AZ

“101-i” hamını heyran etdi...

Milli rəqslərimizə sahib çıxaq, yoxsa marığa yatmış ermənilər “bunlar bizimdir” deyəcəklər

Keçən həftə "Röya" şadlıq sarayında keçirilən bir toy mərasimində məşhur tarzən, professor, Xalq artisti, yaşı səksəni keçmiş Vamiq Məmmədəliyevin oynadığı "101-i" rəqsi bütün iştirakçılar tərəfindən böyük maraqla izlənildi. Nə xoş ki, həmin toyda "Uzundərə", "Nəlbəki" və digər unudulmuş oyun havaları da səsləndirildi. Tanınmış alim, pedaqogika elmləri doktoru Zəhra Muradovanın rəqs etdiyi “Uzundərə” isə peşəkar rəqqasların oyun tərzindən heç nə ilə fərqlənmədi. Hətta Zəhra xanımım haqqında "yəqin əməkdar artistdir",-deyə düşünənlər də oldu. Məclis sona çatandan sonra bütün iştirakçılar toydan yüksək əhval-ruhiyyə ilə getdiklərini bildirdilər: "Çoxdandır belə gözəl toy görməmişdik"-dedilər. Deyək ki, özgə vaxt Qərb musiqisinə və bayağı mahnılara oynamağa alışmış gənclər bu toyda milli rəqslərimizi mənalı elementlərlə ifa edənlərə təəccüb və dərin maraqla tamaşa etdilər. Fikir hasil olur ki, deməli, milli rəqslərimizi gənclərimizə təbliğ edən, sevdirən yoxdur. Onlar haradan bilsinlər ki, Azərbaycanın iki yüzdən artıq milli rəqsi var.

Bir neçə gün əvvəl isə yenə Bakıdakı şadlıq saraylarından birində canlandırılan maraqlı kompozisiyalı rəqs-tamaşa sosial şəbəkələrdə gənclərin istehzası ilə qarşılanmış və bu, hətta medianın da diqqətini çəkmişdi. İndi belə kompozisiyalara klip də deyirlər. Ancaq bu rəqs-tamaşanın öz tarixi var və yaşı iki yüzə çatır.  Şadlıq sarayında Qarabağa, xüsusilə Kəlbəcər folkloruna aid qədim "Maral oyunu" canlandırılıb və sosial mediada və mətbuatda bunu təəssüf ki, lağ obyektinə çeviriblər. Çox təəssüflər olsun ki, bu rəqsi lağa qoyanlar arasında savadlı şəxslər - aktyor və müğənnilər də var.  Bu, ona dəlalət edir ki, bir çox el adətləri, folklorumuz yavaş-yavaş unudulur, milli musiqimizə qulaq asmayan cavanların sayı getdikcə artır. Bəlkə də gənclərin bunu bilməməsinin günahı elm, təhsil, media və mədəniyyət xadimlərinin üzərindədir. Lakin aktyor və müğənnilərin bunu bilməməsinin özü acı gülüş doğurur. Necə olur ki, hətta peşəkarlar belə milli rəqslərimizdən bixəbər olur?

Haqqında danışdığımız rəqs “Maral oyunu” adlanır. Qarabağ bölgəsində toylarda, xüsusilə Novruz bayramında oynanılan rəqs növüdür. Ən çox də Kəlbəcər bölgəsində demək olar ki, bütün toylarda və bayramlarda bu oyun daha çox populyar olub və kəlbəcərlilər öz yaddaşlarında hələ də onu yaşadırlar.

Nəql edirlər ki, Qarabağda sənətkarların peşəkarlığı, xüsusi istedad və qabiliyyəti toylarda və məclislərdə musiqiçilərin və müğənnilərin ifa etdikləri zaman quşların, heyvanların “reaksiyası” ilə ölçülərdi. Məsələn, Keçəçi oğlu Məhəmməd haqqında danışırlar ki, o, Şuşanın məşhur Cıdır düzündə oxuyanda bir dəstə bülbül daim onun oturduğu yerdəki ağacın budaqlarına qonub dinləyirmişlər. Yaxud, “tarın atası” sayılan Sadıqcan tarda ifa edəndə, qumru quşları başının üstündə dövrə vurub qanadlarını uçaraqda tara toxundururmuşlar. Bu hərəkətləri ilə quşlar sanki mahnıya heyranlıqlarını bildirirmişlər. Xalq arasında belə hadisələr haqqında çoxlu rəvayətlər söylənilirdi.

Qarabağda toy zamanı dəvət edilən sənətkarlar öz gözəl ifaları ilə maral, ceyran, cüyür kimi heyvanların, bülbül, qumru, durna kimi quşların şadlıq keçirilən yerə yaxınlaşmasına səbəb olurdularsa, onlara üçqat artıq nəmər verilirdi. Başqa bir rəvayətdə danışırlar ki, Kəlbəcərdə qurulan bir toyda zurnaçılar dəstəsi qara zurnada elə məharətlə ifa edirmişlər ki, maral bu həzin musiqini dinləmək üçün ayaq saxlayırmış. Ətrafa boylana-boylana qalan maralın hərəkətləri onun sanki rəqs etdiyini göstərirmiş. Sonra maral yerə yataraq başını o yana-bu yana əyməklə sanki, nazlanır və musiqidən zövq aldığını anladırmış. Məhz o dövrdən də toylarda, bayramlarda “Maral oyunu” oynamaq adət düşür…Kəlbəcər toylarında bu rəqs gəlin gələrkən ifa edilirdi. Toy iştirakçıları bu tamaşa-oyunu seyr etdikdən sonra gəlinin ayağı altında qurban kəsilər və sonra o, evə daxil olardı.

Qarabağda bu rəqs “Maral oyunu”nundan əlavə “Keyik oyunu” və ya “Dəvə oyunu” kimi də tanınmışdır. Bu qədim rəqsi Bakıda toyda görəndə çoxları sevindi, sanki gözləmədikləri halda qiymətli nəsə tapdılar. Demək, folklorumuzun incilərini unutmayan insanlar hələ var...

Yaxşı olar ki, Mədəniyyət Nazirliyi, televiziya kanalları, folklorçular bu və digər unudulmaqda olan nümunələr haqqında proqramlar hazırlayıb ekranlara çıxarsınlar, yaşlı nənə-babalarımızın yaddaşını vərəqləsinlər, xatirələrini təqdim etsinlər, əyləncəli verilişlərdə süjetlər versinlər, milli musiqimizi gənclərə sevdirməyə çalışsınlar. Bakıdakı şadlıq saraylarından gətirdiyimiz iki fakt göstərir ki, gənclərimiz milli musiqimizdən ona görə aralı düşürlər ki, bu milli sərvətimiz qədərincə təbliğ olunmur.  Biz bunları etməsək günlərin birində marığa yatmış ermənilər onları özlərininki elan edəcəklər. Çünki bu, onların köhnə peşəsidir. Hayların mətbəximizdən tutmuş mədəniyyətimizə, incəsənətimizə, tarixi abidələrimizə qədər bütün milli sərvətimizə iddia etdiklərini çox görmüşük. Gəlin, daha görməyək, zəngin mədəniyyətimizə, musiqi xəzinəmizə sahib çıxaq.

Vəli İlyasov, “İki sahil”

Seçilən
50
ikisahil.az

1Mənbələr