Bakıda həbsdə saxlanılan Qarabağ separatçılarının azad edilməsi üçün erməni lobbisinin COP29 ərəfəsində genişmiqyaslı kampaniya aparması müşahidə olunur. Əslində, Qarabağ separatçılarının azad olunması erməni lobbisi və digər anti-Azərbaycan qüvvələri üçün heç də hansısa önəm kəsb etmir, bəlkə də onuncu dərəcəli məsələdir.
Sadəcə, COP29 kimi mötəbər tədbirə xələl gətirmək məqsədilə belə cılız, hüquqi cəhətdən absurd bir məsələdən istifadəyə cəhd olunur.
Bəlli həqiqətdir ki, COP29 ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrdən edilən hücumlar olunur. Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib. Tədbirin məhz Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə 198 ölkənin yekdil dəstəyi alınıb. Bu, ölkəmizə dünyada olan yüksək etimadın göstəricisidir. Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlara baxmayaraq, ölkə bu mötəbər tədbiri uğurla təşkil edir, müvafiq addımlar atır. Ümumiyyətlə, Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirir. COP29 konfransının regionda ilk dəfə Azərbaycanda təşkil olunması buna ən parlaq sübut kimi qiymətləndirilə bilər. Azərbaycan ev sahibliyi edəcəyi bu tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında belə demək olarsa, körpü yaratmaq əzmindədir. Amma bu Azərbaycaan qarşı ola qüvvələri, xüsusən də erməni lobbisini ciddi şəkildə narahat edir. Anti-Azərbaycan xarakteri daşıyan bu kampaniyalarda məqsəd həmin tədbirləri gözdən salmaq, iştirakçıların sayına təsir göstərməklə onun boykot olunduğu görüntüsünü yaratmaq, bununla da ölkənin nüfuzuna xələl gətirməkdir. Belə çirkin məqsəd üçün Azərbayacna qarşı terror törədən cinayətkarların azad edilməsini tələb etmək mənəviyyatsızlıq, beynəlxalq hüquqa qarşı fəaliyyətdir. Belə mövqedən çıxış edən qüvvələr erməni lobbisinin və anti-Azərbaycan mərkəzlərin təlimatları əsasında fəaliyyət göstərirlər. Cənubi Qafqazda separatizmi dəstəkləyənlərin bu hərəkətləri Cənubi Qafqazda davamlı sülhün və sabitliyin yaranmasında maraqlı olmadıqlarını bir daha nümayiş etdirir. Onlar beynəlxalq səviyyəli, olduqca aktual problemlərin həllinə çalışan COP29 sessiyasının Bakıda keçirilməsini həzm edə bilmir.
Qarabağ separatçıları isə əməllərinə görə layiqli cəzalarını alacaqlar. Onların adı ilə başladılan kampaniya isə bu şəxslərin əslində, azadlığa çıxmasını daha da çətinləşdirir. Lakin erməni lobbisi bunun fərqinə varmaq istəmir. Bundan irəli gələrərk, məlum dairələr Bakı həbsxanalarında saxlanılan terrorçuları az qala siyasi məhbus kimi qələmə verməyə başlayıblar. İddia edirlər ki, Qarabağda yaşamış ermənilərin guya hüquqları pozulub, Azərbaycan onlara qarşı qeyri-mütənasib güc tətbiq edib. Qarabağda Ermənistan tərəfindən törədilmiş cinayətlər, Azərbaycanın mədəni irsinin dağıdılması, azərbaycanlıların oradan zorla köçürülməsi mövzularında 30 il ərzində bir kəlmə belə danışmayanlar mütəmadi olaraq Qarabağı könüllü şəkildə tərk etmiş ermənilərin müdafiəsinə qalxıb, siyasi məhbus mövzusu ilə üzərimizə hücuma keçməyə can atırlar. Bu hallar əvvəllər də olub və daim də iflasa uğrayıb. İndi də eyni halın yaşanacağı şübhəsizdir. Amma o da diqqətdən yayınmır ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edəndən sonra ölkəmizə qarşı qərəzli siyasi mövqelərin formalaşdırılması cəhdləri sistemli xarakter alıb. Həmin qüvvələr Azərbaycanda həbsdə olan erməni separatçılarının hüquqlarını müdafiə etmək adı ilə məsələni qabartmağa, müxtəlif amillər üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq imkanlarını işə salmağa çalışırlar. Azərbaycan kifayət qədər güclü mövqelərə və müxtəlif xarakterli təxribatların qarşısını almağa qadirdir. Ermənistan və havadarları COP29 ərəfəsində apardıqları informasiya təxribatlarında da uğursuzluğa düçar olacaqlar. COP29-un Azərbaycanda keçirilməsi isə həm ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində olduqca yüksək nüfuza sahib olduğunu, həm də digər istiqamətlər üzrə yüksək potensialının göstəricisidir. Bunu qəbul edə bilməyənlər, o cümlədən Qərbdən, xüsusən Fransadan Ermənistanı idarə edən qüvvələr Azərbaycan dövlətinə qarşı cinayətlər törətmiş və azərbaycanlıların qətlində iştirak edən separatçıları "siyasi məhbus" kimi qələmə verməyə çalışırlar. Amma dövlətimizə və xalqımıza qarşı misli görünməmiş cinayətlər törətmiş separatçıların cinayət əməlləri sübuta yetirilərək dünya ictimaiyyətinə çatdırılır. Belə şəkildə onların “azadlığına”çalışanlar separatçı cinayətkarları daha çətin duruma salırlar. Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, “dövlət katibi” Ruben Vardanyan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan layiqli cəzalarını çəkəcəklər. Qeyd edək ki, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən davam etdirilən cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağ separatçılarının rəhbərlərini həbs edib.
Samirə SƏFƏROVA