u narahatlıq doğuran yeni rekord göstəricilərə çatıb. 65 yaşdan yuxarı insanlar arasında istidən ölüm halları 1990-cı illərlə müqayisədə rekord səviyyədə artaraq 167 faizə çatıb. Bundan başqa, isti fiziki aktivliyə və yuxunun keyfiyyətinə də çox təsir göstərir ki, bu da öz növbəsində, fiziki və psixi sağlamlığa təsirsiz ötüşmür. Daşqınlar, quraqlıq və toz fırtınaları kimi ekstremal hava hadisələri getdikcə intensivləşir və milyonlarla insanın həyatını təhlükə altına alır. 1961-90 və 2014-23-cü illər arasında dünyada quru ərazinin 61 faizində ekstremal yağıntılı günlərin sayı artıb ki, bu da daşqın, yoluxucu xəstəliklərin yayılması və suyun çirklənməsi riskini artırır. Bununla paralel olaraq, 2023-cü ildə quru ərazinin 48 faizi ən azı bir ay ərzində ekstremal quraqlığa məruz qalıb. 1981-2010-cu illərdən quraqlıq hallarının və anomal isti dövrlərin artması 2022-ci ildə tədqiq edilən 124 ölkədə əlavə 151 milyon insanın orta və ya kəskin ərzaq çatışmazlığı ilə üzləşməsinə səbəb olub ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Yağıntıların xarakterinin dəyişməsi və temperaturun yüksəlməsi “Denge” qızdırması, malyariya, Qərbi Nil virusu ilə bağlı xəstəliklər və vibrioz kimi ölümcül yoluxucu xəstəliklərin ötürülməsinə şərait yaradır.Bu təsirləri daha da ağırlaşdıran iqlim dəyişikliyi sağlamlıq və rifahın asılı olduğu sosial və iqtisadi şəraitə təsir göstərir. Ekstremal hava hadisələrinin səbəb olduğu orta illik iqtisadi itkilər 2010-14-cü illərdən 2019-23-cü illərə qədər 23 faiz artaraq 227 milyard ABŞ dollarına çatıb.

İqlim dəyişikliyi ilə mübarizədə onillik yubanmalardan sonra sağlamlıq üçün ən ciddi təsirlərin qarşısının alınması insan fəaliyyətinin bir çox sahələrində razılaşdırılmış struktur və davamlı dəyişikliklər tələb edir. Qeyd etmək vacibdir ki, maliyyə sistemlərinin qlobal transformasiyasına da ehtiyac var. bunlar fonunda COP29 çərçivəsində həlledici qərarların qəbulu gözlənilir. Türkiyənin "Haber7" telekanalı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyasını iqlim böhranını həll etmək üçün son şans kimi qiymətləndirir. Türkiyəli ekspert Emrah Özgül BMT Baş Assambleyasının bu il sentyabrın sonunda dünyanın 143 dövləti tərəfindən təsdiq edilmiş “Gələcək naminə Pakt” sənədini xatırladıb: “Bu sənədə əsasən, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi, səhralaşma, qum-toz fırtınaları, ətraf mühitin çirklənməsi və digər ekoloji problemlər dövlətlərin təbii mühiti və inkişaf perspektivləri üçün ciddi risklər yaradır”. Ekspert vurğulayıb ki, növbəti 10 il qarşıya qoyulan məqsədlərə nail olmaq üçün çox vacibdir. Ekspert 2030-cu ilə qədər bütün dünyada bərpaolunan enerji potensialının üç dəfə artırılması və enerji səmərəliliyinin artırılmasının qlobal orta illik sürətinin iki dəfə artırılması çağırışını xatırladıb. Reportajda COP28 konfransında qazıntı yanacaq istehlakını azaltmağa hazır olduqlarını bəyan edən ölkələrin vədlərinə əməl etmədikləri, təmiz enerji mənbələrindən istifadə həcminin isə arzuolunandan çox aşağı olduğu göstərilir. Qeyd olunur ki, Azərbaycanda keçiriləcək konfransın prioritet istiqamətlərindən biri iqlim maliyyələşməsi və inkişaf etməkdə olan ölkələrdə iqlim layihələri üzrə konsensus məsələsi olacaq. Emrah Özgülün fikrincə, Azərbaycanda COP29 iştirakçıları tərəfindən müzakirə olunacaq “Yeni Kollektiv Kəmiyyət Məqsədi” sənədi müstəsna əhəmiyyət kəsb edir: “COP29-un gündəminin mühüm maddəsi həm də inkişaf etməkdə olan ölkələrə təbii fəlakətlərdən dəyən zərərin ödənilməsinə kömək məqsədilə yaradılmış İtki və Zərər Fondunun effektivliyinin artırılmasıdır”. O, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının enerji təchizatının təhlükəsizliyini strateji əhəmiyyətli məsələ kimi qəbul edən Türkiyə üçün də mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd edək ki, Bakıda keçiriləcək COP29 konfransında İtki və Zərər Fondunun necə idarə olunacağı barədə qərarın qəbul edilməsi və İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin təsdiqlənməsi planlaşdırılır. Bu, sıfır emissiyaya sağlam keçid üçün lazım olan maliyyə dəstəyinin təmin edilməsi istiqamətində əlavə imkanlar yaradacaq.

Ramil QULİYEV





Seçilən
38
baki-xeber.com

1Mənbələr